Gömrük Komitəsinin sabiq sədri Səfər Mehdiyevə səsləndi: “Kişi, gərək sözünün üstündə dura…”
Dövlət Gömrük Komitəsinin sabiq sədri, hüquq elmləri namizədi, dosent İbrahim Vəliyevin Pravda.az-a müsahibəsini təqdim edirik.
- Dövlət Təhlükəsizlik Xidməti Dövlət Gömrük Komitəsində əməliyyat keçirib. General da daxil olmaqla, komitənin bir neçə əməkdaşının saxlanıldığı bildirilir. Komitədə nə baş verir?
- Bilirsiniz, ayrı-ayrı idarələrdə, o cümlədən DGK-da kiminsə rüşvət üstündə tutulması mövcud vəziyyətin, demək olar, işartılarıdır. Fərz edin ki, altı fırtınalı göldür. Bunlar isə, sadəcə, gölün üzünə çıxanlardır. Yəni rüşvət Azərbaycanda sistemli şəkildə olan bir şeydir, bu, təsadüf deyil, mövcud haldır, özü də çox geniş yayılmış bir hal. Özəllər istisna olmaqla, elə bir dövlət idarəsi, struktur yoxdur ki, orada bu və ya digər formada rüşvət olmasın. Hansısa generalın tutulması korrupsiyaya qarşı mübarizə üsulu deyil. Korrupsiya ilə mübarizə aparmaq üçün total üsul yaradılmalı, həm iqtisadi, həm inzibati qayda tətbiq olunmalıdır. Yəni iqtisadi baxımdan əmək haqqının yüksək olması, inzibati tərəfdən isə məsuliyyətin artırılması... Bunlar olmadığına görə istənilən idarədə istənilən şəxsi rüşvət üstündə məsuliyyətə cəlb etmək mümkündür. Ayrı-ayrı adamları, məmurları, icra başçılarını tutmaqla rüşvətxorluğun qabağını almaq olmaz. Əslində, məmurların, demək olar, hamısı bir qəfəsə salınmış kölələrə bənzəyir. Elə düşünürlər ki, nə vaxt bizi tutacaqlar? Ona görə də DGK ilə bağlı vəziyyəti təsadüf saymıram.
- Sizcə, DGK-dəki rüşvət məsələsinə görə Komitə sədri Səfər Mehdiyevin özü məsuliyyət daşıyırmı? Hətta son hadisələrdən sonra Səfər Mehdiyevin istefası tələb olunur.
- Bir nəfər digərini bıçaqlayıbsa, iri bıçağı masanın üzərinə qoyub geniş formada çəkiliş edirlər. Hətta həmin şəxs cinayəti etiraf edir. Təəssüf ki, xüsusən televiziya kanallarında buna yol verilir. Axı həmin şəxs hələ cinayətkar deyil. Ancaq məhkəmənin hökmündən sonra ona cinayətkar demək olar. O, şübhəli şəxsdir. Demək istədiyim odur ki, gömrük generalı tutulub, amma hüquqşünas olduğuma görə o şəxs barəsində cinayətkar, rüşvətxor deyə bilmərəm. Onun hələ təqsirsizlik prezumpsiyası var. Nə qədər ki, onunla bağlı məhkəmənin hökmü yoxdur, o, şübhəli şəxs kimi qiymətləndirilməlidir. Rüşvət üstündə kimsə tutulubsa, deməli, rüşvətxorluq sistem halını alıb. Bu, korrupsiyadır: aşağıdan yuxarı yığılır və paylanır. Bu hal sübut olunsa, Səfər Mehdiyev istefa verməlidir. Amma Mehdiyevin xəbəri olmadan belə bir hadisə baş veribsə, təbii ki, bu, Komitə sisteminə müsbət hal gətirmir. Səfər Mehdiyev öz təqsirini hiss etsə, desə ki, təqsirkaram, ləyaqətinə sığışdırmayıb özü istefa verə bilər.
- Səfər Mehdiyev özü demişdi ki, komitədə rüşvət faktı qeydə alınarsa, istefa verəcək…
- Kişi gərək, sözünün üstündə dura. Əgər demisənsə… Onun istefa verməsi ləyaqət məsələsinə qalır. Avropada hansısa nazirlikdə arzuolunmaz hal baş verdikdə nazir özü istefaya gedir. Açığı, o mədəniyyət bizdə hələ yoxdur. Mehdiyev elə söz deyibsə, o zaman sosial şəbəkələrdə qoyulan tələblər doğrudur.
- Dövlət Gömrük Komitəsinin ayrıca bir qurum kimi fəaliyyət göstərməsini məqbul hesab etməyənlər çoxdur. Təklif edirlər ki, DGK ləğv edilsin, İqtisadiyyat Nazirliyinə birləşdirilsin və department kimi fəaliyyət göstərsin. Bu təklif barədə nə düşünürsünüz?
- Tam əleyhinəyəm. Heç Vergilər Nazirliyinin İqtisadiyyat Nazirliyinə birləşdirilməsinin də tərəfdarı deyiləm. Gömrük Azərbaycanın iqtisadi həyatında olduqca mühüm rol oynayır. Onsuz da İqtisadiyyat Nazirliyində kifayət qədər nazirliklər, komitələr birləşdirilib. Heç bir effekti də yoxdur. Belə bir quruma gömrüyü birləşdirmək arzuolunmaz haldır. Əksinə, DGK daha da təkmilləşdirilməlidir. Bu, oyuncaq deyil. Gömrük iqtisadiyyatın bel sütunudur. Dövlətin gəlir gətirən ən mühüm sahələrindən biridir. DGK elə edə bilər ki, Azərbaycanda daxili istehsal məhv olar. Və ya əksinə, elə edə bilər ki, daxili istehsal yüksələr, ixrac da olar. Adi bir misal gətirək: Azərbaycanda kartof məhsulu istehsal olunana yaxın İrandan ucuz kartofları ölkəyə gətirirsənsə, demək, artıq həmin sahibkarlıq sahəsi ölkədə məhv oldu. Daxili məhsullarımız satılanadək xarici məhsulun rüsumlarını bir qədər artıra bilər. 1992-ci ildə Komitəyə gələndə adı elə Gömrük Komitəsi idi. Sonra Dövlət Gömrük Komitəsi etdilər. Çünki Naxçıvanda da Gömrük Komitəsi var idi, Bakıda da. Elə hesab edilirdi ki, Bakıdakı dövlət deyil, adicə bir komitədir. Həmin vaxt çalışırdım ki, Türkiyə modelinə keçək. Türkiyədə Maliyyə Nazirliyi ilə gömrük birgə fəaliyyət göstərir, eyni zamanda gömrüyün mühafizəsi ayrıdır. İstəyirdim, o vaxt mühafizəni də yaradım. Nəsə olduqda polis deyil, gömrük mühafizəsi işi həyata keçirsin. Təəssüf ki, bunu başa çatdıra bilmədik. Həmin vaxt döyüşdən gələnlər, qazilər və s. var idi. O şəxslərdən ibarət mühafizə idarəsi təşkil etmək istəyirdim. Alınmadı…
- Həmin dövrlərə qayıtmışkən, əvvəlki Gömrük Komitəsi ilə indiki DGK arasında müqayisə aparsanız, yaxşı olar...
- Sədrliyə gələndə Azərbaycanda gömrük orqanlarından cəmi 450 nəfər işləyirdi. Çünki Sovet dövründə Bakı gömrükxanası var idi, rayonlarda isə demək olar, gömrük yox idi. Sədrliyə gəldiyim vaxt regionları birləşdirən gömrüklər, məsələn, Gəncə, Xaçmaz kimi üç-dörd gömrükxana vardı. Sonradan rəhmətlik Elçibəyin əmri ilə 600 ştat verildi. Bizdə bilavasitə gömrük üzrə ixtisaslaşmış mütəxəssislər yox idi. Ona görə də daha çox iqtisadçılara, hüquqşünaslara, müəyyən qədər dilçilərə üstünlük verib gömrüyü təşkil etdim və bu, Azərbaycanın bütün ərazisini əhatə etdi. Hətta Türkiyədən paltarlar gətirilirdi, malın ölkəyə buraxılmasına icazə möhrü vermək üçün ikiaylıq kurslar təşkil edirdik. Bizdə də rüşvət var idi, ancaq “çaypulu” səviyyəsində… Bununla da mübarizə aparırdıq. Hətta istefa verib işdən çıxanda əlimdə 50 nəfərə yaxın adamın siyahısı var idi. Onları cəzalandırmalı idim. Pulların yerdən yığılıb bölüşdürülməsinin qarşısını ala bilmişdik. Bunu tam əminliklə deyirəm. Hətta gömrükdə elə adamlar meydana çıxmışdı, gəlib ərizə yazıb deyirdilər ki, rüşvət var deyə, burada işləmək istəmirik.
- Nə üçün Azərbaycanda yüksək ranqlı məmurlar həbs edilmirlər? Həbs edilən sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov idi, o da bir müddət əvvəl azadlığa buraxıldı...
- Çox doğru vurğuladınız. Səlim Müslümov da, ondan əvvəl Çovdarov da, digərləri də… Prinsip belədir: yığdığını ver, çıx çölə… Burda humanistlikdən söhbət gedə bilməz. Əgər Səlim Müslümovu səhhəti ilə, Çovdarovu yaşı ilə əlaqədar həbsdən azad edirlərsə, bu saat həbsxanalarda 80 yaşında məhbuslar var. Onlar niyə azad olunmurlar? Ayrı-ayrı məmuru tutub reklam etmək gözdən pərdə asmaq üçündür.
- Bəzi iri ranqlı məmurlar vəzifədə olarkən tənqid olunmurlar, amma vəzifədən getdikdən sonra onlar barəsində kəskin tənqidlər səsləndirilir. Məsələn, Ramiz Mehdiyev gündəmdən düşmür, ən çox tənqid olunanlar sırasındadır. Hətta onun AMEA prezindentliyindən istefası ərəfəsində vəzifəli şəxslərin dilindən də tənqidlər eşitdik. Bəs Mehdiyev vəzifədə olarkən niyə bu baş vermirdi, nədən qorxurdular?
- Bilirsiniz, vəzifədə olmaq bir sınaqdır. Ya alqışlanarsan, ya da etdiyin əməllərə görə nifrət damğası ilə çıxarsan. Zalım hakimiyyətdən gedəndə artıq heç kim qorxmur, açıq danışır. Bəzən deyirlər ki, kişi deyillər, vəzifədən gedəndən sonra danışdılar. Niyə? Əgər onun əməli cinayət əməlidirsə, bu xalqa ziyan vurubsa, ona da danışmayaq? Açıq, düz söz dediyinə görə nə qədər jurnalist döyülüb, həbsxanaya salınıb. Ona görə də adi adam necə durub danışsın, axı qorxur. İnsan öz etdiyi əməlin nəticəsini görməlidir. Pis əməl etmisənsə, söyüləcəksən. Yaxşı əməl etmisənsə, alqışlanacaqsan. İnsan nə edirsə, qarşısına çıxır. Mən də 9 ay Gömrük Komitəsinin sədri olmuşam. Lovğalanmaq kimi anlaşılmasın, Komitəni qurub yaratmışam. Arxamca bir dəfə mənfi söz eşitmisiniz? Desinlər ki, İbrahim Vəliyev yeyib, dağıdıb… Axı elə deyil. Bir köhnə “Jiquli”m var idi, onla gəlmişdim, onla da çıxıb getdim. Ramiz Mehdiyevi tənqid etməkdə haqlıdırlar. Niyə indi? Çünki indi hakimiyyətdə yoxdur, ona görə sözlərini açıq deyə bilirlər. Xalqımızı istəyiriksə, köklü dəyişiklik etməliyik…
Bu xəbər üçün şərh yazın