Kamaləddin Qafarov: "Azərbaycanın beynəlxalq nüfuzu gündən-günə artır"
"Bu gün müstəqil Azərbaycan dövlətinin yeni tarixini tədqiq edən bütün ekspertlər birmənalı olaraq təsdiq edirlər ki, əgər müstəqilliyin ilk illərində respublikanın rəhbərliyində duran qüvvələr sağlam düşüncənin səsinə qulaq asıb, Ulu Öndər Heydər Əliyevi ölkə rəhbərliyinə dəvət etsəydilər, Azərbaycan 20 Yanvar, Xocalı faciələrini görməz, Laçın və Şuşa kimi şəhərlərimiz xəyanətlərin qurbanı olmaz, ölkə ərazisinin 20 faizi işğal edilməz, dövlət müstəqilliyimiz bu qədər ağrılı və əzablı yollardan keçməzdi.”
Bu sözləri mətbuata açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.
Millət vəkilinin fikrincə, bütün bunlar ona görə baş verirdi ki, o dövrdə siyasi hakimiyyətdə olan qüvvələr Azərbaycanı Heydər Əliyev yolundan döndərməyə çalışır və bu yolun alternativi olmadığını başa düşmək istəmirdilər. “Nəticədə həmin qüvvələr ölkəni uçurumun kənarına gətirib çıxardılar və Azərbaycanı fəlakətin bir addımlığında qoyub qaçdılar. 1993-cü il iyun ayının 9-da Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev xalqın və respublikanın hakim dairələrinin təkidli dəvətini qəbul edib Bakıya gəldi. Respublikada siyasi hakimiyyətə qayıdan Ulu Öndər ilk növbədə ölkədə ictimai-siyasi sabitliyin bərpası, ölkədəki qeyri-qanuni silahlı dəstələrin zərərsizləşdirilməsi, respublikanın sosial-iqtisadi yüksəlişinə yol açan ən mühüm amil kimi cəmiyyətdə ictimai-siyasi sabitliyin bərqərar edilməsi məqsədilə təxirəsalınmaz tədbirlər gördü. Bütün bunlar xalqın müqəddaratı ilə bağlı taleyüklü məsələlərin həllində müstəsna xidmətləri olan, tarixi şəxsiyyətlər içərisində Azərbaycan xalqının Ümummilli Lideri adını qazanmış yeganə dövlət xadimi, dünya miqyaslı siyasətçi, parlaq şəxsiyyət Heydər Əliyevin Azərbaycan tarixində xüsusi rolunu və yerini bir daha müəyyən etdi. Ulu Öndər üzərinə götürdüyü xilaskarlıq missiyasının öhdəsindən yüksək səviyyədə gəlmişdir. 1993-2003-cü illər ölkəmiz üçün həlledici illər olmuş, məhz həmin illərdə dövlətçiliyimizin möhkəm təməli qoyulmuşdur..”
K.Qafarov bildirib ki, 1993-cü ilin 3 oktyabr tarixində Ulu Öndər Heydər Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsilə ölkənin inkişaf yolu yeni, yeganə doğru istiqamətə yönəldilmişdir: “Ulu Öndər Heydər Əliyev qlobal düşüncəli, geniş dünyagörüşlü nəhəng bir siyasətçi idi. O, realist bir insan olaraq hadisələrə praqmatik yanaşır, ölkənin taleyi üçün uğurlu qərarlar qəbul edirdi. Ümummilli Lider beynəlxalq aləmdə tarazlaşdırılmış siyasətin, ölçülüb-biçilmiş fəaliyyətin ustadı idi. Bu dahi siyasət adamı bütün fəaliyyəti boyu müdrik insan, peşəkar rəhbər, xalq məhəbbətini qazanan uzaqgörən siyasətçi və görkəmli dövlət xadimi olduğunu təsdiq etmişdir. 1993-cü il 3 oktyabr tarixində ölkəmizdə keçirilmiş prezident seçikilərində xalqın mütləq əksəriyyətinin səsini qazanan Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildi. Ulu Öndər oktyabrın 10-da dövlətə və xalqa sədaqət andı içərək belə demişdir: “Bu gün mənim üçün tarixi, əlamətdar bir gündür. Mənə göstərilən bu böyük etimada görə Azərbaycan vətəndaşlarına, Azərbaycan xalqına hörmətimi, məhəbbətimi bildirir və əmin etmək istəyirəm ki, həyatımın sonuna qədər xalqıma sədaqətlə xidmət edəcək və bütün fəaliyyətimi Azərbaycan Respublikasının gələcək inkişafına sərf edəcəyəm.” Ulu Öndər Heydər Əiyev qısa müddət ərzində xarici siyasət sahəsində böyük dönüş yaratdı və böyük uğurların əldə olunmasını təmin etdi. Dünyanın aparıcı dövlətləri və beynəlxalq təşkilatları Azərbaycana ciddi diqqət yetirməyə başladı və ölkəmiz beynəlxalq münasibətlər sisteminin suveren aktoruna çevrildi.”
K.Qafarov bildirib ki, Ümummilli Liderimizin müəyyən etdiyi xarici siyasət strategiyası bu gün beynəlxalq münasibətlər sistemində Azərbaycanın müstəqil xarici siyasət yürüdən dövlət kimi tanınmasını, ölkəmizin beynəlxalq nüfuzunun artmasını təmin edən əsas amildir: “Bu gün biz birmənalı olaraq deyə bilərik ki, Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi uğurlu xarici siyasət kursu sayəsində Azərbaycan dünyada tanınan nüfuzlu bir dövlətə çevrilmişdir. Xüsusi olaraq qeyd etmək lazımdır ki, Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal olunması faktını beynəlxalq təşkilatların siyasi gündəliyinə gətirən də məhz Ulu Öndər olmuşdur. Bu gün Ulu Öndərin əsasını qoyduğu daxili və xarici siyasət kursunun Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi sayəsində Azərbaycan öz ərazi bütövlüyünü təmin edib, yüksəlişə və dinamik inkişafa nail olub. Keçən ilin sentyabr ayında Azərbaycan xalqı, Azərbaycan Ordusu Ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə bu ali məqsədə də tam nail oldu. Bu zəmində yaranmış yeni reallıqlar Azərbaycanın bu gün bütün Cənubi Qafqazı inkişafa apara biləcək gücə sahib bir dövlətə çevrildiyini təsdiq edir" .
Bu xəbər üçün şərh yazın