Gədəbəydə kartof zirzəmilərdə çürüyür, Bakı bazarlarında isə…
Bu ilin əvvəllərindən etibarən bazarlarda xarici ölkələrdən idxal edilmiş kartofun bollaşması Azərbaycanın yerli məhsulunu-Gədəbəy kartofunu piştaxtalardan sıxışdırıb.
Virtualaz.org xəbər verir ki, Gədəbəydə kartofçuluqla məşğul olan kiçik fermerlər və fərdi təsərrüfat sahibləri becərdikləri məhsulun bir qisminin zirzəmilərdə qalıb çürüməsindən şikayətlənirlər. Çünki təxminən yanvarın ortalarından başlayaraq kəndlərdə onların məhsulunun alıcısı kəskin azalıb, yaxud ümumiyyətlə yoxa çıxıb. Paytaxt bazarlarına məhsulu çıxarıb satmaq isə kəndlilərə sərf eləmir.
Gədəbəyin Düzrəsullu kəndindən Tofiq adlı kəndli deyir ki, təxminən 6-7 ton kartofu zirzəmidə çürüyür. Çünki alıcı yoxdur. “Yanvarın ortalarına qədər alverçilər gəlirdi, maraqlanırdı, indi heç maraqlanan da yoxdur. Ötən həftə bir neçə ton kartof apardıq Tovuza, fikirləşdik ki, bəlkə toxum kimi alan ola. Kilosunu 10 qəpiyə istədilər, qaytarıb gətirdik. Heyvan yemi kimi istifadə eləmək bu qiymətə satmaqdan daha sərfəlidir”-kəndli deyir.
Rayonun digər kəndlərində də məhsulu qalıb çürüyənlər çoxdur. Gədəbəy kartofuna tələbatın bu cür kəskin azalması isə daxili bazarda İran, Pakistan, Ukrayna kimi ölkələrdən idxal edilən, qiyməti daha ucuz olan kartofun bollaşması ilə əlaqəlidir.
Kəndlilər deyirlər ki, onların məhsulunu kəndlərdə kilosunu əvvəllər 40-50 qəpiyə alırdılar. “Məhsulu Bakı bazarlarına çıxarmağa imkanımız yoxdur. Çünki əlavə xərc tələb edir. Düzdür, Bakı bazarlarında Gədəbəy kartofunun kilosunu 80 qəpiyə, 1 manata alıcılara təklif edirlər. Amma biz məhsulu yerində heç 30 qəpiyə də sata bilmirik”-kəndlilər deyir.
Gəbəyədə soyuducu anbar tikilib, amma istifadəsizdir. Çünki kəndlilərə məhsulu anbarda saxlamaq da sərf eləmir. Bu, əlavə xərc deməkdir.
İlin əvvəllərindən xaricdən Azərbaycana nə qədər kartof idxal edildiyinə dair statistik məlumatları əldə edə bilmədik. Amma bazarlarda apardığımız müşahidələr göstərir ki, “İran kartofu” adı ilə satılan idxal məhsul həqiqətən bollaşıb. Qiyməti isə 50-60 qəpikdir. Satıcılar deyirlər ki, idxal kartofu satmaq daha sərfəlidir. Çünki qiymət ucuz olduğuna görə tələbat daha çoxdur. Gədəbəy kartofu isə baha olduğundan az satılır.
Kənd Təsərrüfatı Nazirliyindən bildiriblər ki, dövlət kartofçuluqla məşğul olan fermerlərə güzəştlər edir, yanacaq və sürtkü yağlarına görə subsidiyalar verilir. Amma fermerlər məhsulunu özü satmalıdır. Nazirlik fermerlərə yalnız həftəsonları və bayramqabağı keçirilən yarmarkalarda yer ayıra bilər.
Bu xəbər üçün şərh yazın