General-leytenant Hüseyn Rəsulbəyov-100
Görkəmli general və dövlət xadiminin həyat yolu
Azərbaycan tarixində həyat yolu işıqlı,parlaq,ləkəsiz olan yüzlərlə görkəmli şəxsiyyətlər var ki, neçə onilliklər keçsə də, o insanların şərəfli ömür yolu, özlərindən sonra qoyub getdikləri nəcib işləri saysız-hesabsız yetirmələri tarixdə silinməz izlər buraxır, adları xalqımızın milli quruculuq tarixinə qızıl hərflərlə yazılır. Bu unudulmaz insanlardan biri də artilleriya general-leytenantı, uzun illər Azərbaycanın rabitə naziri vəzifəsində çalışmış Hüseyn Cümşüd oğlu Rəsulbəyovdur.
Azərbaycanın orta və yaşlı nəsli bu tələbkar, əsl zabit kimi sərt, lakin bir o qədər də ürəyiyumşaq, qayğıkeş və ədalətli insan olan Hüseyn Rəsulbəyovu yaxşı xatırlayır. 1917-ci il iyunun 26-da qədim türk torpağı olan Dərbənddə poçt məmurunun ailəsində dünyaya göz açan Hüseyn Rəsulbəyov keşmə -keşli həyat yolu keçdi, tale onu bir çox sınaqlara çəkdi.O, 1932 -ci ildə o vaxtkı Orconikidze şəhərində Politexnik Texnikumuna daxil olur. Burada təhsilini başa vurduqdan sonra bir müddət Şimali Qafqaz Dəmiryolunun Mineralnıye Bodı stansiyasında mexanik işləyir. 1936-cı ildə Leninqrad Siqnalizasiya və Rabitə Mühəndisləri Elektrotexnika İnstitutuna daxil olur.İnstitutu bitirdikdən sonra isə o, F.Dzerjinski adına Qızıl Ordu Artilleriya Akademiyasının dinləyicisi olur. 1941-ci ildə Akademiyanı başa vuran Hüseyn Rəsulbəyov Odessa şəhərindəki Primorsk Qoşunlar Qrupuna göndərilir. Müharibəni də elə burada hava hücumundan müdafiə (HHM) qoşunlarının 15-ci briqadasının mühəndisi kimi qarşılayır. Müharibənin sonunda isə artıq gənc zabit Zaqafqaziya cəbhəsinin 99-cu HHM diviziyasının artilleriya üzrə rəisi idi. 1960-62-ci illərdə mühəndis-texniki xidməti general-mayoru olan Hüseyn Rəsulbəyov Bakı Hava Hücumundan Müdafiə Dairəsi qoşunlarının zenit-artilleriya komandanının müavini, 1966-1975-ci illərdə isə komandanı vəzifəsində yüksəlir. 1968-ci ildə nümunəvi xidmətlərinə görə Hüseyn Rəsulbəyova "artilleriya general -leytenantı " ali hərbi rütbəsi verilir.
Hüseyn Rəsulbəyov orduda olarkən özünün biliyi,təcrübəsi, nüfuzu və qayğıkeşliyi insanlara xüsusən də azərbaycanlı kadrlara daim qayğısı ilə yadda qalır. İllər sonra istefada olan artilleriya general-polkovniki Tofiq Ağahüseynov Rəsulbəyov xarakterindən söz açarkən deyir: "Çeneral-leytenant Hüseyn Rəsulbəyov Bakı Hava Hücumundan Müdafiə Dairəsinin zenit-raket qoşunlarının komandanı idi. O, mənə çox kömək göstərib. Rəsulbəyov dairə qərargahında işləyirdi, komandan idi, mən isə əvvəlcə polk, sonra diviziya və korpus komandiri oldum. O, hər zaman məni mümkün xoşagəlməz hadisələrlə bağlı xəbərdar edir, qoruyurdu, bu və ya digər şəraitdə necə hərəkət etmək lazım olması barədə məsləhətlər verirdi. Bunun üçün mən ona çox minnətdaram."
Uzun illər general-leytenant Hüseyn Rəsulbəyovla birlikdə işləmiş Bakı Hava Hücumundan Müdafiə Dairəsi Qoşunlarının komandanı, general-polkovnik Fyodor Akimoviç Olifirov yazırdı: "Bəzən elə olur ki, hətta böyük rəhbərlər belə passiv olurlar, vəzifələrinə uyğun təşəbbüs göstərmək əvəzinə, heç nəyə həvəs göstərmirlər. Amma Hüseyn Cümşüdoviç heç vaxt heç kimdən hər hansı bir xatırlatma və ya tapşırıq gözləmirdi. Həmişə irəlidə gedirdi və hamını da arxasınca çəkib aparırdı. Onun zenit-raket qoşunlarının komandanı kimi ən böyük xidməti ölkənin HHM sistemində əsl istedadlı mühəndis və öz işinin ustası olması idi"
1975-ci ildə ordu sıralarından ehtiyata buraxılan H. Rəsulbəyov elə həmin il Azərbaycanın rabitə naziri vəzifəsinə təyin olunur.
Bu vəzifədə döyüş generalının bir sıra maraqlı idarəetmə xüsusiyyətləri özünü göstərir. O, insanlarla asanlıqla dil tapır, onların problemlərinə diqqət yetirir, hər bir işçinin daha da yüksəlməsi üçün şərait yaradır, qayğı göstərir və onların yüksək vəzifələrə təyin edilmələri naminə müvafiq strukturlara təqdimatlar göndərirdi.
H.Rəsulbəyov nazir işlədiyi müddət ərzində demək olar ki, rabitə işini tam olaraq yenidən qurdu, texnoloji cəhətdən köhnəlmiş bütün avadanlıqlar yeniləndi, telefon-teleqraf rabitəsi keyfiyyətcə yeni mərhələyə qədəm qoydu. Şəhər və kəndlər telefonlaşdırıldı, beynəlxalq rabitənin inkişafı sahəsində yeni istiqamətlər müəyyənləşdirildi. Kadr məsələlərinə ciddi diqqət yetirildi, rabitəçilərin sosial vəziyyəti xeyli yaxşılaşdırıldı.
Rabitə naziri vəzifəsində işləyərkən o hərbidə olan iş üslubuna, rəhbərlik prinsiplərinə sadiq qaldı. 1975-1980-ci illərdə Bakıda şəhərlərarası iki telefon və teleqraf rabitəsi stansiyası tikilib istifadəyə verildi ki, avadanlıqların hamısı keçmiş Yuqoslaviyadan gətirildi.Biraz sonra Şirvan, Astara, Mingəçevir, Qusar və Xaçmaz rayonlarında şəhərlərarası avtomat telefon stansiyaları istifadəyə verildi.Və nəhayət, 1980-ci ildə respublikamızın şəhərlərində telefon şəbəkəsinin həcmi 1975-ci ilə nisbətən 1,4 dəfə artdı. Bütün bunlar H.Rəsulbəyovun nazir kimi böyük fəaliyyətinin yalnız bir hissəsi idi.
Hüseyn Rəsulbəyov tarixi baxımından az yaşadı, ömrünün 67-ci ilində -1984-cü ildə həyata vida etdi. Hüseyn müəllim özündən sonra bir çox xeyirxah işlər, əməllər qoyub getdi. Onun şəxsi iştirakı ilə Baş Poçtamt, Rabitə Evi, rabitə qovşaqları və s. layihələr işlənib hazırlanmış və inşa edildi. Artıq 20 ildən çoxdur ki, Azərbaycan Televiziyası və digər televiziyalar öz verlişlərini Dağüstü parkın yaxınlığında ucaldılmış müasir teleqüllə vasitəsi ilə bütün dünyaya yayır. Bu teleqüllənin ucaldılması isə Hüseyn Rəsulbəyovun adı ilə bağlıdır.
Təəssüf ki, teleqüllənin işə düşməsini görmək ona nəsib olmadı.Xoşbəxtlikdən qədirbilən xalqımız daim şəhərimizə yaraşıq verən bu möhtəşəm qurğuya baxdıqca, onu xatırlayır və inanırıq ki, bu minnətdarlıq və təşəkkür hissi daim davam edəcəkdir.
H.Rəsulbəyovun xidmətləri layiqincə qiymətləndirilmişdir. O, Lenin, II dərəcəli Vətən Müharibəsi, Qırmızı Ulduz, Qırmızı Əmək Bayrağı ordenləri və 14 medalla təltif edilmiş, ona "Azərbaycan SSR-in əməkdar mühəndisi " fəxri adı verilmiş, VII, VIII, IX və X çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı olmuşdur.
Hazırda, Dərbənd şəhərində həyata göz açdığı küçə və təhsil aldığı məktəbə xatirə lövhəsi vurulub. Şəhərin “Döyüş şöhrəti” Muzeyində igid generalın döyüş yolu ilə bağlı geniş ekspozisiya yaradılmış və büstü qoyulub. Dərbəndin abad,işıqlı prospektlərdən biri general-leytenant H.Rəsulbəyovun adını daşıyır.
Göründüyü kimi, Hüseyn Rəsulbəyov bir çox xeyirxah işlər, əməllər qoyub dünyasını dəyişib,bu xeyirxah əməllər xalqımızın yaddaşında əbədi yaşayacaqdır...
T.SƏDRƏDDİNOĞLU
Faktinfo.az
Bu xəbər üçün şərh yazın