Görkəmli Azərbaycan şair-publisisti, Əməkdar incəsənət xadimi Əli Tudənin 100 illik yubileyi münasibətilə tədbir keçirilib - FOTOLAR
29 mart tarixində Azərbaycan Milli Kitabxanasında Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin, Milli Kitabxananın və Yazıçılar Birliyinin birgə təşkilatçılığı ilə görkəmli şair-publisist, Əməkdar incəsənət xadimi Əli Tudənin (Əli Əliqulu oğlu Cavadzadə) anadan olmasının 100 illik yubileyi münasibətilə tədbir keçirilib.
Yubiley tədbirində elm və mədəniyyət xadimləri, ədibin ailə üzvləri, tanınmış ictimaiyyət nümayəndələri iştirak edib.
Faktinfo.az xəbər verir ki,qonaqları salamlayaraq tədbiri açan Milli Kitabxananın direktoru, prof. Kərim Tahirov Əli Tudənin müasir Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi kimi 70-dən artıq kitabın müəllifi olduğunu qeyd edib. Əli müəllimin oğlu Natiq Cavadzadənin şairin 20 cildlik kitabını öz hesabına çap etdirdiyini vurğuluyaraq ona təşəkkür edib, bununla atası Əli Tudəyə böyük abidə ucaltdığını bildirib əlavə edib ki, söz yaşadıqca, kitab durduqca şair də yaşayacaq, heç vaxt unudulmayacaq.
Azərbaycan Yazıçılar Birliyi sədrinin müşaviri, yazıçı-publisist Sayman Azuz Əli Tudənin kifayət qədər mövqeyli və əhəmiyyətli bir xadim, bütöv Azərbaycanın mütəfəkkiri kimi xarakterizə edərək şairin böyüklüyünün onun ideolagiyasında, manifestində olduğunu vurğulayıb. Hər zaman Əli Tudənin yaradıcılığını diqqətdə saxlandığını və Əli Tudənin 100 illik yubileyi münasibətilə Yazıçılar Birliyi tərəfindən medal təsis olunduğunu əlavə edib.
AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə elmlər doktoru Esmira Fuad Əli Tudənin Təbriz filarmoniyasını yaratmasından, Güney Azərbaycanın istedadlı şəxslərinin filarmoniyanın ətrafına toplamasından, bir ömrə sığmayan əsərlər yazıb-yaratdığından, ədibin yaradıcılığından ətraflı bəhs edib.
Balaş Azəroğlunun oğlu Etibar Azəroğlu, Əli Tudənin dostu Məmmədəli Hüseyni, Füzuli adına Əlyazmalar İnstitunun böyük elmi işçisi Azərbaycan Yazıçılar Birliyinin İrs komisiyasının sədri Sona Xəyal, Nizamişünas Qasım Cahaninin qızı Sədaqət Cahani, şair-publisist Fəxrəddin Meydanlı və b. Əli Tudənin həyat və yaradıcılığından bəhs edərək, xatirələrini bölüşüblər.
Tədbir əsnasında şairin şeirləri səsləndirilib.
Tədbirdə Milli Kitabxananın əməkdaşları tərəfindən hazırlanan görkəmli Azərbaycan şairi Əli Tudəyə həsr olunmuş “Əli Tudə-100” adlı elektron məlumat bazasının təqdimatı olub.
Yubiley tədbirinin sonunda Əli Tudənin oğlu Natiq Cavadzadə Milli Kitabxananın direktoru prof. Kərim Tahirova, kitabxananın əməkdaşlarına, qonaqlara təşəkkürünü bildirib.
Faktinfo.az
Bu xəbər üçün şərh yazın