İsrail İlham Əliyevə azarkeşlik edir" - Novella Cəfəroğlu
Türkiyə Respublikasının Xarici işlər naziri Mövlud Çavuşoğlunun başçılıq etdiyi nümayəndə heyətinin ölkəmizə səfəri Azərbaycan-Türkiyə qardaşlığının sarsılmazlığını bir daha əyani şəkildə sübut edir.
Qardaş qardaşının əlini kürəyində hiss edirsə, onun qarşısında kimsə dura bilməz. Düşmən də bunu anlayır, ona görə daha böyük panika içindədir. Dünən Türkiyə nümayəndə heyətini qəbul edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev çıxışında Türkiyə-Azərbaycanın sarsılmaz birliyini yenə vurğuladı.
"Siz Azərbaycanda dəfələrlə olmusunuz. Amma bu səfərin xüsusi önəmi var. Azərbaycan üçün o qədər də asan olmayan bir dönəmdə sizin gəlməyiniz əlbəttə ki, xüsusi önəm daşıyır. Bu, qardaş ölkənin açıq dəstəyinin təzahürüdür. Bu dəstəyə görə Azərbaycan xalqı qardaş türk xalqına və onun prezidentinə dərin minnətdarlıq hissi ilə yaşayır” deyən prezident qeyd etdi ki, əziz qardaşı, hörmətli Prezident Rəcəb Tayyib Ərdoğan ilə bu günlərdə təmasları, onun çox açıq, qətiyyətli bəyanatları bütün dünyaya göstərdi ki, Azərbaycan tək deyil:
- Azərbaycanın yanında Türkiyə kimi dünya miqyasında böyük bir güc olan dövlət var, qardaş ölkə var. Bu dəstək bizi ruhlandırır, bizə əlavə güc verir.
...Bu gün həm bizim xalqlarımız, həm də bütün dünya görür ki, Türkiyə-Azərbaycan birliyi nə deməkdir.
Türkiyə-Azərbaycan qardaşlığının önəmindən danışan, sentyabrın 27-dən başlayaraq qələbə müjdəli xəbərlərə kökləndiyini deyən D.Əliyeva adına Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri, istiqlal mübarizəmizin də, Qarabağ savaşının da ön sıralarında olan Novella Cəfəroğlu qarşıda bizi yalnız sevincli, xoş günlər gözlədiyini bildirdi:
- Şəhidlərimizin ruhu şaddır. Onlar göylərdən baxırlar və sevinirlər ki, torpaqlarımız işğaldan azad edilir. Şəhidlərimizin qanı batmadı, haqları alındı. Qəhrəman qazilərimiz də indi rahatdır ki, onların mübarizəsi də hədər getmədi. Canlarını verdikləri, sağlamlıqlarını, gəncliklərini qurban etdikləri Vətən torpaqları şanlı ordumuz tərəfindən azad edilir. Mən bir məsələni də xüsusi vurğulamaq istəyirəm. Son günlərdə gəldiyim qənaət budur; bu gün dünyada Prezident İlham Əliyevin timsalında yeni siyasi lider model yarandı. Özün bilirsən ki, məndə yaltaqlıq, kiməsə yarınmaq yoxdur. Nə düşünürəmsə, açıq söyləyirəm həmişə. Bu fikri də açıq söyləyirəm. İlham Əliyev yeni siyasi lider modelini yaratdı. Bizim prezidentimiz dünya dövlətləri tərəfindən artıq o dərəcədə qəbul olunur ki, Rusiya da onun haqqında tənqidi bir söz deyə bilmir. Tənqid üçün əsaslı bir şey tapa bilmirlər. Nə ABŞ prezidenti, nə də digər ölkələrin başçıları bizim Prezident kimi qətiyyətli danışır. Bu, mənim şəxsi fikrimdi.
- Novella xanım, Azərbaycan ordusu əks-hücum əməliyyatlarına başlayandan qardaş Türkiyə Azərbaycanın haqq işində yanında olduğunu bildirdi, bu gün (dünən) Türkiyə XİN başçısı Mövlud Çavuşoğlunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən cənab Prezident qardaş Türkiyəyə mənəvi dəstəyə görə təşəkkür etdi və Türkiyənin yanımızda olmasının bizi ruhlandırdığını, bizə güc verdiyini vurğuladı. Yəqin siz də izləyirsiniz baş verənləri, xəbərləri.
- Əlbəttə, izləyirəm. Gözümü ayırmıram, qələbə xəbərlərinə köklənmişik hamımız. Dünyada gedən prosesləri də izləyirəm ki, hansı dövlət bizə hansı münasibətdədir. Çox istəyirəm ki, Türkiyə ilə bizim aramızda hərbi birlik olsun. Ordumuz bir olsun. Türkiyə həmişə yanımızdadı, bu, sözsüzdü. Türkiyə ordusundan dünya dövlətləri çəkinir. Ötən dəfə rusiyalı jurnalist Solovyovun verilişinə baxıram, Türkiyə ordusundan danışır və çox güclü olduqlarını deyir. Bəli, Türkiyənin Azərbaycana dəstəyi var, amma bizim Prezidentin qətiyyəti olmasaydı, bu gün biz qələbə xəbərləri almayacaqdıq. Hesab edirəm ki, Türkiyənin bizə hərbi dəstəyinə ehtiyac da qalmayacaq.
Çünki Azərbaycan Ordusu torpaqlarımızı işğaldan azad etməyə qadirdir. Amma əlbəttə, Türkiyənin bizim yanımızda olması, bizə mənəvi dəstəkləri bizə güc verir. Paşinyan satqındı. Vaxt vardı, Sorosu ölkəyə dəvət etdi, rus məktəblərini bağladı. İndi Rusiyaya yalvarır ki, mənə kömək edin, Sorosu ölkədən çıxarıram. Hamı bilməlidir ki, satqın həmişə satqındı. Bu gün onu satır, sabah səni satacaq. Prezident İlham Əliyev də çıxışlarında, xalqa müraciətlərində onların siyasi rəhbərliyinin iç üzünü yaxşı açıb göstərir.
Mənim çox xoşuma gələn həm də bu oldu ki, Prezident ermənilərə də müraciət etdi ki, siz bizim vətəndaşlarımızsınız, biz sizi də qoruya bilərik. Amma bizim 1 milyondan artıq soydaşımız qaçqın düşdü, dünya dövlətləri bu ədalətsizliyə səs çıxarmadılar. Məni sevindirən həm də budur ki, indi biz bir millət olaraq birləşmişik. Bu xalq ekstremal vəziyyətlərdə bir yerə yığışmağı, Vətən üçün canından keçməyi bacarır. 30 ildir ordumuzdan, Azərbaycan əsgərindən gözlədiyimiz hünəri bu gün görürük və bu, qürurvericidi.
- Müdafiə Nazirliyinin mətbuat xidməti bildirib ki, Ermənistan ordusu çoxlu sayda itkilərlə yanaşı, eyni zamanda silahlı qüvvələrinin bir sıra ön xətt bölmələrində şəxsi heyətin demoralizə olunması, bir çox hərbi qulluqçunun isə ümumiyyətlə döyüşdən imtina etməsiylə üzləşib. İtkilərinin günü-gündən artması və ehtiyat qüvvələrinin az olması Ermənistan Müdafiə Nazirliyini ölkə qadınlarına müraciət etməyə vadar edib. Ermənistan Müdafiə Nazirliyi tərəfindən artıq qadın batalyonu yaradılıb və hazırda komplektləşdirilir. Deyilənə görə batalyonun 500 üzvü var...
- Erməni qadınları kimin üçün, nə üçün döyüşür?.. Başqasının torpağını işğal etmək üçünmü?! Qadın batalyonları yenilik deyil. Dünya tarixində müharibələr zamanı dəfələrlə belə batalyonlar yaradılıb. Əsas məsələ o batalyonların hansı məqsədə xidmət etməsidir. Biz - Qadın Hüquqlarını Müdafiə Cəmiyyəti Qarabağ müharibəsində Azərbaycan qadınlarından ibarət batalyon yaratmışdıq. Şəhidlərimiz də oldu. Amma biz Vətən savaşına qatılmışdıq. Müqəddəs müharibəyə qatılmışdıq.
Qəhrəman, cəsur oğullarımız imkan vermirdi qadınlarımız döyüşsün, əlinə silah alsın. Qadınlarımızın əksəriyyəti tibb bacıları kimi batalyonda xidmət çəkirdi. Bilirsiz ki, Azərbaycan qadınları arasında milli qəhrəmanlar da var, mərdi-mərdanə düşmən önünə çıxan, sinəsi düşmən gülləsinə tuş gələn qadınlarımız oldu.
Fərqimiz budur ki, bizim qadınlar öz torpaqlarımız, Vətənimiz uğrunda döyüşürdü, erməni qadınları isə başqasının torpağını qəsb etmək üçün batalyon yaradır. Onlardan soruşmaq lazımdı, övladlarını niyə başqasının torpağında ölümə göndərirlər? Bu necə analıq, bu necə qadınlıqdı?!. Erməni qadınları, erməni anaları kiminsə oyununun qurbanıdı.
- Novella xanım, hansı xəbərləri gözləyirsiniz?
- Ancaq qələbə xəbərlərini. Şuşanın, Xankəndinin azad olunması xəbərini, bayrağımızın Şuşa qalasında dalğalanmasını gözləyirəm. İnanıram ki, Prezidentimizin qətiyyəti sayəsində o günü görəcəyik. Hər ölkə başçısı müharibənin ağırlığını üzərinə götürə bilmir. Amma İlham Əliyev güclü siyasi fiqur olduğunu sübut etdi və torpaqlarımızın işğalına son qoyulmasını başlatdı. Mənə övladlarım İsraildən zəng edirlər, deyirlər ki, İlham Əliyevin çıxışlarını çox bəyənirlər. Bütün İsrail İlham Əliyevə azarkeşlik edir. Onun növbəti çıxışlarını səbirsizliklə gözləyirlər ki, görsünlər daha nələr danışır, erməni siyasilərini necə susdurur. Prezidentə bu səmimi çıxışlarına görə, xalqla bir olduğuna görə təşəkkür edirəm. Xalq da prezidentlədi.
Bu xəbər üçün şərh yazın