"İman Nağıyev də saxta qərarların iştirakçısıdır..." - GİLEY
Sabunçu rayonu, Bakıxanov qəsəbəsində kirayə yaєayan Abbasova Solmaz Həsən qızı, 1-ci qrup ruhi xəstə olan Abbasov Emin ilə redaksiyamıza gələrək şikayətlə bağlı bizə müraciət edib.
Onun sözlərinə görə, əlində bütün sənədlərin olmağına baxmayaraq, qanunsuz olaraq evini başqa bir şəxsə veriblər: “ Atam, Əliyev Həsənbala Qüdrət oğlu Böyük Vətən Müharibəsinin veteranı olub. Rütbəcə polkovnik idi. 2009-cu ildə rəhmətə gedib. Sağlığında müharibədə göstərdiyi şücaətə görə mərhum prezidentimiz Heydər Əliyev ona Albalı qəsəbəsi 901 saylı ünvanında özəlləşdirilməmiş, 12 sot torpaq və 1 otaqlı ev bağışlamışdı. Rəhmətə gedəndən sonra isə qanuni olaraq, atamın yeganə varisi mənəm. Anam Mxitarova Edis yəhudidir. Xəstəliyi ilə əlaqədar anam tez-tez İsrailə gedirdi. Belə bir vəziyyətdə, 2004-cü ildə mənim və anamın xəbəri olmadan Quliyeva Zenfira Sədrəddin qızı atamın kor olmasından istifadə edərək, ona aid bağ evinin 1 otağına imza atdırıb və həmin evə yiyələnib. Hətta 2015-ci ildə qanuni vərəsə sənədi əlimdə olduğu halda, 2017-ci ildə özəlləşdirilməmiş 12 sot torpağı da Zemfira Quliyevaya satıblar. Məsələdən xəbər tutandan sonra bu qanunsuzluğun qarşısını almaq üçün məhkəmələrə müraciət etmişəm”.
İşinin Apelyasiya Məhkəməsində olduğunu bildirən hikayətçi ədalətli qərar veriləcəyinə inanmır: “Hazırda işim Apelyasiya Məhkəməsinin hakimi Xumar Mərdanovun icraatındadır. Yanvarın 15-də baş tutacaq Apelyasiya Məhkəməsinə də ümidim yoxdur. Çünki Apelyasiya Məhkəməsinin sədri İman Nağıyev, 2006-cı ildə hakim Qəhrəman Allahverdiyev saxta qərarla evimi əlimdən alanda, onun yanında məhkəmə iştirakçısı olub. Yəni İ. Nağıyev də saxta qərarların iştirakçısıdır və o, bu səbəbdən məni qəbul etmir”.
Vəziyyətinin ağır olduğunu bildirən Solmaz Abbasova mərhum prezidentimizin dəyər verdiyi müharibə veteranına edilən hörmətsizlikdən gileyləndi: “10 ildən çoxdur ki, varisi olduğum evdə yaşamalı olduğum halda, 1-ci qrup ruhi xəstə oğlumla kirayələrdə yaşayıram. Əvvəllər küçə və qəbiristanlıqlarda, indi isə məcburiyyət qarşısında İsraildə yaşayan anam və bacımın maddi yardımı ilə dolanıram. Artıq mənə və atama edilən bu hörmətsizliyə dözə bilmirəm. Belə olan halda, əgər mən haqsız duruma düşsəm, Sabunçu Məhkəməsinin saxta qərarını, 1941-1945-ci il Böyük Vətən Müharibəsində göstərdiyi qəhrəmanlığa görə verilən veteran vəsiqəsini, ordenlərini ulu öndərimizin məzarı üzərinə qoyacağam”.
Çarəsiz durumda qalan S.Abbasova dövlət qurumlarından yardım etməyini istədi: “Təəssüf ki, Apelyasiya Məhkəməsinin hakimləri və Ali Məhkəmə hakimləri əvvəldən axıra qədər işə birtərəfli yanaşdılar. Əlimdə təsdiq edən qətnamə olmasına baxmayaraq, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti mənim bütün hüquqlarımı pozaraq, evimi dələduz Zemfira Quliyevaya satdı. Son çarə olaraq mən bir müharibə qəhrəmanının qızı olaraq rəsmilərdən düşdüyüm bu vəziyyətdən çıxmaqda mənə kömək etmələrini xahiş edirəm”.
Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.
“Yeni Müsavat”
Bu xəbər üçün şərh yazın