“İYİ” Partiyasının yeni sədri məlum olub
Türkiyədə müxalifətdə olan “İYİ” Partiyasının yeni sədri məlum olub.
Report.az "Haber Global"a istinadən xəbər verir ki, siyasi təşkilatın bu gün keçirilən 5-ci qurultayında Türkiyə Böyük Millət Məclisində (TBMM) İzmiri təmsil edən deputatı Müsavat Dervişoğlu sədr seçilib.
Belə ki, dörd namizədin çıxışından sonra səsvermə başlayıb. 1 302 nümayəndədən 1 178-i səs verib. 7 səs etibarsız hesab edilərkən, 1 171 səs etibarlı sayılıb.
Birinci turda mütləq səs çoxluğu əldə olunmadığından seçki ikinci tura keçib. Daha sonra Tolqa Akalın namizədliyini geri götürüb. Müsavat Dervişoğlu 570, Koray Aydın isə 565 səs toplasa da, sədr üçüncü turda müəyyən edilib.
Üçüncü turda mütləq səs çoxluğu tələb olunmadığından ən çox səs toplayan namizəd Müsavat Dervişoğlu “İYİ” Partiyasının sədri olub. Üçüncü turda Müsavat Dervişoğlu 611, Koray Aydın isə 548 səs toplayıb.
Xatırladaq ki, Meral Akşener "İYİ" Partiyanın sədrliyinə namizədliyini verməməsini bələdiyyə seçkilərindəki uğursuzluqla əlaqələndirib.
Bu xəbər üçün şərh yazın