HÜSEYN ARİFİN QIRAQ KƏSƏMƏN kəndi haqqında yazdığı şeirdə kədər,ümid dolu hislər

HÜSEYN ARİFİN QIRAQ KƏSƏMƏN kəndi haqqında yazdığı şeirdə kədər,ümid dolu hislər 

Azərbaycanın istedadlı xalq şairlərindən biri də Hüseyn Arifdir.Şairin yaradıcılığında yer tutan,xüsusi məna kəsb edən kifayət qədər şeirləri var.Onlardan biri də Ağstafa rayonunun QIRAQ KƏSƏMƏN kəndinə həsr etdiyi şeirdir.

Ümumiyyətlə,Hüseyn Arifin yaradıcılığına vararkən uşaqlıq illərinə,köhnə yurd yerinə,balıq tutub ov-ovladığın əraziləri də göz önünə gətirib,xatırlamamaq mümkünsüzdür. 

Qaldı,bəhs edilən Qıraq Kəsəmən kəndinə bu torpaq onlarla professor,şair,müəllim,mühəndis,iqtisadçı,həkim,ziyalı və elm adamını yetişdirib.Tanınmış yazıçı Fərman Eyvazlının qələmə aldığı "QAÇAQ KƏRƏM" romanında Çar Rusiyasının yerli idarəçiliyinə bu kənddə baş qaldıran narazılığın qaçaq hərəkatı ilə nəticələnməsindən  bəhs edilir.Əsərin sujet xəttində dayanan Mollaza oğlu İsgəndərin oğlu QAÇAQ KƏRƏM  bu kənddə böyüyüb,adı dillər əzbəri olub,məzlumun,kasıbın güvəndiyi,arxalandığı şəxs kimi tarixə keçib.İsti yorğan,döşək həyatını,daşa,qayaya dəyişən Qaçaq  Kərəmlə müqayisədə kəndin ağası İSRAFİL AĞA belə əsərdə möhtəşəmdir.O,da Çar Rusiyasının Zaqafqaziya üzrə canişinləri Qançelli,Çavçavadze kimi şəxslərə qarşı cəsarətlə duruş sərgiləyib,ağası olduğu elin-obanın təsübünü heç kimə verməyib.Ağası qaçağına,qaçağı ağasına nümunə göstərilən Qıraq Kəsəmən kəndi barəsində həmişə dillər əzbəri olan nəğmələr,bayatılar  səsləndirilib.

Hüseyn Arif də Qədim Qıraq Kəsəmən haqqında yazdığı şeirdə öz parlaq istedadını nümayiş etdirib. Bu şeir ədibə şairlik şöhrəti gətirmişdir.Şeirdə Hüseyn Arifin bədii xəyalının, təbiətə vurğunluğunun, zəngin folklor biliyinin şahidi oluruq.Şairin Qədim Qıraq Kəsəmən haqqında yazdığı şeirin  ana xəttini sadə bədii və saf gözəllik təşkil edir. 

Hüseyn Arif yazmış olduğu şeirində Qıraq Kəsəmənin təbiətinə olan vurğunluğundan, ömrünün böyük bir hissəsini təbiətin qoynunda keçirməsindən, ağrılı-acılı günlərindən bəhs edir. Hüseyn Arif Qıraq Kəsəmən kəndinin təbiətin yaratdığı bir gözəllik olduğunu oxucuya çatdırır. Ədib gözəl və Qədim Qıraq Kəsəmən kəndini sevinc, kədər, ümid dolu hislərlə təsvir edir.Şair gələcək nəsilləri onu qorumağa çağırır. Hüseyn Arifin Qədim Qıraq Kəsəmən haqqında yazdığı şeir məzmun etibarilə ustad Məhəmmədhüseyn Şəhriyarın yaradıcılığının zirvəsi sayılan “Heydərbabaya salam” poemasını xatırladır. Hər iki ədib doğulub, boya-başa çatdıqları, uşaqlıqlarını keçirdikləri yerlərin keçmişi ilə indisini müqayisəli tərənnüm edirlər.Sənətkar oxucunun gözləri önündə bir elin keçmişini canlandırır.Ötənləri, keçənləri xatırlayır. Şair qəlbi gah fərəhlə, gah da kədər hissi ilə dolur. 

Hüseyn Arifin  Qədim Qıraq Kəsəmən haqqında yazdığı şeir şairin balalarına, yəni yeni nəslə xitabı ilə başlayır. Ədib yurdunun, elinin, obasının boş qalmasını, evinin yerində son kərpicin, son dirəyin qalmasını böyük təəssüflə təsvir edir.Şair yurdunu kolların, kosların bürüdüyünü çox böyük məyusluqla seyir edir.

Baxın, balalarım, o yurd yerinə;
Üzülüb son kərpic, qopub son dirək.
O ocaq yerinə,o od yerinə
Kolları, kosları gətirir külək.

Hüseyn Arif Qədim Qıraq Kəsəmən kəndini sehirli qalaya, ordusu pozulmuş sərkərdələrə, tək çinara, yolunu azmış qərib durnalara bənzədir. "Silinib evlərin çalı-çəpəri"- deyən,şair yurdunun xarabalığa çevrilməsinə dözə bilmir. Bu misralarda dərin kədər hissi duyulur.

O  "qüllə" adlanan sehirli qala
Dözür tənhalığa sinə gərərək.
Necə də qərq olub fikrə, xəyala,
Ordusu pozulmuş sərkərdələrtək.

Silinib evlərin çalı-çəpəri,
Tək çinar yol azmış qərib durnadır.

Hüseyn Arif də ustad Məhəmmədhüseyn Şəhriyar kimi "Hanı vaxtlı-vaxtsız gedib,gələnlər?"- deyir. Cığırları, yolları ot basmasından şikayət edir. Bu şikayətin bir səbəbi vardı, şair yurdunu belə halda görmək istəmirdi. Gəlib gedənləri yadına salan şair daha çox təəssüf hissi keçirir. Yaşının ahıl vaxtında öz kəndinə qayıdan sənətkar yurdunun keçmişini xatırlayıb,uşaqlıq illərinə xəyalən səyahət edir. O vaxtkı Qədim Qıraq Kəsəmən kəndi ilə indi gördüyü kəndi müqayisə edir və bu müqayisə zamanı gördüyü fərqlər ədibi çox sarsıdır.

Köhnə kişiləri anır elə bil
Sükuta qərq olmuş doqqaz daşları.
Könül nə danışır, könül nə deyir,
Gəlib gedənlərin həsrəti canda,
Necə də burnumun ucu göynəyir,
Köhnə kişiləri xatırlayanda.

Hüseyn Arif də ustad Məhəmmədhüseyn Şəhriyar kimi uşaqlıq dostlarını xatırlayır, onlarıda yad edir. Onlarla keçirdiyi vaxtları xatırlayıb,uşaqlığı üçün darıxır. O qayğısız zamanlara dönmək istəyir.

Çılpaq, cəld uşaqlar çıxıb güləşə,
Sahildə qum üstə əlləşərdilər.
Əsədin, Mirzənin ötdüyü yerdə
Gəlib çöl quşları səslənəcəkmiş.

Hüseyn Arif  Qədim Qıraq Kəsəmən haqqında yazdığı şeirində bu kənddə hər evdə əziz olduğunu, məktəblilərin onu hər gəlişində əl çalaraq qarşıladığını,üzünə bütün qapıların sualsız, sorğusuz açıldığını qeyd etməklə, kəsəmənlilərin qonaqpərvərliyinə heyran olduğunu da gizlətmir.

Yadıma salıram hər gəlişimi,
Qalxıb məktəblilər əl çalardılar.
Sualsız, sorğusuz öz qapım kimi
Qapılar üzümə açılardılar.

Hüseyn Arifin Qədim Qıraq Kəsəmən kəndi haqqında yazdığı bu şeirin ən əsas özəlliklərindən biri də odur ki, Kəsəmən kəndinin sakinlərinin, kəsəmənlilərin xasiyyətlərini, xarakterlərini ümumi şəkildə təhlil edir və ümumi nəticəyə gəlir.

Mərd mərdi qısnayıb bərkdə satmadı,
Bu ona, o buna güllə atsa da,
O buna, bu ona böhtan atmadı.
Mən çox eşitmişəm kəsəmənlinin
Sözü bütöv olub, üzü bir olub.

Ədib təzə Kəsəmən ilə özünün uşaqlığındakı, gəncliyindəki Kəsəməni qarşılaşdırır. Şairi təzə binaların cərgələnməyi, geniş pəncərəli mənzillərin tikilməyi, təzə məskənin, təzə yerin salınmağı ümidləndirir və fərəhləndirir. Təzə Kəsəmənin təzə evinin görkəmi şairi olduqca çox sevindirir.

Ey təzə Kəsəmən, görürəm artıq
Təzə binaların cərgələnibdir.
Geniş pəncərəli mənzillərində
Şəfəqlər oynayır, qızıl şəfəqlər.

Hüseyn Arif Qədim Qırax Kəsəmən kəndi haqqında yazdığı şeirinin sonunda yenidən öz övladlarına müraciət edib,onlara ağsaqqal öyüdü, nəsihəti verir. Yeni nəsilə öz təcrübələrinin yekununu söyləyir. Bu həyatda hansı yolu tutsalar, onlar üçün daha məqsədə uyğun olar onu bildirir. Onlara bu coşğun, qaynar həyatda yaşamağın yolunu göstərir.

Çiçək də becərin, bağça da, bağ da,
Meyvə budaqları zədələnməsin.
Ey təzə Kəsəmən, təzə ocaqda
Köhnə Kəsəmənin odu sönməsin.

Şairin bu şeirini onun monoloqu da hesab etmək olar. Əsər bir el ağsaqqalının nəsihətləri ilə bitir. O, yeni nəsli, gəncləri vətənin hər daşını sevməyə, qorumağa, qədrini bilməyə çağırır. Qədirlərini bildikləri hər daşın bir dövrün yadigarı olduğunu deyir. İnsan üçün ana torpağın hər yaşda doğma olduğu fikrini təbliğ edir.

Balalar, bu coşğun, qaynar həyatda
Adi, boz gülün də bilin qədrini!
Bu qədim ocaqda, bu doğma yurdda
Duyun, babaların duyun ətrini.

FUAD İSGƏNDƏROV

Faktinfo.az saytının baş redaktoru


Qeyd: "Baxın, balalarım..."- Qədim Qıraq Kəsəmənin yurd yerində düşüncələr şeirini olduğu kimi təqdim edirik:


Baxmayın axşamın qaranlığına,

Baxmayın bürküdür,İtib cığır, iz,

Baxmayın çən qonub Kür qırağına,

 Baxın balalarım, bir də baxın siz.


Baxın, balalarım, o yurd yerinə;

Üzülüb son kərpic, qopub son dirək.

O ocaq yerinə, o od yerinə

Kolları, kosları gətirir külək.


O “qüllə” adlanan sehirli qala

Dözür tənhalığa sinə gərərək.

Necə də qərq olub fikrə, xəyala,

Ordusu pozulmuş sərkərdələrtək.


Silinib evlərin çalı-çəpəri,

Tək çinar yol azmış qərib durnadır.

Yulğun çubuqları, biyan çöpləri,

Ayağı göynədir, əli qanadır.


Kölgədə qaynayır qara bulaq da,

Hanı vaxtlı-vaxtsız gedib-gələnlər?

Cığırı ot basıb,Görünməz daha

Sənəkli, cürdəkli qızlar, gəlinlər.


İgidlər məskəni “Boz” o “Boz” deyil,

Haraya dikilib lal baxışları?

Köhnə kişiləri anır elə bil

Sükuta qərq olmuş doqqaz daşları.


Könül nə danışır, könül nə deyir,

Gəlib gedənlərin həsrəti canda,

Necə də burnumun ucu göynəyir,

Köhnə kişiləri xatırlayanda.


Baxın, balalarım, o tək iydəyə,

Neçə yol ətrini qovlamışam mən.

O dağılmış ağıl, o sökük pəyə

Necə var gözümün keçir önündən.


O tayda qoyunlar axıb örüşə,

Bu tayda quzular mələşərdilər.

Çılpaq, cəld uşaqlar çıxıb güləşə,

Sahildə qum üstə əlləşərdilər.


De, kim inanardı buna bir zaman,

De, kim inanardı, ey dost, ey tanış,

Usta Hüseynin çay daşlarından,

Qurduğu binalar yoxa çıxarmış?!.


Qəlbim intizarda, beynim fikirdə,

Şairdən xəbər al, şair nə çəkmiş?!

Əsədin, Mirzənin ötdüyü yerdə

Gəlib çöl quşları səslənəcəkmiş.


De, kim inanardı buna bir zaman,

Həyatın qəribə çağları varmış...

“Min öylü Kəsəmən” öz yuvasından.

Başqa bir yuvaya uçub qonarmış?..


Dəyişir səmtini çeşmələr, çaylar,

Hələ nələr, nələr dəyişəcəkdir...

Nə deyim, bəlkə də belədir qərar,

Nə deyim, bəlkə də belə gərəkdir.


Yadıma salıram hər gəlişimi,

Qalxıb məktəblilər əl çalardılar.

Sualsız, sorğusuz öz qapım kimi

Qapılar üzümə açılardılar.


Hərənin dilində bir duzlu dastan,

Yorğunluq çəkilər, yuxu qaçardı,

Biri Alsöyündən, biri Hajandan,

Biri İsrafildən söhbət açardı.


Başqadır mənası hər ötən dəmin,

Dünyanın söhbəti dünya qədərdi.

Adı çəkiləndə Qaçaq Kərəmin

Böyük də, kiçik də qürrələnərdi.


Köhlən səyirtdilər daşda, qayada,

Mərd mərdi qısnayıb bərkdə satmadı,

Bu ona, o buna güllə atsa da,

O buna, bu ona böhtan atmadı.


Kəsəmən adlanan bu ağır elin

Süfrədə çörəyi, duzu bir olub.

Mən çox eşitmişəm kəsəmənlinin

Sözü bütöv olub, üzü bir olub.


Ey təzə Kəsəmən, görürəm artıq

Təzə binaların cərgələnibdir.

Yol var, başa varıb, yol var yarımçıq,

Yol var ağaclarla kölgələnibdir.


Geniş pəncərəli mənzillərində

Şəfəqlər oynayır, qızıl şəfəqlər.

Təzə məskənində, təzə yerində

Zəfərlə oyansın hər yeni səhər.


Qəlbini inamla bəzə evində,

Dəyanət, sədaqət itməyəcəkdir.

Ey təzə Kəsəmən, təzə evində,

Köhnə Kəsəmənin şəklini çəkdir.


Çiçək də becərin, bağça da, bağ da,

Meyvə budaqları zədələnməsin.

Ey təzə Kəsəmən, təzə ocaqda

Köhnə Kəsəmənin odu sönməsin.


Balalar, bu coşğun, qaynar həyatda

Adi, boz gülün də bilin qədrini!

Bu qədim ocaqda, bu doğma yurdda

Duyun, babaların duyun ətrini.


Bir daş önündə də qalxın ayağa,

Hər daş da bir dövrün yadigarıdır.

Baxın, elə baxın ana torpağa

Desinlər, Hüseynin balalarıdır.

/Faktinfo.az 

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər