Həkim peşəkarlığı tələb edən doğum evləri, ana və körpə ölümlərinə səbəb olan amillər...

Həkim peşəkarlığı tələb edən doğum evləri, ana və körpə ölümlərinə səbəb olan amillər... 

Bu gün doğum evlərində körpələrin "travma" ilə doğulması halları daha çox baş verir.

Ölkəmizin səhiyyə ocaqlarında, daha doğrusu doğum evlərində, baş alıb gedən ana və körpə ölümləri, körpələrin qüsurlarla dünyaya gəlməsi həyəcan təbili çalan məsələlərdəndir. Doğrusu, ana və körpə ölümünə dair hallar artıq ekspertlərin müzakirələr aparmalı olduğu problemdir. Statistika da bu halın qorxulu şəkil aldığını təsdiqləyir.Beləliklə, bu yazıda bir neçə gün qabaq qeyd etdiyimiz kimi, ana və uşaq ölümlərinə səbəb olan amillərdən, körpələrin travma ilə doğularkən sonrakı mərhələdə ortaya çıxan fəsadlardan yazacağıq.Belə ki, bu çatışmazlıqlar ovqat pozan hallar təkcə kiminsə körpəsinə xərclədiyi vəsaitlə yekunlaşmır. Doğum evlərindəki xərclənən əlavə vəsaitin üstündən keçmək, hardasa dilə gətirməmək olar. Çünki, dünyaya körpə gəlirsə, bunun müqabilində xərclənən vəsait heçnədir. Təki Allah bütün ailələrə körpə qismət etsin, bu yolda hər bir valideyn cibinə uyğun vəsait xərcləsin.

Ancaq məsələ bununla bitmir. Səhiyyədən məlumatı olan şəxslər bilir ki, məhz fizioloji proses olan doğuşun normal yekunlaşması, doğuşaqədərki prosesləri düzgün qiymətləndirmək həkim peşəkarlığı tələb edir. Təəssüf hissi ilə qeyd edilməlidir ki, bu istiqamətdə hələ də kifayət qədər problemlər həllini tapmadığına görə ilkin problem də məhz buradan qaynaqlanır. Yəni, uşağın ana bətnində çəkisi, qadın məsləhətxanaları tərəfindən olunan qeydlərə doğum evindəki həkimlər inanır, hamilə qadın üzərində doğuşdan bir neçə gün əvvəl aparılmayan müayinələr doğuş günü müxtəlif fəsadlara yol açır, ana və uşaq ölümləri baş verir.Bu gün doğum evlərində körpələrin “travma” ilə doğulması halları daha çox baş verir.

 Doğum evlərində bu istiqamətdə hər hansı islahata ehtiyac isə hələki məqsədə uyğun hesab edilmir. Əqli, fiziki inkişafdan geri qalan uşaqların sonrakı taleyi isə Respulika büdcəsini ziyana salır. Bu isə valideyn və həkimlərin günahı ucbatından ortaya çıxır.Beləliklə, yuxarıda vurğuladığımız fikirlər deməyə əsas verir ki, əksər rayon doğum evlərində mahiyyət etibarilə ənənəvi nöqsanlar olub və hələ də qalmaqdadır.Doğuş prosesində bəzi təcrübəsiz həkimlərin şəraiti düzgün qiymətləndirə bilməməsi nəticəsində asfiksiya, kəllə travması, hematoma, bud, çanaq çıxığı, körpücük sümüyünün sınığı və s. travmalarla körpə şikəst doğulur. Təbiidir, belə vəziyyətdə körpə Uşaq Nevroloji, Travmotologiya və Pediatriya İnstitutlarınına məsləhət bilinir və orada müalicə almalı olur. Ana isə ölümcül şəraitdə palatalarda qalır. Qan itirir, anemiya və digər vəziyyətlərdən əziyyət çəkir. Bəzən həkimlər yaranmış situasiyadan ananı xilas edə bilmirlər. Həkim qiymətləndirmə cədvəlində körpənin çəkisini bir az artıq göstərməklə özünü sığortalayır, körpə isə uzun illərlə müalicələrdə qalır.

Bəzən xəstənin sahibindən 1000-1500 manat almaq səbəbilə digər üsula da əl atılır, geniş yayılmış “kesariyyə kəsiyi”nə üstünlük verilir. Təbii ki, bu “narkoz”suz olmur. “Narkoz”un sonrakı fəsadları isə bəzi hallarda xəstəyə başa salınmır. Prosesə start verilir və elə hallar olur ki, “Narkoz”un düzgün verilməməsi nəticəsində xəstə çox ağır vəziyyətlə, iflic və yaddaş pozulmasına qədər gəlib çıxa bilir və bəzən də ölür.Digər tərəfdən, dünyaya gələcək körpələrin taleyinə səhlənkar yanaşan anaların ucbatından da fəsadlar baş verir. Bu ya laqeydlik, ya da savadsızlıq səbəbindən yaranır. Ana vaxtında müayinə olunub, müalicə edilmir. Nəticədə körpə kəllədaxili təzyiq, hidrosefaliya və s. qüsurlarla dünyaya gəlir. Bu qüsurlar isə bəzi hallarda uşaqlarda müalicə olunmayan serebral iflicə qədər gətirib çıxarır, xəstəlik kütləvi xarakter alır. İnternatlarda xəstə uşaqların sayı artır. Onların saxlanması kifayət qədər vəsait aparır. Yenə də sonu bilinməyən vəziyyət yaranır. Hansısa həkimin savadsızlığı, naşılığı, valideynlərin isə nadanlığı ucbatından körpə dövlətin gələcək inkişafından kənarda qalır, cəmiyyətin sağlam üzvünə yox, probleminə çevrilir. Ona görə də qəbul edilməlidir ki, təcrübəsiz həkimlərlə vidalaşmaq, doğum evlərində ciddi islahatlar aparmaq lazımdır. 

Səhiyyə Nazirliyi tərəfindən rayonlardakı doğum evlərini də məhsuldar işləməyə məcbur etmək məqbuldur. Paralel olaraq, KİV-lərlə əlaqəli olmalı, ictimaiyyət vaxtaşırı məlumatlandırılmalıdır. Belə olarsa, “sağlam körpə, sağlam cəmiyyətin əsasıdır” fikrini bir daha təsdiqləmiş olarıq.Həqiqət isə ondan ibarətdir ki, ya Səhiyyə Nazirliyi işləmir, ya da ana və uşaq ölümlərinə biganə qalırlar. Əgər belə olmasaydı, hamilə qadınları pisxoz vəziyyətinə salmalarına, ana və uşaq ölümlərinə nazirlik rəsmiləri tərəfindən düzgün aydınlıq gətirilərdi. Yoxsa ki, ana və uşaq ölümündən sonra “araşdırılacaq”, “komissiya yaradılıb” və “kimin təqsirkar olub-olmaması bilinəcək” kimi ifadələrlə ictimaiyyəti aldatmazdılar.

Hələlik isə onu bildiririk ki, Səhiyyə naziri Oktay Şirəliyev bu mövzu ilə bağlı nədənsə hələ də susur, əsaslı bir mövqe sərgiləyə bilmir. Pisi də odur ki, belə hallar kütləvi xarakter alıb.

Firidun Oruc

Faktinfo.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi