Hüseyn Cavidin "Afət" faciəsində realizmlə romantizmin heyrətamiz vəhdəti

Hüseyn Cavidin "Afət" faciəsində realizmlə romantizmin heyrətamiz vəhdəti 

Hüseyn Abdulla oğlu Rasizadə Naxçıvan şəhərində 1882-ci il oktyabr ayının 24-də anadan olmuşdur. Ədib XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsidir.

Hüseyn Rasizadə Azərbaycan ədəbiyyatı tarixində filosof şair, böyük dramaturq Hüseyn Cavid kimi tanınmışdır. Hüseyn Cavid Azərbaycan ədəbiyyatı tarixində romantizm ədəbi cərəyanın ən qüdrətli sənətkarlarından biridir. Ədib 1909-cu ildən “Cavid” ədəbi təxəllüsü ilə yazmağa başlamışdır. Hüseyn Cavidin dramaturji yaradıcılığı olduqca zəngindir. Hüseyn Cavidin “Afət” faciəsinin tədqiqinə həsr olunmuş çox sayda tədqiqat işləri vardır. Azərbaycan ədəbiyyatşünasları “Afət” faciəsində qoyulan bir sıra bəşəri problemləri, müəllifin insan konsepsiyasını, Şərq və Qərb filosoflarının görüşləri ilə müqayisəli şəkildə şərh etmişdirlər. Əsərdə dramaturqun insan konsepsiyasına dair görüşləri öz əksini tapmışdır. Hüseyn Cavid 4 pərdəli “Afət” faciəsini 1922-ci ildə faciə janrında, nəsrlə qələmə almışdır. Əsərdə qadın mövzusuna, qadının mənəviyyat və şəxsiyyət azadlığı məsələsinə toxunulmuşdur.                                                                                            

H.Cavidin “Afət” faciəsi ailə, məişət mövzusunda yazılmış faciəvi sonluqla bitən əsərdir. H.Cavidin “Afət” faciəsində türk zadəgan mühitində, kübar ailələrində olan ziddiyyətlər əks olunmuşdur. Faciənin konflikti gərgin, bir-birini təqib edən hadisələr əsasında qurulub, süjet xətti isə çoxşaxəlidir. Hüseyn Cavid “Afət” faciəsinin baş qəhrəmanı olan Afətin xarakteri ilə Azərbaycan ədəbiyyatında orijinal qadın obrazı yaratmağa nail ola bilmişdir. H.Cavidin “Afət” faciəsinin əsas obrazı Afət yaşadığı həyatda və cəmiyyətdə yüksək bir mövqeyə sahib bir qadın idi.

Afət kübar və zadəgan bir xanımdır. Hüseyn Cavid “Afət” faciəsində burjua-zadəgan mühitini, kübar adətlərini və əxlaq normalarını təsvir etmişdir. H.Cavidin yaratmış olduğu digər qadın obrazları ilə müqayisədə Afət mürəkkəb və ziddiyyətli xarakterə sahibdir. O, H.Cavidin bütün qadın qəhrəmanlarından xarakterinin çılğınlığına, romantik duyğularına məğlub olmağına, məhəbbətində hüdud tanımamağına, qisas almağa meyilliliyinə görə fərqlənir. Onun xarakterindəki sevgisiz yaşaya bilməmək duyğusu onu uçuruma aparır. Nifrət və intiqam Afət obrazının xarakterindəki əsas anlayışlar idi. H.Cavidin “Afət” faciəsinin əsas obrazı Afət 33 yaşında, şux, lütfkar, füsunkar bir qadındır. Hüseyn Cavid “Afət” faciəsində burjua-zadəgan mühitinin iç üzünü obrazların öz dili ilə ifşa edir. Doktor Qaratayın sözləri ilə maarif müdiri Xandəmirin əməllərini ifşa edib, cəmiyyətin bu cür simalarını ifşa edir. “Şaka deyil a! Hərif bir şey bilmədiyi halda maarif müdiri... Gənc olmadığı halda hovarda, az bir maaşla pək zəngin... Daha nə istərsin. Bütün arqadaşları arasında “Müsyo Fırıldaq” deyə şöhrət bulmuşdur”.                                                                              

H.Cavid “Afət” faciəsində qadına olan hörmət və məhəbbətini doktor Qaratayın sözləri ilə bildirir. “Qadınsız bir məclis, gülsüz bahara, bülbülsüz çəmənzarə bənzər. Gerçəkdən, qadın həyat, həyat isə qadın deməkdir”.             H.Cavidin “Afət” faciəsinin əsas obrazı Afət doktor Qaratayın eşqindən əbədiyyətən əmin olmaq və doktor Qaratayın onu bütün mənliyi, bütün həyatı və səadəti ilə sevməyini istəyirdi. Afət pyesdə xəyanəti heç bir vəclə qəbul edə bilməyən xarakteri ilə seçilir. H.Cavid Afət obrazının vasitəsilə dövrünün qadınlarından fərqli bir qadın xarakteri yaratmışdır. Afət qorxmazdır, intiqam almaq onun xarakterinə yad deyil. “Ancaq şu qadar var ki, aldadılmaq istəməm, aldandığımı duysam məhv olurum. Həm də pək kinliyim,anlıyormusun? Bəni aldatmaq istəyənləri əsla əfv etməm. İki gözüm olsa belə intiqam alırım, intiqam!.. Əvət, bən, pək kinliyim. Bəni təhqir edənlər Əzrailin qucağına atılmış olurlar”.                          

Əslində H.Cavid “Afət” faciəsinin əsas obrazı olan Afətin simasında həyat yoldaşını sevməyən, ona məhəbbəti olmayan qadınların faciəsini yaratmışdır. Belə ki, gənc Afət həyat yoldaşı Özdəmiri əsla sevmir, ondan canını qurtarmaq üçün bir çarə, bir dərman, bir zəhər, bir atəş axtarırdı. Afət əsərdə həyat yoldaşını sevməyən, ona məhəbbəti olmayan qadın kimi təsvir olunmasına baxmayaraq, o, Özdəmirin qızlarına ana qayğısı ilə yaxınlaşır. Onlarla lətif, məsum davranır. Əsərdə Özdəmiri səfil edən onun sərxoşluğu və sərsəriliyidir. Faciədə gənc Afətin və onun həyat yoldaşı Özdəmirin keçmişləri və indiləri Ərtoğrulun dilindən belə təsvir olunur. “O, bu şəhərə gələli çoq deyil... Eşitdiyimə görə pək kibar və alafranqa bir ailəyə mənsub imiş. Fəqət böyük bir fəlakət birdən-birə evlərini söndürmüş, varyoqları əldən çıqmış, babası fəqir düşüncə qızını Özdəmirə vermiş... Şu hərif də gündəngünə poslayı şaşıraraq ailəsini düşünəməz olmuş... Şimdi hər gün bir oteldə sərxoşca vaqıt keçiriyor. Evə gəldiyi zamanlarda Afəti pək qabaca təhqir ediyormuş... Təbii Afət də şu qabalığa dayanamıyaraq ondan soyuyacaq və get-gedə Qaratay kibi macəraçılara ısınmağa məcbur olacaq”...                                                      

H.Cavid “Afət” faciəsində doktor Qaratay ilə Özdəmirin xarakterlərini müqayisəli şəkildə təhlil edir. Afət doktor Qaratay ilə Özdəmirin xarakterlərini, hərəkətlərini, həyatlarını, cəsarətliliklərini müqayisəli şəkildə təhlil edərək, doktor Qaratayı seçir. Afətin doktor Qaratayı seçməsində əsas səbəb o idi ki, onu dürüst, şən, insaflı, dəliqanlı, mərhəmətli, qürurlu və əzəmətli biri kimi tanıyır. Həyat yoldaşı Özdəmiri isə doktor Qarataydan fərqli olaraq, insafsız, mərhəmətsiz, nəzakətsiz, duyğusuz, məcəraçı,olduqca sərvət və şöhrət düşkünü bir kimi bilir.Afətin doktor Qarataydan istəyi sonsuz məhəbbət və səadət idi. Afət nə doktor Qaratayla olan sevgi münasibətində, nə də ki,  həyat yoldaşı Özdəmirlə olan evliliyində xoşbəxt ola bilməyən zavallı bir qadın idi. Bütün mühit, qanunlar, din, adətlər ona qarşı idi. Afət doktor Qaratayın toruna düşməmişdən əvvəl dünyadakı otları, çiçəkləri, quşları, kəpənəkləri, insanları və heyvanları sevən, onlara məhəbbət göstərən biri idi. O, gələcəyini, səadətini düşünərkən, qaranlıq bir gələcək, aldadıcı bir həyat, qorqunc və gülünc iztirablar onu yaxaladı. Onun dərdi, düşüncəsi eşq, gözəllik, məhəbbət idi. Afəti doktor Qaratayın xəyanəti dinlərdən, mənəviyyatdan, məzhəblərdən uzaqlaşdırmışdı. Mənəviyyatdan uzaq düşmüş Afət kimsəsizlikdən göz yaşı tökür, qürubun məhzunluğunu, gecənin sükutunu, fəzanın dərinliyini,  musiqinin ritmini, çayların, ırmaqların ninnisini, dənizlərin çağlayan səsini, ildırımların gurlamasını, xəfif küləyin zümzüməsini, yapraqların, çiçəklərin xışıltısını, bülbüllərin ötüşməsini, vurğun gönüllərin acı təranəsini, uşaqların qəhqəhəsini, körpə quzuların mələməsini duymurdu. Artıq onun sirdaşı qürubun ölgün nəfəsi və gecənin səssiz qaranlığı idi. Əslində isə H.Cavidin “Afət” faciəsinin əsas obrazı olan Afət necə lütfkar və nəzakətli idi. Onun gənclik, gözəllik və böyük səadət arzusu puç olmuşdu. Afətin mənəvi böhranlar keçirməsinin əsas səbəbi o idi ki, doktor Qaratayın toruna düşərək, həyat yoldaşı Özdəmiri öldürmüşdü. Bundan sonra isə doktor Qaratayın ona sadiq qalacağına, onunla birgə uzun, xoşbəxt ömür keçirəcəyinə ümid edərkən, doktor Qaratayın qatili olduğu həyat yoldaşı Özdəmirin qızı Altunsaç ilə evlənəcəyini öyrənir. “Xayır... O ağlanacaq şey isə də, bən ona gülərim (qəhqəhə). Fəqət o dodaqlar ki, dün bənim ayaqlarımı öpüyordu, bu gün Altunsaçın dodaqlarını əməcək. O hərif ki, bir az əvvəl bənim əlimdə oyuncaq idi, bir az sonra Altunsaçı kəndi əlində oynatacaq”...                                                                                                                        

H.Cavidin “Afət” faciəsinin baş qəhrəmanı Afət xaraktercə özünəməftun bir qadın idi. O, füsunkar gözləri, gözəl dodaqları ilə daim fəxr edirdi. Özünün aynadakı rəsminə məftun idi. Afətin gözəlliyi ilə duyğusuz və mənasız həyatı bir-birinə təzad təşkil edirdi. Afətin həyatı doktor Qaratayla Altunsaçın evlənməsi xəbərini eşitdikdən sonra qaraldı. Onun dünyası dağıldı, ümidləri soldu. Doktor Qaratayın toruna düşərək, həyat yoldaşı Özdəmiri öldürən Afətin aldadıldığını anlaması onun bütün xəyallarının puç olması ilə nəticələnir. Doktor Qaratayın ittihamlarına dözməyən Afət mənəvi sarsıntı keçirir. “Öncə miskin bir kölə kibi qarşımda diz çökdün, boyun bükdün; fəqət sonra bəni atdın, başqalarını tutdun. Gah rəqqasələrə vuruldun, gah Altunsaçı buldun... Ah, şimdi, şimdi isə bəni təhqir ediyorsun, bəni qəbahətli çıqarmaq istiyorsun”.                                                                           

H.Cavidin “Afət” faciəsinin əsas obrazı olan Afətin faciəsi sevmədiyi Özdəmir ilə evlənib, sevgi, məhəbbət, qayğı görməyərək, boşluqdan doktor Qaratayın toruna düşməsi ilə başlayır. Afət doktor Qaratayı pərəstiş edərcəsinə sevirdi. Afət doktor Qarataya sevgi və məhəbbətini belə açıb, söyləyir. “And olsun uyqusuz gecələrə, and olsun ağlar gözlərə, and olsun gözəlliyə və məhəbbətə, bən yalnız səni seviyorum, yalnız sana qavuşmaq istiyorum. Əvət, məsum bir çocuq nasıl nurdan, rəngdən həzz alarsa, bən də səndən, sənin visalından o qadar zevq alıyorum”.                                                                                                                                   

H.Cavidin “Afət” faciəsinin baş qəhrəmanı Afət doktor Qaratayın xəyanətinin nəticəsində və həyatda tək qaldığı üçün bir çiçək kimi solmuşdu. Elə bir vəziyyətə gəlmişdi ki, aynaya bağmağa belə cəsarət edə bilmirdi. O, sanki, solğun bir çiçək kimi ruhunu qara topraqlara təslim etmişdi.  Doktor Qaratayın xəyanəti onun kimi gözəl bir qadının  gözəlliyini soldurub, məhv etmişdi. Onun həm səadəti, həm də məhəbbəti  intiqam hissinə çevrilmişdi. Afət artıq itirəcək bir şeyi olmadığı üçün özünü ən təhlükəli uçurumlar çirkabına atmışdı.                                         H.Cavidin “Afət” faciəsində xəyanət qurbanı olan digər bir məsum obrazlardan biridə Alagözdür. Alagöz bu qədər riyakarlığa dözə bilməyib, zəhər içərək, intahar etmək istəyir. Lakin, Ərtoğrul onu ölümdən xilas edə bilir. Alagözün belə mənəvi böhranlar keçirməsinin ən əsas səbəblərindən başlıcası Afət idi. Bütün qızlar içində parlaq bir almaz, dilbər bir çiçək, məsum bir mələk olan Alagöz özünün doğma anası bildiyi Afətin əslində onun ögey anası olduğunu belə öyrənir. “Bən sənin anan deyilim, sən hənuz iki yaşında ikən anan tərki-həyat etmiş. Baban bəni sonra aldı, bən isə göz bəbəyi kibi səni bəslədim, məsum bir mələk kibi böyütdüm”.                                                                                                                                 

H.Cavidin “Afət” faciəsində xəyanət qurbanı olan Afətin faciəsini qaçınılmaz edən doktor Qaratayın əxlaqsızlığı, sərxoşluğu, sayğısızlığı idi. Afət doktor Qarataya vurulduqdan sonra, qatil olub, həyat yoldaşı Özdəmiri zəhərləyərək, öldürür. Afət mənəvi sarsıntı keçirərək, özünü Alagözə belə təqdim edir. “Bən sənin anan deyilim... Bən qatil, cəllad, ləkəli bir qadınım. Artıq bəni unut”!..                                                                                                                                          

H.Cavidin “Afət” faciəsində öz məsumluluğu ilə seçilən Alagöz Afətin onun əsl anası olmadığı xəbəri məhzun bir təbəssümlə qarşılayır. O, ləkəli ana damğasından azad olmuşdu. Bütün dünyaya onun anasının ləkəli Afət olmadığını bağırıb, söyləmək istəyirdi. Afətin qarşısında bir yol qalırdı qəddar, xain, cəllad Qarataydan xilas almaq. O ancaq bu yolla özünü haqsızlıq etdiyi Alagözün qarşısında təmizə çıxara bilərdi. Afət doktor Qaratayı silah ilə öldürərək, ondan Özdəmirin intiqamını, öz intiqamımı, gözəlliyin intiqamını alır.

Afət doktor Qaratayı öldürəndən sonra onun  cənazəsini qucaqlayıb öpərək, dərin sarsıntılar keçirir. H.Cavidin “Afət” faciəsi zavallı qadın Afətin zəhər içərək, intihar etməsi səhnəsi ilə bitir.                                                                                                                         

H.Cavidin yaradıcılığında mərkəzi yerlərdən birini tutan qadın hüquqlarını tapdayanlara qarşı mübarizəyə həsr olunan “Afət” faciəsinin mövzusu bütün dövrlər üçün aktualdır. H.Cavidin “Afət” faciəsi Azərbaycan ədəbiyyatında Azərbaycan qadınlarının düşdüyü uçurumu və əhatə olunduğu qaranlıq mühitin təsviri baxımından ən dəyərli bir əsərdir.

Atakişiyeva Həcər

Faktinfo.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi