Kənd Təsərrüfatı Nazirliyinin milyonluq tenderləri -"Bu cibindən çıxarıb, o biri cibinə qoyur..." - FAKTLAR
Faktinfo.az xatırladır ki,Azərbaycanda keçirilən tender müsabiqələrinin bir qayda olaraq nazirlərə yaxın olan şəxslərə uddurulması heç kimə sirr deyil.
Burada məqsədin nə olduğu, geriyə qaytarılan "otkat" vəsaitin neçə faiz təşkil etdiyini qeyd etmək artıq hansısa yazılmamış informasiya hesab edilmir.Hamı hər şeyi bilir və maləsəf bu acı gerçəkliklə çoxları barışmaq məcburiyyətində qalıb.
Elə,ötən həftə bir sıra mətbuat orqanlarının tirajladığı xəbərlərdən bu bir daha sezildi.Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən keçirilən tender müsabiqəsinin qalibləri barədə yürüdülən mühakimə Kənd Təsərrüfatı Nazirliyinin milyonluq tenderlərinin qaliblərinin kimliyinə,dövlət vəsaitlərinin "bir cibindən çıxarıb,o biri cibə necə qoyulması"na işıq saldı.
Məsələn, Aktualinfo.org saytı yazdı ki, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi 22.12.2022-ci il tarixdə “Damazlıq heyvandarlıq təsərrüfatının elektron reyestrinin yaradılması və buna dair müraciətlərin elektronlaşdırılması” xidmətlərinin satınalınması üzrə keçirdiyi açıq tenderin nəticələrini açıqlayıb.Dövlət satınalmalarının vahid internet portalına yerləşdirilmiş məlumatlarda nazirliyin “DIGITAL UMBRELLA” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 163000 manat məbləğində satınalma müqaviləsi bağladığı qeyd olunub.
Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “DIGITAL UMBRELLA” Məhdud Məsuliyyətli Cəmiyyətinin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində 15.11.2021-ci il tarixdə dövlət qeydiyyatına alındığı bildirilir. Nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanı BAKI ŞƏHƏRİ YASAMAL RAYONU, MƏTBUAT PR. , ev 35C, m. 126 qanuni təmsilçisinin isə Xəlilova Ulduzə Tofiq qızı olduğu göstərilir.
Bəs Xəlilova Ulduzə Tofiq qızı kimdir?
Sayt buna da aydınlıq gətirib.
İnam Kərimov 2012-ci ilin sentyabrından 2018-ci ilin aprel ayına qədər Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri vəzifəsində çalışıb.Həmin dövrlərdə Xəlilova Ulduzə Tofiq qızı da “ASAN xidmət” işçilərindən olub. Hansı vəzifəni daşıdığı məlum olmasa da Prezident İlham Əliyevin 27 dekabr 2018-ci il tarixli sərəncamı ilə “ASAN xidmət” işçilərinin peşə bayramı günü münasibətilə və dövlət xidmətlərinin göstərilməsinin təkmilləşdirilməsində səmərəli fəaliyyətinə görə Xəlilova Ulduzə Tofiq qızı ” Tərəqqi” medalı ilə təltif olunub.
Yuxarıda qeyd edildiyi kimi İnam Kərimov 2018-ci ilin aprel ayının 21-dən Kənd Təsərrüfatı naziri təyin edilib. Xəlilova Ulduzə Tofiq qızının hazırda harada çalışması barədə açıq mənbələrdə heç bir məlumat yoxdu.Lakin görünən odur ki, Ulduzə Xəlilovanın qanuni təmsilçisi olduğu MMC-nin Kənd Təsərrüfatı Nazirliyi tərəfindən keçirilən tenderin qalibi olması heç də təsadüf deyil.Ya onları bir biri ilə hansısa qohumluq telləri bağlayır.Ya da İnam Kərimov bir nazir kimi keçmiş işçisinə şəxsi biznesini qurmaq üçün dövlət vəsaitləri hesabına şərait yaradır,-sayt vurğulayır.
Həmçinin, Aktualinfo.org yazır: "Ulduzə Xəlilovanın qanuni təmsilçisi olduğu “DIGITAL UMBRELLA” Məhdud Məsuliyyətli Cəmiyyəti cəmi bir ildir yaradılıb. Maddi texniki bazası, işçi qüvvəsi, ixtisas göstəriciləri barədə açıq mənbələrdə heç bir məlumat yoxdur.Amma buna baxmayaraq İnam Kərimovun rəhbəri olduğu nazirlik son bir ildə sözügedən MMC ilə 223 000 manat dəyərində satınalma müqaviləsi bağlayıb. Əvvəlki müqavilə isə nazirliyin Aqrar Xidmətlər Agentliyi tərəfindən keçirilmiş operativ məlumatların idarəedilməsi sistemi üzrə proqram təminatının satın alınması üzrə olub və 07.07.2022-ci il tarixdə 60 000 manat dəyərində qiymətləndirilib.
Dövlət satınalmalarının vahid internet portalında gözə dəyən bu məlumatlardan da görsəndiyi kimi Kənd Təsərrüfatı naziri İnam Kərimovla “DIGITAL UMBRELLA” Məhdud Məsuliyyətli Cəmiyyətinin qanuni təmsilçisi Ulduzə Xəlilova bir- birilərini yaxından tanıyırlar.İstəsələr də bunu inkar edə bilməzlər.Çünki, neçə il bir yerdə çalışıblar.“Dövlət Satınalmaları Haqqında” Azərbaycan Respublikası Qanunu isə tanış, yaxın adamların satınalma prosedurlarında iştirakını qadağan edir.Belə olan halda Ulduzə Xəlilovanın ulduzu niyə göylərdə yox, Kənd Təsərrüfatı Nazirliyinin keçirdiyi tenderdə parladı? Maraqlı olan da budur, -deyə, sayıt qeyd edir.
Yeniavaz.com-un açıqlanan rəsmi məlumatlara istinadən xəbərində isə, tender müsabiqəsinin qalibi “Azərting” MMC (VÖEN - 4501824261) olub.
Müsabiqənin şərtinə görə “Azərting” MMC Aqrar Kredit və İnkişaf Agentliyinə yerli istehsal olan tut tinglərinin satacaq və qarşılığında 700 000 manat alacaq.
Məlumat üçün bildirək ki, “Azərting” MMC 11.01.2019-cu ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 10 manat olan “Azərting” MMC-nin hüquqi ünvanı Quba rayonunun Zərdabi kəndində yerləşir. MMC-nin qanuni təmsilçisi Sərdarova Zəminə Fikrət qızıdır.
Qeyd edək ki, Aqrar Kredit və İnkişaf Agentliyi tenderi bir mənbədən satınalma üsulu ilə keçirib.
Onu da bildirək ki, “Azərting” MMC Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutu ilə eyni hüquqi ünvanda yerləşir.MMC-nin qanuni təmsilçisi də Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun elmi katibi Sərdarova Zəminə Fikrət qızıdır.
Sayt onu da vurğulayır ki,mətbuatda yer alan məlumatlara görə, bu il 1 milyona yaxın yerli tut tingi istehsal olunaraq əkin üçün hazırlanıb.O da qeyd olunur ki,tinglərin baramaçılıq rayonlarının ərazisində, kümçülük təsərrüfatlarında və Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən ayrılmış meşə zolaqlarında əkini nəzərə tutulur. Bir neçə gün əvvəl tinglərin paylanılması ilə bağlı keçirilən tədbirdə Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun əməkdaşları da iştirak edib. “Azərting” MMC-nin direktoru Sərdarova Zəminə Fikrət qızı bu tədbirlərdə Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun mütəxəssisi kimi fermerlərə məsləhət verib.
Maraqlıdır ki, tut tingləri Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun tabeliyində olan Zərdabi Adına Elmi Təcrübə Bazasında yetişdirildiyi halda, bu tingləri satın almaq üçün nazirlik “Azərting” MMC adlı şirkətə nədən 700 min manat vəsait ödəyir,-deyə,Yeniavaz.com qeyd edib.
Onu da xatırladaq ki, “Azərting” MMC dövlət qeydiyyatına alındıqdan qısa müddət sonra Kənd Təsrrüfatı Nazirliyinin keçirdiyi 2 tenderin də qalibi olub və ümumilikdə həmin tenderlərdən 2 milyon manatdan çox vəsait alıb.
FAKTİNFO.AZ
Bu xəbər üçün şərh yazın