"Gənclərimizin bütün fəaliyyəti daha güclü Azərbaycan naminə yönəlib" -DEPUTAT
Gənclər dövlətin və cəmiyyətin inkişaf təməlidir. Dövlətçiliyin, müstəqilliyin daha da möhkəmləndirilməsi, gələcəyin etibarlı təminatı intellektual kadrların yetişdirilməsindən, onların aparıcı qüvvəyə çevrilməsindən birbaşa asılıdır.
Bu gün Azərbaycan gənci ictimai həyatın bütün sferalarında aktiv fəaliyyətilə seçilir. Ölkəmizdə həyata keçirilən uğurlu gənclər siyasəti nəticəsində gənc nəsil aparıcı qüvvəyə çevrilib. Gənclərin potensialından səmərəli istifadə olunması müasir, müstəqil Azərbaycanın intensiv inkişafını təmin edən fundamental faktorlardan biridir. Gənclərlə düzgün iş strategiyasının müəyyənləşdirilməsi və bu strategiyadan irəli gələn vəzifələrin dəqiqliklə yerinə yetirilməsi nəticəsində Azərbaycan gəncləri bir çox sahələrdə böyük nailiyyətlər qazanmaqdadır.
Müasir Azərbaycan gənci həm də vətənə və dövlətə bağlılığı ilə seçilir. 1996-cı il fevralın 2-də keçirilən Azərbaycan Gənclərinin I Forumunda Ulu Öndər Heydər Əliyev gənclər qarşısında tarixi bir vəzifə qoymuşdur: “Hər bir Azərbaycan gənci hər şeydən çox, hər şeydən artıq müstəqil Azərbaycanın bu günü, gələcəyi haqqında düşünməlidir”. Gənclərimizin vətənpərvərlik ruhunda yetişməsi, ərazi bütövlüyümüz, suverenliyimiz uğrunda tərəddüd etmədən canlarından keçməsi hər birimiz üçün nümunədir, eyni zamanda bütövlükdə cəmiyyətimizin və dövlətimizin uğurudur. Təbii ki, dövlət səviyyəsində milli-mənəvi dəyərlərin qorunub saxlanması müasir gəncliyin vətənpərvər ruhda formalaşmasına zəmin yaradıb. Gənclər siyasətində milli və dövlətçilik maraqlarının prioritet olması, ərazi bütövlüyü məsələsində Ali Baş Komandandan götürülən nümunələr 44 günlük müharibədə həlledici rol oynadı.
Vətən müharibəsində əsas missiyanı məhz Ali Baş Komandan İlham Əliyevin prezidentliyi dövründə yetişən gənclər yerinə yetirdi. Uğurlu dövlət idarəçiliyi sayəsində Azərbaycan cəmiyyətində yaşından, etnik və dini mənsubiyyətindən asılı olmayaraq hər kəs vahid amal uğrunda, dəmir yumruq kimi birləşdi. Prezident İlham Əliyevin də hakimiyyəti dövründə yetişən gənclər vətənpərvərlik və fədakarlıq göstərərək canlarından keçdilər, şəhid oldular, qazi oldular və tarixi ədaləti bərpa etdilər.Təsadüfi deyil ki, Vətən uğrunda İkinci Qarabağ müharibəsində 90 mindən çox gənc azərbaycanlı iştirak edib.İnformasiya savaşının da əsas iştirakçıları gənclərdir. Gənclərimizin müasir informasiya texnologiyalarından səmərəli və məqsədyönlü istifadəsi, bu sahədə müasir biliklərə yiyələnməsi yeni çağırışlar fonunda milli maraqların qorunması üçün əlavə imkanlar yaradır. Bu gün ölkəmiz haqqında yayılan dezinformasiyaların ifşa edilməsi, postmünaqişə reallıqlarının daha geniş ictimaiyyətə çatdırılması əsas vəzifədir. Döyüş meydanında savaş bitsə də informasiya cəbhəsində mübarizə davam edir. Haqlı və qalib tərəf kimi dövlətimizin mövqeyinin müdafiəsinə ehtiyac var. Xüsusilə gənclərimiz bu məsələdə öz vətəndaşlıq mövqeyini nümayiş etdirməli, nümunə olmalıdır.Son vaxtlar bəzi üzdəniraq ideyaların cəmiyyətlərə yeridilməsi, ənənəvi dəyərlərə kölgə salmaqla cəmiyyətləri parçalamaq cəhdləri artıb.
Bu iyrənc kampaniyada əsasən gənclərdən istifadə edildiyinin şahidi oluruq. Azərbaycan cəmiyyətinin monolitliyi, xüsusilə gənclərimizin milli-mənəvi dəyərlərə sadiqliyi, vətənpərvərliyi bu cür təhlükəli tendensiyaların ölkəmizdə yayılmasının qarşısını almağa kömək edir.Təcrübə göstərir ki, yalnız intellektual, sağlam düşüncəli gəncləri təsir altına salmaq mümkün deyil. Təbii ki, burada vətənpərvərlik, milli-mənəvi dəyərlərə bağlılıq başlıca şərtdir. Gənclərimiz artıq müzəffər xalqın nümayəndələri olduqlarını nəzərə alaraq, Böyük Qələbəmizi əks etdirən şanlı tariximizi yaşatmalı və qorumalıdır. Bütün fəaliyyət daha güclü Azərbaycan naminə olmalıdır.Gənclərimizin hərtərəfli inkişafında Heydər Əliyev Fondunun misilsiz töhfələrini də qeyd etməliyik. Məhz gənc nəslin fərdi və peşəkar inkişafı naminə Heydər Əliyev Fondu minlərlə müxtəlif təyinatlı layihələri icra edir.
Azərbaycan gəncləri bütün sahələrdə uğurlara imza atır. “Qara qızıl”ın insan kapitalına çevrilməsi strategiyasının icrası çərçivəsində gənclərin qabaqcıl xarici təhsil proqramlarına cəlb edilməsi təşkil olunur. Dövlət Proqramı çərçivəsində hər il 500 nəfərədək Azərbaycan Respublikası vətəndaşının xaricdə nüfuzlu ali təhsil müəssisələrində bakalavriat və magistratura səviyyələrində təhsil alması nəzərdə tutulub. 2025-ci ildən başlayaraq kvotanın 25 faizindən çox olmayan hissəsi bakalavriat səviyyəsini və 20 faizindən çox olmayan hissəsi doktorantura səviyyəsini əhatə edəcək. Azərbaycan gəncləri həm də idman sahəsində böyük nailiyyətlər qzanmaqdadır. İdmançılarımızın qələbələri və ölkəmizdə keçirilmiş müxtəlif beynəlxalq yarışlar Azərbaycanı bir daha idman ölkəsi kimi təsdiqləyir. 1997-ci ildən etibarən Azərbaycan Milli Olimpiya Komitəsinin Prezidenti seçilmiş dövlət başçısı İlham Əliyev gənclərin idmana cəlb olunması məsələsinə xüsusi diqqət ayırırdı. Bölgələrdə 50-yə yaxın Olimpiya İdman Kompleksi yaradılmışdır, bu proses davam etdirilir. Bakı şəhərində ən mötəbər idman yarışları təşkil olunub. Azərbaycan özünü dünyada güclü idman dövləti kimi təsdiqləyib və bütövlükdə ölkəmizin dünya arenasında mövqeyi ildən-ilə möhkəmlənir. Azərbaycan gəncləri həm də azad olunmuş ərazilərin bərpasına öz töhfəsini verir. Qarabağ və Şərqi Zəngəzur da daxil olmaqla ölkəmizin hər yerində intellektual, vətənpərəvər gənc nəsil yetişməkdədir. Bu isə onu deməyə əsas verir ki, Azərbaycanın bu günü kimi gələcəyi də sağlam və etibarlı əllərdədir.
Könül Nurullayeva
Milli Məclisin deputatı
Bu xəbər üçün şərh yazın