İRƏVAN QAZAXIN 4 KƏNDİNİ QAYTARMAĞA RAZILIQ VERDİ - Bu tarixədək sənəd imzalanacaq
Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması barədə Ermənistanla razılıq əldə edilib.
Bu barədə aprelin 19-da keçirilən Azərbaycan ilə Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan ilə Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın səkkizinci görüşündə razılıq əldə olunub.
Belə ki, delimitasiya prosesinin ilkin mərhələsində Tərəflər sərhəd xəttinin ayrı-ayrı hissələrinin Sovet İttifaqı çərçivəsində onun süqutu dövrünə mövcud olduğu hüquqi cəhətdən əsaslandırılmış respublikalararası sərhədə uyğun olaraq Bağanis (ER) - Bağanıs Ayrım (AR), Voskepar (ER) - Aşağı Əskipara (AR), Kirants (ER) – Xeyrımlı (AR) və Berkaber (ER) - Qızılhacılı (AR) yaşayış məntəqələri arasında bilavasitə keçməsini razılaşdırıblar.
Qərara alınıb ki, sərhəd xəttinin bu hissələrinin təsviri koordinatları yerdəki geodeziya ölçmələrinə əsaslanaraq dəqiqləşdirilməsi nəzərə alınmaqla tərtib edilsin və bu, Tərəflər arasında 15 may 2024-cü il müddətinədək müvafiq Protokol-təsvirlə sənədləşdirilərək razılaşdırılmalı və imzalanmalıdır.
Azərbaycan və Ermənistan anklav və eksklav məsələləri üzrə delimitasiya prosesini davam etdirmək barədə razılığa gəliblər.
Bildirilib ki, tərəflər Əsasnaməni təsdiq etdikdən sonra növbəliliyi razılaşdırmaq və sərhədin bütün digər hissələrinin, o cümlədən anklav və eksklav məsələləri üzrə delimitasiya prosesini davam etdirmək barədə razılığa gəliblər.
Eyni zamanda növbəti görüşün keçirilməsi tarixinin və yerinin işçı qaydada razılaşdırılması qərara alınıb./Report.az
Bu xəbər üçün şərh yazın