"Ermənilər yaxın günlərdə mühasirədə qalacaq" - AÇIQLAMA

"Ermənilər yaxın günlərdə mühasirədə qalacaq" - AÇIQLAMA 

Xilaskar Azərbaycan Ordusunun qalibiyyət yürüşünün yeni bir mərhələsi başlayıb.

Bu barədə Azərbaycan Demokratiya və Rifah Hərəkatının sədri Qubad İbadoğlu deyib.


Q.İbadoğlu qeyd edib ki, oktyabrın 14-də Xocavənd və Füzuli rayonunun bir sıra kənd və yüksəkliklərini işqaldan azad edən rəşadətli ordumuz yenilməzliyi düşmənə bir daha nümayiş etdirdi: "Müzəffər ordumuzun Hadrutdan şimal istiqamətində irəliləməsi nəticəsində heç şübhəsiz ki, ermənilərin Xocavənd və Füzuli rayonları ərazisindəki mövqelərini zəiflədib. Bu gedişlə ermənilər (əgər varsa) yaxın günlərdə ya Qozluçay dərəsində mühasirədə qalacaq, ya da canlarını qurtarmaq üçün həmin ərazilərdən Qarabağın içərisinə doğru qaçacaqlar. Hazırkı mövqeləri foto bölməsində təqdim etdiyim xəritələrdən izləyə bilərsiniz. Xatırladım ki, hələ 1-ci Qarabağ müharibəsində şiddətli döyüşlər Hadrutun Məlikcan, Cəbrayıl rayonunun Şişqaya, Füzuli rayonun Məngələnata və Uryandağ yüksəklikləri uğrunda olmuşdu. O zaman Məlikcandan atılan qrad atəşləri Qozluçay dərəsində yerləşən kəndlərdə yaşayan xeyli günahsız insanların, dinc sakinlərin həyatına son qoymuşdu. Bu yüksəklikdə mövqelərin möhkəmlənməsi Füzulinin Saracıq, Yuxarı Rəfədinli, Aşağı Rəfədinli, Aşağı Güzlək, Böyük Pirəhmədli, Mandı, Musabəyli, Dödr Çinar, Mollavəli, Qocaqəhmədli, Sərdərli, Yal Pirəhmədli, Qarğabazar və Cuvarlı kəndlərinin də işğaldan azad edilməsi imkanlarını artırıb. Bununla yanaşı, Məngələnata və Uryandağ yüksəkliklərini də fəth etməsi ermənilərin ilk gündən boşaltdığı Füzuli rayon mərkəzində də Azərbaycan bayrağını dalğalandıracaq və rəşadətli əsgərlərimizin Qırmızı Bazar vasitəsilə Şuşaya doğru irələməsinə imkan verəcək.

Bütün bu nailiyyətlər Silahlı Qüvvələrimizi xalqımızın nicat yerinə, qürur mənbəyinə çevririr və Böyük Qələbənin çox da uzaqda olmadığına dərin inam yaradır".



O bildirib ki, Ermənistan ordusunun artıq döyüş qabiliyyətini itirməsi, iflic vəziyyətinə düşməsi fonunda xilaskar Azərbaycan ordusunun qalibiyyət yürüşləri çoxaldıqca xaricdə Azərbaycanın uğurlarını həzm edə bilməyən qüvvələr daha çox riyakarlıq edir və narahatlıq keçirirlər: "Bunu xüsusilə də erməni lobbisinin güclü olduğu Rusiya, Fransa və ABŞ-da getdikcə daha yaxından müşahidə etmək olur. Dünən Moskvadan gələn mesajlar sülməramlı qüvvələr adı ilə rus qoşunlarının təmas xəttinə gətirilməsi üçün çalışmaların mövcudluğundan xəbər verir. Hesab edirəm ki, əsla buna yol vermək olmaz. Fransa parlamentinə "Dağlıq Qarabağ Respublikası"nı tanımaq üçün təqdim edilən Qanun layihəsi də bu ölkənin bitərəfli qaydada Ermənistana dəstəyinin ifadəsi və gələcək sülh danışıqlarına indidən pəl vurulması, eləcə də Minsk Qrpunun həmsədri olaraq vasitəçilik missiyasına olan inamın itirilməsi kimi dəyərləndirilə bilər.

Nəhayət, ABŞ-da demokratların namizədi Joe Bidenin açıqlamasından sonra dövlət katibi Mayk Pompeanın sərgilədiyi mövqe onu göstərir ki, əslində bu ölkədə baş verənlərlər yaxınlaşan seçkilər arasından birbaşa əlaqə mövcuddur. Seçkiqabağı erməni elektoratının səsini qazanmaq istəyən Biden hətta seçilsə belə Azərbaycan və Türkiyəyə qarşı dediklərini edə bilməyəcək. ABŞ dərin dövlətində belə nümunələri çox görmüşük. Seçkidən əvvəl verilən vədlər adətən seçiləndən sonra icra olunmur. Fikrimcə, nə ABŞ-dan, nə də Fransadan əndişələnməyə dəymir.

Rusiyaya gəlincə, onların imkanları əvvəlki kimi geniş deyildir, daxili sosial-iqtisadi problemlər, xarici siyasi təzyiqlər, hərbidə texnoloji gerilik, bölgədə itirilən nüfuz Rusiyanın imkanlarını xeyli məhdudlaşdırır. Ona görə də Rusiyanın Türkiyə və Azərbaycanla ciddi münaqişəyə gedəcəyi ağlaban görsənmir. Odur ki, yeni tarix yazan, rəşadətli əsgərlərimizə dualarınızı əsirgəməyin!"

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi