Filarmoniyada korrupsiya yoxlamaları aparılır — Vəzifəli şəxslərin izahatı alındı -YENİLƏNİB
Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında yoxlama həyata keçirilir.
KONKRET.az xəbər verir ki, yoxlama zamanı Filarmoniyanın bir neçə vəzifəli şəxsinin izahatı alınıb. Onların arasında Filarmoniya direktorunun müavini Ayla Kərimovanın da adı hallanır.
Məsələ ilə bağlı Ayla Kərimova Demokrat.az-a açıqlamasında faktı nə təkzib, nə də təsdiq edib.
O, məsələ ilə bağlı danışmaq istəmədiyini deyib:
“Bu barədə heç bir məlumatım yoxdur”.
Qeyd edək ki, Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının direktoru Xalq artisti Murad Adıgözəlzadədir.
O, Azərbaycanı 2009-cu ildə Moskva şəhərində keçirilən 54-cü Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir və 207 xalla 3-cü yeri tutmuş Aysel Teymurzadənin həyat yoldaşıdır.
***
Azərbaycan Dövlət Akademik Filarmoniyasının mətbuat xidmətinin əməkdaşı Cəmilə Abdinzadə Nyus24.az-a açıqlamasında məlumatları təkzib edib:
“Yoxlamalar sadəcə bəzi sənədlər üzərində aparılıb. Azərbaycan Dövlət Akademik Filarmoniyasının heç bir əməkdaşı saxlanılmayıb. Murad bəy də işinin başındadır. Dünən konsertimiz olub, həmin konsertdən fotolar belə var”.
Bu xəbər üçün şərh yazın