“Əsas narkobaronları tapmaq lazımdır” – Hüquqşünasdan çağırış

“Əsas narkobaronları tapmaq lazımdır” – Hüquqşünasdan çağırış 

Daxili İşlər Nazirliyi (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən paytaxt və bölgələrdə son 14 gün ərzində keçirilən əməliyyatlar zamanı ölkə ərazisinə qaçaqmalçılıq yolu ilə külli miqdarda narkotik maddələr keçirən və onlayn, eləcə də digər üsullarla narkotiklərin satışını təşkil edən mütəşəkkil dəstənin daha 29 nəfər üzvü saxlanılıb.

Mövzu ilə bağlı durumu Yenisabah.az-a şərh edən hüquqşünas, kriminalist Şəmsəddin Əliyev bildirib ki, narkomanları bölgələrə bölmək doğru deyil və mübarizəyə köklənmək daha düzgün yanaşmadır:

“Narkomanları bölgələrə görə bölüb müdafiə etmək doğru deyil. Biz bunu bölgələrə bölsək mübarizənin səmti dəyişə bilər. Bakının müxtəlif bölgələrində, Sumqayıtda narkomaniya geniş vüsət alsa da, mübarizə də var. 

Daxili İşlər Nazirliyinin tarixində son 3 il ərzində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı mübarizə bu həddə olmayıb. Deməli narkotik vasitələr ölkəyə gətirilir, var və bunun qarşısını almaq üçün aidiyyatı qurumlar əllərindən gələni edirlər. 

Bu barədə kifayət qədər məlumat bankı var və bu məlumatlar da xalqdadır. Bu sosial bəlanın aradan qaldırılması üçün həm hüquq-mühafizə orqanları, həm də vətəndaş cəmiyyəti ciddi səy göstərməlidir. Lənkəranda bu cür hallar daha çoxdur, çünki dini, kitabı, Allahı, qanı bir dövlətlə qonşuyuq. Dəfələrlə Dövlət Sərhəd Xidməti və digər qurumlar o taydan bu taya keçirilən narkotik vasitələrin qarşısını xüsusi əməliyyatlarla alıblar. Hətta bu bəzən onların sağlamlığı bahasına başa gəlib, güllə yarası alıblar. Amma nə edəsən ki, bunun qarşısı tam alınmır. 

Kifayət qədər narkobaronlar var ki, onlar bu işin başında dururlar, tutulanlar isə xırda, pula gedən şəxslərdir. Əsas baronları tapmaq lazımdır. Bu bütün dünyada belədir. Birləşmiş Millətlər Təşkilatının bu sahədəki qurumları çox gözəl bilirlər ki, bazar haradadır. O bazar bağlanmır, çünki həmin bazar kifayət qədər inkişaf etmiş dövlətlərin çətiri altında fəaliyyət göstərir. Bunun çox böyük tarixi var. Narkotik vasitələrin satışında kifayət qədər pul var. Onların bank hesabları, cəbbəxanaları var, ona görə də onlarla mübarizə ölkə daxilində çox çətindir”.

Ş.Əliyev bildirib ki, narkotik vasitələrin satışında artıq qadınların da adının hallanması acınacaqlı haldır:

“Fikir verin, məsuliyyətə cəlb olunanlar narkotik vasitələri istifadə edənlər, satışı ilə məşğul olan xanımlar da var. Burada qadınların da olması təşviş doğuran haldır. Artıq həyəcan təbili çalınmalıdır. Niyə bu mövzularda qadın olmalıdır? Onlar zərif cinsdir, niyə narkotik vasitələrin satışında adı hallanmalıdır? Təbii ki, burada müəyyən faktorlar, kriteriyalar var ki, insanlar buna gedirlər. Vətəndaşların bu işə cəlb olunması üçün kifayət qədər qüvvələr var”.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi