
"Futbolçularım "Liverpul"a qarşı ən yaxşı oyunlarından birini göstərəcəklər" - Qurban Qurbanov
"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov futbolçularının "Liverpul"la (İngiltərə) matçda ən yaxşı oyunlarından birini göstərəcəklərinə inanır.
Təcrübəli mütəxəssis bunu "köhlən atlar"ın UEFA Çempionlar Liqasının əsas mərhələsinin VIII turunda "Liverpul"a qarşı keçirəcəyi oyundan öncə mətbuat konfransında deyib.
Baş məşqçi onları maraqlı qarşılaşmanın gözlədiyini bildirib: "Əsas mərhələnin son oyununa çıxırıq. Möhtəşəm stadionda və möhtəşəm azarkeşlər qarşısında çıxış edəcəyik. "Liverpul"un heyətində olan futbolçular hər zaman qələbəyə istəklidirlər. Çox istəyirik ki, İngiltərədə yaxşı oyun sərgiləyək. İnanıram ki, futbolçularım sabah ən yaxşı oyunlarından birini göstərəcəklər".
Q.Qurbanov ümid edir ki, bütün futbolçular sabahkı matça köklənəcək: "Hazırda hər kəs pley-off mərhələsi barədə danışır. Biz hazırda özümüzü "Liverpul"la oyuna kökləməliyik. Hər vaxt belə komandalarla matçda, bu cür azarkeşlər qarşısında futbolun dadını hiss edə bilmirsən. İnanıram ki, sabah futbolçularımın fikri başqa qarşılaşmalarda yox, bu matçda olacaq. Hər kəs özünü yaxşı tərəfdən göstərməli, nizamlı çıxış etməlidir".
"Qarabağ"ın futbolçusu Marko Yankoviç "Liverpul"la matçda uğurlu nəticəyə ümid edir.

O, qarşılaşmaya ciddi hazırlaşdıqlarını bildirib: "Baş məşqçimizin dediyi kimi, biz dünyanın ən gözəl stadionlarından birində və güclü komandaya qarşı oynayacağıq. Bu bizim üçün bir şərəfdir və burada olduğumuza görə xoşbəxtik. Sabah isə yaxşı bir oyun göstərməyi ümid edirik. Təbii ki, qarşı tərəfə hörmətimiz var. Onlar evdə çıxış edirlər, biz isə qonağıq. Sabahkı matçda uğurlu nəticəyə ümid edirik".
Qeyd edək ki, "Liverpul" - "Qarabağ" oyunu yanvarın 28-dən 29-na keçən gecə baş tutacaq. Matç Bakı vaxtı ilə saat 00:00-da start götürəcək./Report.az












Bu xəbər üçün şərh yazın