İctimai Şuranın təşəbbüsü ilə “Təhlükəsizlik və şəhərsalmanın müasir çağırışları” mövzusunda ictimai müzakirə təşkil olunub

İctimai Şuranın təşəbbüsü ilə “Təhlükəsizlik və şəhərsalmanın müasir çağırışları” mövzusunda ictimai müzakirə təşkil olunub 

Daxili İşlər Nazirliyi (DİN) yanında İctimai Şuranın təşəbbüsü ilə Nazirliklə birgə “Təhlükəsizlik və şəhərsalmanın müasir çağırışları” mövzusunda ictimai müzakirə təşkil olunub.

Faktinfo.az Azpolitika.info-ya istinadla xəbər ki,tədbir Prezident tərəfindən cari ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi və 17–22 may tarixlərində keçiriləcək BMT-nin Ümumdünya Şəhərsalma Forumunun (WUF13) On Üçüncü Sessiyası çərçivəsində baş tutub.

Müzakirənin əsas məqsədi şəhər təhlükəsizliyi sahəsində müasir yanaşmaların təqdim edilməsi, urbanizasiya, nəqliyyat yüklənməsi, texnoloji inkişaf, ekoloji risklər və fövqəladə hallara hazırlıq kimi amillər fonunda kompleks təhlükəsizlik modelinin formalaşdırılması, həmçinin dövlət və ictimai institutlar arasında koordinasiyanın gücləndirilməsinə töhfə vermək olub.

DİN-in “Xəzri” İstirahət və Sağlamlıq Mərkəzində keçirilən tədbirdə müvafiq dövlət qurumlarının nümayəndələri, DİN yanında İctimai Şuranın üzvləri, QHT-lər və akademik dairələrin təmsilçiləri iştirak ediblər.

İştirakçılar sırasında QHT-lərə Dövlət Dəstəyi Agentliyinin İdarə Heyətinin sədri, WUF13 üzrə Təşkilat Komitəsinin üzvü Aygün Əliyeva, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin müavini İlqar İsbatov, eləcə də Fövqəladə Hallar Nazirliyi, Elm və Təhsil Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, AYNA, MİDA, Bakı Şəhər İcra Hakimiyyəti, Azərbaycan Memarlıq və İnşaat Universiteti və Azərbaycan Memarlar İttifaqının nümayəndələri yer alıblar.

Çıxışlarda şəhər mühitində təhlükəsizliyə kompleks yanaşma, dövlət-ictimai əməkdaşlığın gücləndirilməsi, həmçinin urbanizasiya və texnoloji inkişafdan irəli gələn risklərin idarə olunması məsələləri diqqət mərkəzində olub.

DİN yanında İctimai Şuranın sədri Əliməmməd Nuriyev bildirib ki, WUF13 Azərbaycanın şəhər təhlükəsizliyi sahəsində yanaşmalarını beynəlxalq səviyyədə təqdim etmək üçün mühüm platformadır və dövlət-ictimai koordinasiyanın gücləndirilməsinə töhfə verir.


QHT-lərə Dövlət Dəstəyi Agentliyinin sədri Aygün Əliyeva isə QHT-lərin forumda fəal iştirakının əhəmiyyətini vurğulayaraq, vətəndaş cəmiyyətinin ictimai iştirakçılıq, ekoloji təhlükəsizlik və dayanıqlı inkişaf sahələrində qlobal şəbəkələşmə imkanı əldə edəcəyini bildirib.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin müavini İlqar İsbatov şəhərsalmanın müasir standartları, baş planlaşdırma və təhlükəsiz şəhər mühitinin formalaşdırılması istiqamətində beynəlxalq təcrübənin əhəmiyyətindən danışıb.

DİN yanında İctimai Şuranın üzvü, polis polkovniki Vaqif Abışov “reaktiv” modeldən “proaktiv” polis modelinə keçid, CPTED yanaşması və “Təhlükəsiz şəhər” konsepsiyasında süni intellektin tətbiqi barədə məlumat verib.

Azərbaycan Milli QHT Forumunun İdarə Heyətinin üzvü Zaur İbrahimli isə şəhərsalmada ictimai iştirakçılığın mexanizmləri, hüquqi çərçivə və beynəlxalq təcrübə barədə təqdimatla çıxış edib.

Müzakirələrdən sonra keçirilən sual-cavab sessiyasında iştirakçılar şəhər infrastrukturunun təhlükəsizlik tələblərinə uyğunlaşdırılması ilə bağlı təkliflərini səsləndiriblər.

Sonda bildirilib ki, səsləndirilən təkliflər ümumiləşdirilərək aidiyyəti dövlət orqanlarına təqdim olunacaq, həmçinin şəhərsalma sahəsində ictimai dialoqun və vətəndaş iştirakçılığının genişləndirilməsi davam etdiriləcək.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi