“Hər kəs, eləcə də Avropa İttifaqı Bakının qələbələrini tanıyacaq” – İsrailli ekspert
Qarabağdakı müharibə Azərbaycan üçün göstərici oldu: hansı ölkələrin Ermənistanla necə əməkdaşlıq etdiyi və Bakı ilə nə qədər dostluq münasibətləri qurduğu və ölkəmizin ərazi bütövlüyünü dəstəklədiyi üzə çıxdı.
İsrailli siyasi ekspert Yuri Boçarov AYNA.az-a müsahibəsində Qarabağ döyüşləri, müharibənin İsraildən necə göründüyü, eləcə də Ermənistanın İsrailə diplomatik təzyiqi və dünya ictimaiyyətinin atəşkəs üçün Bakıya təzyiq mövqeyi barədə danışıb.
- İsrail Qarabağ münaqişəsinə necə reaksiya verdi? Siyasi elitanın reaksiyası necədir?
- İsrail Azərbaycanın ərazi bütövlüyünü tam dəstəkləyir. İsrail dost olduğu digər dövlətlərin daxili siyasətinə müdaxilə etməsə də, ATƏT-in Minsk Qrupuna həmsədr ölkələrin Dağlıq Qarabağ münaqişəsinin həlli səylərini dəstəkləyir. Digər tərəfdən, İsrailin siyasi elitasının bu gün ümumiyyətlə xariclə məşğul olmağa elə də vaxtı yoxdur. İsrail bir ildən çoxdur ki, qaynayır - koronavirus və ölkənin tam blokadasına əlavə olaraq koalisiya hökuməti ilə problemlər, bir ildən artıq müddətdə dövlət büdcəsinin təsdiqlənməməsi və yeni erkən seçkilərin keçirilməsi ehtimalı. Amma bütövlükdə bu faktorlar İsrailin bir tərəfdaş kimi Azərbaycana olan ümumi münasibətinə heç bir şəkildə təsir göstərmir.
- Ermənistanın təzyiqlərinə və hətta səfirin geri çağırılmasına baxmayaraq, İsrail Azərbaycana silah tədarükünü davam etdirir. Bugünkü hadisələr Azərbaycanla İsrail arasında daha dərin əməkdaşlığın başlanğıcı olacaqmı?
- Daha əvvəl də dediyim kimi, İsrail Azərbaycanı strateji tərəfdaşı hesab edir və həmişə müsəlman dünyasında onun yolgöstərəninə çevriləcəyinə ümid bəsləyir. Unutmayın ki, İsrailin silah tədarükündə böyük ticarət dövriyyəsi olması ilə yanaşı, neftə olan daxili ehtiyacının 50%-dən çoxunu Azərbaycan “qara qızılı” hesabına ödəyir. Ancaq bütün bunlar dövlət səviyyəsində olan məsələlərdir. Bununla yanaşı, ölkələrin əməkdaşlıq edə biləcəyi bir neçə iqtisadi platforma da var, bu səbəbdən təmaslar və layihələr üçün bir çox mövzu hələ də açıqdır. Hər şey böyük ölçüdə yerli biznesin əməkdaşlıq etmək istəyi və qabiliyyətindən asılıdır.
- Gördüyünüz kimi, müharibə başladıqdan sonra Azərbaycan dünya birliyi, xüsusən Avropa İttifaqı ölkələri tərəfindən böyük təzyiqlərə məruz qaldı. Erməni lobbisi Avropa İttifaqında öz mövqeyini yeritmək baxımından nə qədər güclüdür? Yoxsa İrəvanın imkanları ciddi dərəcədə məhduddur?
- Dünyadakı erməni lobbisinin nüfuzunu həddən artıq qiymətləndirmək olmaz, baxmayaraq ki, bəzi ölkələrdə onun çəkisi var. Məsələ həm Avropa İttifaqı, həm də ayrı-ayrı Avropa dövlətlərinin Qarabağ ətrafında baş verən hadisələrə marağının olmasındadır. Təəssüf ki, bölgədəki vəziyyətin dəyişdirilməsində maraqlı olanlar azdır, nəticədə iki respublika uzun illərdir ki, qarşıdurma içərisindədir, bu da onların iqtisadiyyatına və siyasətinə mənfi təsir göstərir.
Deməli, anti-Azərbaycan gündəmini hər yerdə trend edən təkcə erməni lobbisi deyil, güclülərin maraqları, mənafeləri naminə, öz problemlərini həll etmək üçün erməni lobbisinin mövqeyinin arxasında gizlənməklə, respublikaları bu və ya digər dərəcədə asılı vəziyyətdə saxlamaq planları da var. Buna görə də, Azərbaycana yalnız başladığı işləri sona çatdırmaq lazımdır və bundan sonra, həmişə olduğu kimi, Avropa İttifaqı da erməni lobbisinin hər hansı bir təzyiqinə baxmayaraq, Azərbaycan Ordusunun doğma yurdunu azad etmək üçün qazandığı bütün uğurları tanıyacaq.
Bu xəbər üçün şərh yazın