"İqtisadiyyat Nazirliyinin "Dövlətə vergi – Vətənə sevgi" sloqanı doğru deyil" - NATİQ CƏFƏRLİ
"Dövlətə vergi – vətəndaşa seçki" bu daha doğru, məntiqli yanaşmadır, məhz belə olmalıdır"
"Azərbaycan vətəndaşı özü də hiss etmədən çox sayda vergi ödəyir. Biz maaş-gəlirlərdən, DSMF-yə ödədiyimiz vergiləri birbaşa görürük, amma dolayı vergiləri hesablaya, hiss edə bilmirik".
Hurriyyet.az xəbər verir ki, bunu Respublikaçı Alternativ Partiyasının (REAL) icra katibi, iqtisadçı ekspert Natiq Cəfərli qeyd edib.
İqtisadçı ekspert həmçinin, 2024-cü il büdcəsinin gəlir hissəsini də təqdim edib: "1) Birbaşa gördüyümüz vergilər fiziki şəsxlərin gəlir vergisidir – 1 mlrd. 895 mln. manat və sadələşdirilmiş vergi 333 mln. manat, 2) ƏDV-dən büdcəyə daxilolmalar – 7,5 mlrd. manat, bundan başqa ölkə ərazisinə malların idxalına görə əlavə dəyər vergisi – 4,2 mlrd. manat, 3) Aksizlərlə bağlı vergilər – 1,5 mlrd. manat və Azərbaycan ərazisinə malların idxalına görə aksizlər – 173 mln. manat, 4) Gömrük rüsumları – 1,5 mlrd. manata yaxın, 5) Yol vergisi – 127 mln. manat, 6) Büdcə təşkilatlarının ödənişli xidmətlərindən daxilolmalar – 831 mln. manat. 7) DSMF-yə ödənilən, yəni, məcburi dövlət sosial sığorta haqları – 5,2 mlrd. manat (burada işəgötürənlərin də ödədiyi vəsait var, amma nə fərqi var ki, o da vətəndaşdır, əlavə vəsait ödəyir), 8) Avtomobillərin, mənzillərin, sağlamlığın, işsizliyin icbari sığorta xərcləri – bunlar da vergi növüdür, cəmi 500 mln. manata yaxındır. Yəni, vətəndaşlar dolayı olaraq (hələ DSMF-ni saymasaq) 16,3 mlrd. manat dolayı vergi-rüsum ödəyir. Çünki ƏDV daxil bütün vergilərin, rüsumların SON ÖDƏYİCİSİ vətəndaşdır, alıcıdır, istehlakçıdır".
Natiq Cəfərli əlavə edib ki, bu gündən yeni bir vergi nəvü də tədbiq edildi: "Utilizasiya vergisi, avtomobil sahibləri hər il 10-40 manat arası (avtomobilin istehsal ilindən asılı olaraq) utilizasiya vergisi ödəyəcək. Vergi ödəyək, buna etirazım yox, hərçənd bizim, REAL-ın siyasi mövqeyinə görə vergi-rüsumlar kəskin azaldılmalıdır ki, iqtisadi aktivlik yaransın. Dövlət bizimdir, amma tarixən vergi seçkiyə bağlıdır, qədimdə səsvermə hüququn yaranması belə ilk vergiödəyiciləri ilə bağlı olunub. Ona görə də vergi veririksə o vəsaitə nəzarət üçün seçki hüququmuzun bərqərar olması çox vacibdir. İqtisadiyyat Nazirliyinin "Dövlətə vergi – Vətənə sevgi" sloqanı doğru deyil, "Dövlətə vergi – vətəndaşa seçki" bu daha doğru, məntiqli yanaşmadır, məhz belə olmalıdır".
Bu xəbər üçün şərh yazın