Fazil Mustafa: “Nəzir də, nəzir qutusu da narkomaniyadır”
Azərbaycanda dini məsələlərlə bağlı yeni qanun layihəsi hazırlanır. Yeni qanun layihəsinə görə, axundların məscidlərə təyinatı Qafqaz Müsəlmanları İdarəsinin əlindən alınaraq Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə verilməlidir.
Eyni zamanda, ziyarətgahlara nəzarət funksiyasının da dövlət qurumunun sərəncamına verilməsi planlaşdırılır. Üstəlik, nəzir qutularına nəzarət olunacaq.
Böyük Quruluş Partiyasının (BQP) sədri Fazil Mustafanın aktual bir mövzu barəsində müsahibəsini təqdim edirik:
- Fazil bəy, nəzir qutuları ilə bağlı nüansların yeni qanun layihəsinə daxil edilməsinə münasibətiniz necədir?
- Ümumiyyətlə, İslam dinində nəzir qutusu, nəzirvermə anlayışları yoxdur. Ola bilsin ki, insanlar dini başa düşmürlər. Nəzirvermə anlayışını hansı dindən götürüblər?! Əgər dinləri İslamdırsa, İslamda nəzir, nəzirvermə anlayışı mövcud deyil. Dinləri xristiandırsa, gedib kilsədə şam yandırmalıdırlar. Dualarını etdikdən sonra qayıdıb evlərinə gəlməlidirlər. Hətta duanın özündə də hər hansı bir maddi tələb yoxdur. Əlini göyə qaldırmadan da ürəyində Allaha dua edə bilərsən. Deməli, nəzir məsələsi İslamda, xristianlıqda, qriqoryanlıqda yoxdur. Bəs, bu nə dinidir?! Cahil insanların 100, 200, 500 ildir başlarını yeyib aldadıblar ki, sən nəzir verməlisən. Niyə verməlidirlər?! Müasir dövrdə ianə forması var. İanəni də ona görə verirlər ki, məscidlərin, insanların ibadət yerlərinin işıqpulu, qazpulu problemləri olur, onları həll etmək üçün. Yəni, məscidi qorumaq üçün bu addımı atırlar. Biri “mənim şəxsi problemlərim həll olunacaq” – deyib Mirmövsüm ağanın qəbrinin üstünə qaçır. Digəri dağın başında üzərinə yaylıq örtülmüş bir pirin üzərinə yüyürür. Bir başqası əlinə əski parçası götürüb ağaca bağlayır ki, niyyətim yerinə yetəcək. Bunların hamısı cəhalət elementləridir. 21-ci əsrdə Azərbaycan insanının bunu etməsi cəhalətdən xəbər verir. Ola bilsin ki, hansısa yüz nəfərlik bir sekta bunu etsin. Bu, Avropada da, Amerikada da var. Psixoloji durumu pozulmuş xeyli insanlar olur ki, bunlar birləşirlər. Məsələn, tutaq ki, Corctaunda bir təriqət var idi, sonra hamısı özlərinə qəsd edərək öldürdülər. Bu cür rituallar həmin təriqətləri ayaqda saxlamaq üçün bir vasitədir. Azərbaycan xalqında isə bu, bütünlüklə belədir; sanki nəzir verməsələr, olmaz. Allahla müqavilə bağlayırlar ki, bu işim həll olunsun, qurban kəsəcəyəm. Bu cür absurd məsələnin qanunvericiliyə gətirilməsini də məqbul saymıram. Ümumiyyətlə, bu cür terminlərin qanunvericiliyə gətirilməsinin tərəfdarı deyiləm. “Nəzir qutusu” ifadəsinin özü tamamilə yanlışdır.
- Bəs, dində “nəzir” anlayışına alternativ nələr var?
- Dində zəkat var, vəssalam! Bir də sədəqə anlayışı mövcuddur. Sədəqə cəmiyyətin yoxsullarının hədsiz dərəcədə yoxsullaşmaması üçün varlılar üzərində mənəvi tələbin qoyulmasıdır. Onun da yoxlanışı yoxdur, yəni, nə qədər sədəqə verəcəyin özündən asılıdır. İnsan özü mənəvi cəhətdən baxır ki, gəliri artıqdır, deyir, bundan bir az da qonşuya, kasıba verim. Ona görə sədəqə verilir ki, kasıblar acından ölməsin, cəmiyyətdə düzən pozulmasın. Zəkat da mənəvi məsuliyyətdir. Filan maldan filan qədər zəkat verilməsini Allahu-təala buyurur. Yəni, tövsiyə edir. Bunu verməyə də bilərsən. Yəni, sənin üçün məcburiyyət deyil. Əgər sən doğrudan da əməlisaleh, düzgün adamsansa, yenə də Allah qatında qiymət verilirsə, sənin savablarının sayı günahlarından çox olacaq. Ona görə də qanunvericilik vasitəsi ilə olsa da biz cəmiyyəti cəhalətdən çıxarmalıyıq. Bunlar real ictimai münasibətlərdir, amma real ictimai münasibətlər bütün sahələrdə var. Bu kimi tendensiyalar insan alverində və başqa sahələrdə də mövcuddur. İndi bunların hamısı ilə bağlı prosedurları tənzimləmə kimi qarşısımızda hər hansı bir tələb yoxdur.
- Yeni qanun layihəsində dini icmaların qeydiyyat məsələsinə münasibətiniz necədir?
- Dövlətin dini icmaların qeydiyyatı məsələsinə qarışması lazımdır. Ona görə lazımdır ki, çox vaxt dini icmalar inanc məsələsinə görə yaradılmır. Onların yaradılma səbəbi bir çox hallarda siyasi məqsədlərdir. Siyasi məqsədlərlə yaradıldığına görə dini fəaliyyətdən daha çox siyasi fəaliyyətə yönəlirlər. Belə bir vəziyyətdə dövlət mütləq nəzarət qoymalıdır ki, başqa ölkələrdə yaşananlar Azərbaycanda yaşanmasın. Çünki cəhalətin ən acınacaqlı forması dindən gəlir. Lap çoxdandır ki, Azərbaycanda İslam dini bu və ya digər formada yoxdur. Əvvəllər hamı elə bilirdi ki, bu, İrandan gəlir. Xeyr, elə Ərəbistandan, Türkiyədən, İrandan və başqa yerlərdən gələn də eyni cəhalətin, eyni aqressivliyin daşıyıcısıdır. Ona görə də biz onları nəzarətdə saxlamalıyıq. İslam insanın şəxsi əxlaqı, mənəviyyatı ilə bağlı olan bir məsələdir. Çoxu gözə soxmaq üçün bu ibadəti edir. Həmin insanlar yaxınında, çevrəsində olan insanların təqdirini qazanmaq, mömin görünmək üçün belə edirlər. Hansı ölkədə Azərbaycandakı qədər hacı, hacıxanım, kərbəlayi, məşhədi var?! Heç birində! Saxtakar olmayan adam elə öz adı ilə çıxış edər də! Adama deyərlər ki, sənin ibadətinin mənə nə dəxli?! O, sənin fərdi məsələndir. Niyə adının qabağına “hacı”, “hacıxanım” yazdırır? Deməli, problem başqadır. Bu, Allaha göstərmək üçün deyil, cəmiyyətə göstərmək üçündür. Özünü Allaha göstərməyə ehtiyac yoxdur. Onsuz da Allah sənin gerçək inanc sahibi olub-olmadığını bilir. Amma cəmiyyətə göstərməyə başlayanda hoqqabazlıq, saxtakarlıq, dələduzluq özünü büruzə verir. Həm də bütün bunlar artmağa başlayır.
- Axundların məscidlərə təyinatının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin ixtiyarına verilməsi məsələsinə necə baxırsınız?
- Buna normal baxıram. Söylədiyim kimi, bütün məsələlərdə dövlətin nəzarəti olmalıdır. Biz dünyəvi dövlətik. Dünyəvi dövlətlərdə din dövlətdən ayrıdır. Yəni, dinin yeri ayrıdır, amma bir çox hallarda din dövlət üçün təhlükəyə çevrilməyə başlayır. Ona görə yox ki, Azərbaycanda bunu istəyirlər. Xeyr! Təsəvvür edin, Azərbaycanda nə qədər xümspulu yığılır və başqa ölkəyə göndərilir. Niyə göndərilməlidir?! Bu, artıq kəşfiyyat məsələsidir. Azərbaycanda ortaya “İmam Mehdi” çıxmışdı. Nə qədər sahibkarın cənnətdə yer almaq adı ilə 30-40 min pulunu almışdı. Hətta bəzilərinin yaxınlarını da siğə etmişdi. Həmin adamı hüquq-mühafizə orqanları yaxalamışdılar. Mən faktdan danışıram. Belə cahillik olmaz. Hansı ölkədə məscidin üzərində bayraq var?! Sən kimsən ki, məscidin üzərinə Azərbaycan bayrağından fərqli bayraq asırsan?! Dində bayraq anlayışı yoxdur. Əməvilərin bayrağı ayrıdır, Abbasilərin də bayrağı fərqlidir. O asılanlar rejimlərin bayraqlarıdır. Həmin rejimlər tarix boyu olub. Sən hansı rejimi tarixdən, yeddinci əsrdən gətirib buraya salırsan?! Üstəlik, digər dinlərin nümayəndələrini də qəbul etmirsən ki, bu, xristiandır, bu, yəhudidir. Səhər duranda işığı yandırıb namazını qılırsan. O zaman namaz qılmaq üçün işığı yandırma də... İşığı da bir xristian kəşf edib. O zaman telefonla danışma, dəvənin üstündə gəz də... Deməli, sən müasir dünyanın içərisindəsənsə, dini də müasir anlayışla təbliğ etməlisən. Eyni zamanda, onu yaşamalısan. Hamı bankdan kredit götürür, iş görür. Sən də dindaram, faiz götürmürəm deyirsən. Bunlar yeni dünyanın tələbləridir. Həmin qaydaları tətbiq edən, köhnəliyi əsas götürən İrana, İraqa, Əfqanıstana, Ərəbistana baxın, hansı gerçək İslamı yaşayır?!
- Fazil bəy, bizdə nəzir qutuları “adət” halını alıb. Bəlkə dövlət indiki mərhələdə nəzir qutularının qarşısını ala bilmədiyi üçün prosesi elektron sistemə keçirir? Bəlkə də xaricə gedən pulların qarşısını almaq üçün bu cür tədbirlər görür?
- Xaricə gedən pulları bu cür cilovlamırlar. Bunun yolları var. Sadəcə olaraq onu cilovlamağa maraq yoxdur. Bununla bağlı ciddi səviyyədə məşğul olsalar, onu kifayət qədər həyata keçirmək mümkündür. İndi narkomaniya da adət halını alıb. Dövlət niyə narkomaniyanın qarşısını almaq üçün tədbirlər görür?! Nəzir də, nəzir qutusu da narkomaniyadır. Bunun başqa adı yoxdur. İnsan beynində düşünür ki, bunu etməklə rahatlayacağam. Narkotiki çəkən də bu cür düşünür. Deyir ki, bunu çəksəm, rahatlaşacağam, özümü yaxşı hiss edəcəyəm. Nəzir verən insan da belədir, deyir ki, artıq nəzirimi verdim, nə qədər pis əməl var, hamısını edə bilərəm. Deyirlər ki, “artıq nəzirim çatıb...” Narkoman da elə bu cür düşünür. Ona görə də nəzir anlayışı narkomaniyanın bir növüdür. Biz də inanclı insanlarıq. Biz də ibadətimizi edirik. Nə olsun?! Mən niyə bunu başqası üçün etməliyəm?! Mən bu seçimi öz mənəvi yaşamım üçün edirəm, başqaları üçün bunu niyə göstərməliyəm?! Mən də Həcc ziyarətində olmuşam. Başqaları kimi bəs mən niyə hacı olduğumu demirəm?! Hacı olduğunuzu kimin gözünə soxursunuz?! Bizim borcumuz cəmiyyəti tərbiyələndirməkdir. Gerçək İslamı izah etməkdir. Hamı İslamın vəhşilik, cihad tərəfini götürür. Ağlı başında olan adam ancaq yaxşı tərəfini götürər. Həmin sözləri yaxşı yönə yönəltməyə çalışar. Niyə hamısı kəskin yönə, aqressiyaya yönəldər?! Aqressiyaya yönələn də “Taliban” düşüncəlidir, musiqi alətini hamının gözü qarşısında yandırır. Sonra gedib evində musiqi də çaldırır, oğlanlarla da, qızlarla da gününü keçirir. Sonra da ağzını yaxalayıb məsciddə İslam dininin əxlaqından danışmağa başlayır. Bu gün də şeyx nəsrullahlar ölməyib, 150 il qabaq nə idisə, indi də odur. 20-ci əsrin əvvəllərində bir az idi, indi bizdə şeyx nəsrullahların sayı 10 qat, 20 qat artıb. İndi biz onlara göz yummalıyıq, xeyr! Bizim borcumuz əsl İslamı təbliğ etməkdir. İnsanlar daha sağlam İslam inancına sahib olmalıdırlar. Amma bu, insanların şəxsinə, özünə aid olan məsələdir. Biri mahnı oxuyanda, söz deyəndə hamı Allahın vəkili kimi onun üstünə tökülür ki, sən bunu niyə dedin?! Sən 1000, 2000 il öncə yaşayıb-yaşamadığı bəlli olmayan, müqəddəs hesab edilən adamın vəkilisən?! Onu Allaha həvalə elə də, sən kimsən ki, müasir dövrdə insanların hansısa fikrinə görə onu ittiham edirsən?! Burax, o, öz həyatını yaşayır. Sən niyə onun həyatına qarışırsan?! Biz cahilliyə qarşı təbliğatı gücləndirməliyik. Qanunvericilikdə də bəzi məsələləri legitimləşdirmək yolunu seçməməliyik.
- Bəs, dövlət hansı addımı atmalıdır?
- İslam dinində nəzir qutusu deyilən anlayış yoxdur. Bu, Azərbaycanda və bizə yaxın ölkələrdə uydurulmuş bir prosedurdur. Yüz illərdir insanların beyninə yeridilib, indi onu insanların beynindən çıxarmalıyıq. 2022-ci ildə vəziyyət bu cürdürsə, 2100-cü ildə də bu cür olmalıdır?! 2100-cü ilə də xalqı bu cəhalətlə daşımalıyıq?! Belə olmaz! Məscidə yardım etmək olar. Məscid inanc yeridir. İnsanlar gedib orada ibadət edirlər. Oranın təmiz saxlanılması, xalçasının salınması, təmizliyinə baxan işçisinin, ağacına su verən bağbanının ehtiyaclarının qarşılanması üçün hər məscidin icması var. İcma üzvləri gəlirlərindən könüllü şəkildə ianə verə bilərlər. Hamı ianə verə bilər, burada heç nə yoxdur. Hətta onun kartla ödənişi də normaldır. Orada da bank faiz tutacaq. Burada da bir “problem” var. Ona görə ianəni də kart hesabı ilə keçirməyəsən ki, bank faiz tutur. Deməyim odur ki, ziddiyyətləri aradan qaldırmaq, dini sadələşdirmək lazımdır. Onu bu qədər mürəkkəbləşdirib problemə çevirmək olmaz. Bunun məntiqini, dünyagörüşünü, fəlsəfəsini öyrənmək lazımdır. Dünyada faydalı işlər görməyə çalışmaq lazımdır, insanlar buna meyillənməlidirlər. Bu dünyanı bizə veriblər ki, adam olaq. Normal işlər görək, faydalı olaq, iz qoyaq. Hamı özünü axirətə saxlayıb ki, burada bir az yola verim, bəlkə orada, o dünyada yaxşı olacaq. Belə şey yoxdur. Yaxşı işlərinlə bu dünyada kredit götür ki, o dünyada da xərcləyə biləsən.
Publika.az
Bu xəbər üçün şərh yazın