Hindistanın neft naziri:"İrandan neft almağa davam edəcəyik"
ABŞ-ın sanksiyalarına və etirazlarına baxmayaraq, Hindistan şirkətləri noyabrın 4-dən sonra da İrandan xam neft almağa davam edəcək.
“Report” NDTV-yə istinadən xəbər verir ki, bu barədə Hindistanın neft naziri Dharmendra Pradhan Nyu-Dehlidəki Energetika Forumunda bildirib.
“Ölkəmizin ehtiyaclarını ödəməliyik. Bir sıra şirkətlərimiz artıq noyabr ayı üçün kvotaları razılaşdırıblar. Ümid edirik ki, dünya liderləri ehtiyaclarımızı başa düşəcəklər“, – hindistanlı nazir deyib.
Xatırladaq ki, ABŞ bu ilin may ayında İranın nüvə proqramı üzrə sazişdən birtərəfli qaydada çıxdıqdan və İslam Respublikasına qarşı bütün sanksiyaların bərpa olunduğunu elan etdikdən sonra Hindistan da daxil olmaqla, bütün müttəfiqlərini bu il noyabrın 4-dək İran neftinin idxalını tamamilə dayandırmağa çağırır. Hindistan tərəfi isə öz növbəsində, kompensasiya olmadan bu resursların tədarükünün dayandırılmasının Hindistanda neft qiymətinin bir barelə görə, təxminən, 6 dollar səviyyəsində artmasına səbəb olacağını iddia edir.
Bu xəbər üçün şərh yazın