Gülbəniz Babaxanlıya qara yaxmaq istəyənlərə...
Faktinfo.az saytı daxil olmaqla, 30.01.2025-ci il tarixində 20-dən çox KİV-ə göndərilən "Gülbəniz Babaxanlının özbaşınalıqları davam edir" başlıqlı məqalə qarşı tərəfin mövqeyini öyrənmək üçün Hüseyn Cavidin Ev Muzeyinin direktoru, filologiya elmlər doktoru Gülbəniz Babaxanlı və AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitunun direktoru,akademik Teymur Kərimliyə göndərilib.
Faktinfo.az-ın sorğusuna cavab olaraq, saytın elektron ünvanına daxil olan məlumatda bildirilir:Gülbəniz Babaxanlıya qara yaxmaq istəyənlərə...
Ötən həftə bəzi media resurslarında AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitunu illərdir ki,akademik Teymur Kərimli deyil,filologiya elmləri doktoru Gülbəniz Babaxanlının idarə etməsi barədə absurd heç bir əndazəyə sığmayan yazı dərc edildi. Həmin yazıda akademik Teymur Kərimli, həm də Gülbəniz Babaxanlı qərəzli şəkildə hədəf seçildi. Məlum cızma-qara, şər-böhtandan və hazırkı şəraitdə qarşı tərəfin mövqeyini öyrənmək üçün göndərilən növbəti "məqaləyə" cavab veririk.
Birincisi, AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitunu illərdir ki, akademik Teymur Kərimli ciddi və qanunamüvafiq şəkildə idarə edir. Məhəmməd Füzuli adına Əlyazmalar İnstitunda həyata keçirilən işlər barəsində AMEA rəhbərliyi və elm adamları daha yaxşı bilgiyə sahibdirlər. İkincisi, Gülbəniz Babaxanlının AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitunu idarə etməsi barədə yazılanlar tam absurd və gülünc iddiadır. Çünki, hər kəs yaxşı bilir ki, Gülbəniz Babaxanlı Hüseyn Cavidin ev muzeyində işinin başındadır. Ömrünü Hüseyn Cavid irsinə, onun yaradıcılığına həsr edən Gülbəniz xanımın iş yükü ağırdır, desək heç də yanılmarıq. Belə bir məqamda saxta elektron poçt üzərindən göndərilən "məqalələr" ziyalı hədəfinə söykənməyən şər-böhtandır, media resursları üçün isə hüquqi məsuliyyət yaradan məlumatlardır.
Bu gün Hüseyn Cavidin ev muzeyinin işçi heyəti başda Gülbəniz Babaxanlı üç istiqamətdə işləyir. Bu üç istiqamət hansılardır? Birincisi və ən vacibi Cavidlərin həyat və yaradıcılığı ilə bağlı eksponatların toplanması, lazımı səviyyədə qorunmasıdır. İkincisi, həmin irsi tədqiq etmək, tədqiqatın nəticələrini elmi tədavülə buraxmaq və bu sahədə mütəxəssislər yetişdirməkdir. Üçüncüsü, ölkədə və ölkə xaricində Hüseyn Cavid irsini təbliğ etməkdir. Sadaladığımız bu üç istiqamətlə bağlı Gülbəniz Babaxanlı və Hüseyn Cavidin ev muzeyinin işçi heyəti sistemli, mütamadi çiyin-çiyinə verib elmi fəaliyyətini uğurla davam etdirir. Amma görünür "sapı özümüzdən olanlar" ədəbiyyatımızın günəşi Hüseyn Cavidlə bağlı görülən işləri həzm edə bilmirlər. Belə olmasaydı, Cavid yaradıcılığını, irsini, poeziyasını ölkədə, həm də xarici ölkələrdə tanıtdıran, təbliğatının aparılmasına rəhbərlik edən Gülbəniz Babaxanlı haqqında şər-böhtan dolu yazılar yazmazdılar. Amma nə yazsalar da, xeyri yoxdur. Necə deyərlər, "haqq nəzilər, amma üzülməz." Çünki dövlətimiz, onun rəhbərliyi, elm adamları eləcə də, Azərbaycanı, Hüseyn Cavidi sevənlər muzeyin direktorunu yaxşı tanıyır.
***
Faktinfo.az saytına göndərilən mətnə əsasən, AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitunun direktoru, akademik Teymur Kərimli tərəfindən sorğuya verilən cavabda bildirilir:
Hörmətli baş redaktor!
AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu haqda Faktinfo.az saytına göndərilən anonim yazının həqiqətlə heç bir əlaqəsi olmadığına görə qətiyyətlə təkzib edirik!
Hörmətlə,Direktor,akademik Teymur Kərimli
Qeyd: Faktinfo.az saytına göndərilən "Gülbəniz Babaxanlının özbaşınalıqları davam edir" başlıqlı məqalə ilə bağlı anonimlik aradan qaldırılarsa, onu da dərc edə bilərik. Bu barədə ilk əvvəl qarışı tərəfə sorğu ünvanlanıb.
Faktinfo.az
Bu xəbər üçün şərh yazın