Karantin sahibkarları müflis edir: - “Onların ayaqda qalması üçün bu addım vacibdir”

Karantin sahibkarları müflis edir: - “Onların ayaqda qalması üçün bu addım vacibdir” 

Azərbaycanda növbəti dəfə iqtisadi sahələrin bağlanmasına gedilsə, bununla çoxsaylı iş yerləri qapadılsa və onminlərlə insan, o cümlədən də iş adamları gəlir mənbələrindən məhrum olsa da, onların dəstəklənməsi ilə bağlı hələ ki, hər hansı qərar verilməyib.

Xatırladaq ki, sərt karantinin tətbiq edildiyi ötən mərhələdə koronavirus pandemiyasının sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması məqsədilə Nazirlər Kabinetinin qəbul etdiyi qərara əsasən tədbirlər planına hazırlanmışdı, sahibkarlıq subyektləri bir neçə istiqamətdə dəstəklənmişdi.

Bura pandemiyadan zərər çəkmiş sahələrdə çalışan muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi də daxil idi.

Proqramın 210 mindən çox işçi, təxminən 25 min işəgötürəni əhatə etdiyi də açıqlandı. Bundan başqa, pandemiyadan zərər çəkmiş mikro və fərdi sahibkarlara da maliyyə dəstəyi proqramı həyata keçirildi. Bu proqramın icrası nəticəsində fərdi sahibkarların hərəsi minimum 250 manat, maksimum 5.000 manat həcmində maliyyə dəstəyi aldılar. Dövlət büdcəsindən 63,3 mln. manat vəsaitin ayrılması ilə bu proqramdan 106 mindən çox sahibkar faydalandı.

İqtisadçı Natiq Cəfərli Cebhe.info-ya açıqlamasında bildirib ki, təəssüf ki, indiki karantin müddətində kiçik və orta sahibkarlığa hər hansı dəstək nəzərdə tutulmayıb:

“Bu səhv yanaşmadır. Biz dünya təcrübəsinə baxdıqda görürük ki, əhalidən daha çox (doğrudur, əhalinin dəstəklənməsi də vacibdir, 190 manat bunun üçün azdır - N. C) biznesə dəstək göstərilir, çünki bunun multuplikativ effekti var. Biznesə dəstək göstərilməsi həm də əhalinin dəstəklənməsi deməkdir. Azərbaycanda say hesabı ilə iş yerlərinin çoxu kiçik və orta sahibkarlığın, qapadılmış sahələrin payına düşür. Onların ayaqda qalması, şirkətlərin “batmaması” üçün bu vacibdir”.

İqtisadçı deyir ki, gələn il üçün aparılan hesablamalara görə dünyada kiçik və orta sahibkarların üçdə biri, təqribən 30-35 faizi ayaqda qalacaq:

“Bizdə də kiçik və orta sahibkarlıq çox çətin durumdadır. Çünki dəstək çox az oldu – icarə ilə bağlı ümumiyyətlə dəstək olmadı, biznes kreditləri ilə bağlı çox çətin formul fikirləşildi. İşçilərin əmək haqqı ilə bağlı dəstək cəmi 2 ay müddətində oldu. Təəssüf ki, kiçik və orta sahibkarların çoxu 2021-ci ilə müflüsləşərək daxil olacaq. Bu da ölkə iqtisadiyyatında çox ciddi problemlərin əsasını qoyur”. 

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi