"Həyatıma qarşı təhlükə olduğunu bildirirəm"-Professor qanunsuzluqları

"Həyatıma qarşı təhlükə olduğunu bildirirəm"-Professor qanunsuzluqları İFŞA ETDİ

"Bu yazı ilə mən həyatımı təhlükə altına qoyuram.

Təhlükəni dərk etsəm də, bu addımı cəmiyyətimizi uçuruma aparan qara qüvvələrin qarşısını, azacıq olsa belə, almaq üçün faydalı ola biləcəyimi düşünərək atıram. Cəmiyyətdəki naqislikləri görərək hər birimiz “mən olmadığım yerdə Günəş də çıxmasın” deyə düşünsək, bizi, doğrudan da, həmin o yerlərin çox qaranlıq gələcəyi gözləyir". 

Faktinfo.az  Dia-az.İnfo -a istinadla bildirir ki,bu iddia ilə xeyli müddətdir ki,ADU rektoru Kamal Abdulla ilə ədavətdə olan professor Həbib Zərbəliyev çıxış edib.

H.Zərbəliyev daha sonra sözlərinə belə davam edib:

"Əvvəllər də dəfələrlə yazdığım kimi, bu gün biz bir saxtakar məmurun etdiklərinə göz yumuruqsa, sabah onun böyük sayda yetirmələrinin yavaş-yavaş cəmiyyətimizin böyük hissəsinə qarşı etdiklərinin qarşısını almaq çox çətin olacaqdır. Bu yetirmələr "müəllim" dirsə, saxtakarlığın, əyriliyin, mənəviyyatsızlığın hər birimizin evinə girəcəyi şübhəsizdir.

Bununla bağlı yazdığım yazılara görə məlum qüvvələrin mətbuatda mənim haqqımda çirkin yazılar yazdırmasına, mənə qarşı psixoloji terror aparmasına baxmayaraq, hər cür təhlükəni gözə alaraq, mübarizəmi davam etdirməkdə qərarlıyam. Ona görə də hüquq-mühafizə orqanlarına həyatıma qarşı təhlükə olduğunu bildirirəm.

Azərbaycan Dillər Universitetinin rektoru Kamal Abdullayev bu universitetdə işlədiyi 7 il ərzində hər il böyük sayda saxta diplom vermişdir. Mən bununla bağlı məlumatı ilk dəfə oxucularıma verdikdən sonra o dərhal həmin diplomların saxta olduğunu ört-basdır etmək üçün müvafiq strukturların rəhbərliyində dəyişikliklər edərək, həmin yerlərə öz yaxın adamlarını yerləşdirdi. Çox güman ki, saxta diplomlarla bağlı sənədlərin bir qismi artıq "düzəldilib”, yəni yenidən saxtalaşdırılıb.

Kamal Abdullayevi tanıyanlar onun nə qədər ambisioz, təkəbbürlü olduğunu yaxşı bilirlər. Əlavə olaraq bildirmək istəyirəm ki, Kamal Abdullayevin ən böyük səhvi onun özünü hamıdan ağıllı hesab etməsidir. O, dərk etməyib ki, mən onun verdiyi saxta diplomların izinə düşmüşəmsə və bunu ictimailəşdirmişəmsə, müvafiq səndələrin yenidən saxtalaşdırılması ehtimalını da nəzərə almış və lazımi sənədləri toplamışam. Üstəlik, pandemiya dövründə imtahanlarla bağlı iş elektron poçt vasitəsilə aparıldığından xeyli elektron material da orada vardır.
Siyahıdan əvvəl bəzi məlumatları vermək faydalı olardı.

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində kredit sistemi ilə tədrisin təşkili “Qaydaları”nın təsdiq edilməsi haqqında 24 dekabr 2013-cü il tarixli, 348 nömrəli qərarı ilə müəyyən edilmişdir ki: “3.2.15. Tələbə ali təhsil müəssisəsini və AMEA-nı bitirmək üçün tələb olunan kreditləri ixtisasın normativ təhsil müddətindən sonrakı 3 (üç) ildə (həqiqi hərbi xidmət müddəti nəzərə alınmamaqla) tolplaya bilmədiyi halda o, məzmununda əsaslı dəyişikliklər edilən peşə hazırlığı fənlərindən əvvəllər qazandığı kreditləri itirir. Tələbə həmin kreditləri bu qaydaların tələblərinə uyğun olaraq yenidən yığmalıdır”.

Bundan başqa, qaydalara görə, tələbə bir semestr ərzində 6-dan çox kəsir ləğv edə bilməz. Lakin araşdırma göstərdi ki, Azərbaycan Dillər Universitetində tələbələrin kəsirlərinin sayı ilə diplom verilənə qədər olan vaxt həmin kəsirləri ləğv etmək üçün kifayət etmir. Üstəlik, tələbələrin kəsiri qalmış fənlərin xeyli hissəsi davam edən fənlərdir. Sonrakı mərhələlərin kəsirlərinin ləğvi üçün əvvəlki mərhələlərdə olan kəsirlər aradan qaldırılmalıdır. Bu isə əlavə vaxt tələb edir. Bundan başqa, VI, hətta VII ilə böyük sayda kəsirlə gəlib çıxmış tələbələrin birdən-birə ildırım sürətilə kəsirlərini "ləğv edə bilməsi" də absurddur. Bu sayda kəsirin necə ləğv edilməsi məsələsi, yəqin ki, hamıya yaxşı tanışdır: rüşvət müqabilində "topdan" ləğv.

Statistikaya baxaq. Təkcə 2018-2019-cu tədris ilində Beynəlxalq münasibətlər və regionqşünaslıq fakültəsində bir əmrlə ümumlikdə 453 kəsirlə 68 tələbəyə, Filologiya fakültəsində 144 kəsirlə 35 tələbəyə diplom verilmişdir. Başqa sözlə, Beynəlxalq münasibətlər və regionqşünaslıq fakültəsində 68 tələbə, Filologiya fakültəsində isə 35 tələbə saxta diplom almışdır. Həmin tədris ili ərzində Beynəlxalq münasibətlər və regionqşünaslıq fakültəsində 5 tələbənin istehsalat praktikasından kəsiri olsa da, onlara diplom verilmişdir. Halbuki praktika üçün 21 kredit nəzərdə tutulur. Bu, o deməkdir ki, 5 tələbə toplamalı olduğu 240 kreditdən yalnız 219 kredit yerinə yetirmiş və saxta diplom almışdır. Həmin dövrdə Filologiya və jurnalistika fakültəsində 9 tələbənin, Təhsil fakültəsində isə (o zaman 1 təhsil fakültəsi var idi) 20 tələbənin pedaqoji praktikadan kəsiri olmuşdur. Lakin onların hamısına saxta diplom verilmişdir.

Saxta diplom verilmiş tələbələrin bəziləri haqqında məlumatı əvvəllər vermişdim. Ümumi siyahıya onlar da daxil edilir.
       

SİYAHI

Beynəlxalq münasibətlər və regionşünaslıq fakültəsi üzrə:

1. F.E.Şərifli – Regionşünaslıq (ərəb ölkələri) ixtisası üzrə (459-cu qrup). 2018-ci ilin yanvarında onun 23 kəsiri olmuşdur. Bu tarixdən ona diplom verilənə qədər müddət 3 semestrdir. Semestrlərdən biri isə bütövlükdə istehsalat praktikasına ayrılır. Bu müddət ərzində o, ən yaxşı halda 12 kəsir ləğv edə bilərdi. Beləliklə, 03.07.2019-cu il tarixli, 04 saylı protokol əsasında 12.07.2019-cu il tarixli, 3/48 nömrəli əmrlə ona 11 kəsirlə diplom verilmişdir, yəni 11 kəsir saxta yolla ləğv edilmiş və ya, bəlkə də, ümumiyyətlə ləğv edilməmişdir (bu barədə məlumat yoxdur).

2. Q.R.Qurbanov – Çinşünaslıq ixtisası üzrə (458-ci qrup). 2018-ci ilin yanvarında onun 18 kəsiri olmuşdur. Diplom verilənə qədər olan 3 semestrdən sonuncusu istehsalat praktikası üçün nəzərdə tutulur. Beləliklə, o, 2 semestr ərzində yalnız 12 kəsir ləğv edə bilərdi. Eyni protokol əsasında eyni əmrlə ona 6 kəsirlə saxta diplom verilmişdir.

3. M.C.Seyidov – Beynəlxalq münasibətlər ixtisası üzrə (445-ci qrup, rus bölməsi). O, ADU-ya Bakı Mühəndislik Universitetindən 27 fərq imtahanı ilə köçürülmüşdür. 2018-ci ilin yanvarında onun fərqlərlə birlikdə 27 kəsiri olmuşdur. İstehsalat praktikasında iştirak etmədiyindən onun burada da kəsiri qalmışdır. 2 semestr ərzində 12 kəsir ləğv edə biləcəyini nəzərə alsaq, ona 21.06.2019-cu il tarixli, 01 nömrəli protokol əsasında 12.07.2019-cu il tarixli, 3/48 nömrəli əmrlə 15 fəndən və istehsalat praktikasından kəsirlə diplom verilmişdir.
Filologiya fakültəsi üzrə:

4. Ş.F.Qurbanov – Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisası üzrə (441-ci A qrupu). Pedaqoji praktikadan 21 kredit kəsirlə 03.07.2019-cu il tarixli, 05 nömrəli prokol əsasında 12.07.2019-cu il tarixli, 3/435 nömrəli əmrlə ona diplom verilmişdir.

5. A.M.Hacıyeva – Dil və ədəbiyyat müəllimliyi (ingilis dili) ixtisası üzrə VII il tələbəsi (430-cu B qrupu). 12.07.2019-cu il tarixli, 3/435 nömrəli əmrlə (03.07.2019 tarixli, 7 nömrəli protokol əsasında) 7 fəndən və pedaqoji praktikadan kəsirlə (21 kredit) ona diplom verilmişdir.
Beynəlxalq münasibətlər və regionşünaslıq fakültəsi üzrə:

6. L.R.Ocaqquliyeva – Beynəlxalq münasibətlər ixtisası üzrə məzun (444-cü A qrupu). ADU-ya 2016-cı ildə köçürülmüşdür. 2018-ci ilin yanvarına fərq imtahanları ilə birlikdə onun 29 kəsiri olmuşdur. 12.07.2019-cu il tarixli, 3/438 nömrəli əmrlə ona diplom verilmişdir. Kəsirlərin ləğvi üçün onun 3 semestr vaxtı olmuşdur. Sonuncu semestr praktika üçün nəzərdə tutulduğundan 29 kəsir 2 semestr ərzində ləğv edilmişdir. 2 semestr ərzində isə ən yaxşı halda 12 kəsir ləğv edilə bilər. Başqa sözlə, 17 kəsir ləğv edilməmiş və ya saxtalaşdırılmışdır.

7. N.N.Hüseynov – Regionşünaslıq (yaponşünaslıq) ixtisası üzrə məzun (457-ci qrup). 2018-ci ilin yanvarına onun 17 kəsiri olmuşdur. 12.07.2019-cu il tarixli, 3/438 nömrəli əmrlə ona diplom verilmişdir. Kəsirlərin ləğvi üçün onun 3 semestr vaxtı olmuşdur. Sonuncu semestr praktika üçün nəzərdə tutulduğundan 17 kəsir 2 semestr ərzində ləğv edilmişdir. Bu müddət ərzində yalnız 12 kəsir ləğv edilə bildiyindən onun 5 kəsiri ləğv edilməmiş və ya saxtalaşdırılmışdır.

8. T.Ş. Ağayev – (Regionşünaslıq (İsrail və Yaxın Şərq) ixtisası üzrə məzun (454-cü qrup). 2018-ci ilin yanvarına onun 19 kəsiri olmuşdur. Həmin tarixdən ona diplom verilənə qədər olan 3 semestrdən biri bütövlükdə istehsalat praktikasına ayrıldığından 2 semestr ərzində o, ən yaxşı halda 12 kəsir ləğv edə bilərdi. Lakin 03.07.2019-cu il tarixli, 04 saylı protokola əsaslanan 12.07.2019-cu il tarixli, 3/48 nömrəli əmrlə ona diplom verilmişdir. Beləliklə, onun 7 kəsiri ləğv edilməmiş və ya saxtalaşdırılmışdır.
ARDI VAR ..."

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər