"Klassik Azərbaycan şeirinin günəşi – Məhəmməd Füzuli" mövzusunda Beynəlxalq Elmi konfrans keçirilib - FOTOLAR
Faktinfo.az xəbər verir ki, 2 oktyabr tarixində Dahi Azərbaycan şairi və mütəfəkkiri Məhəmməd Füzulinin anadan olmasının 530 illiyinə həsr olunmuş 10-cu Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Milli Kitabxananın birgə təşkilatçılığı ilə Bakı Ekspo Mərkəzinin konfrans zalında “Klassik Azərbaycan şeirinin günəşi-Məhəmməd Füzuli” mövzusunda Beynəlxalq Elmi konfrans keçirilib.
Tədbiri Azərbaycan Milli Kitabxanasının direktoru, professor Kərim Tahirov açaraq, qonaqları salamlayıb. Qeyd edib ki, Dahi Azərbaycan şairi və mütəfəkkiri Məhəmməd Füzulinin anadan olmasının 530 illiyinə həsr olunmuş bu beynəlxalq elmi konfransın əsas qayəsi Məhəmməd Füzulinin dünya miqyasında əsərlərinin təbliği, çapı, əlyazmaların yerləşdiyi kitabxanalar haqqında müzakirələrin aparılmasıdır. Bildirib ki, cənab Prezidentin Məhəmməd Füzulinin 530 illiyi ilə əlaqədar imzaladığı sərəncam Füzuli yubileyinə deyil, ümumiyyətlə Füzuli yaradıcılığının Azərbaycanda təbliğinə çox böyük bir töhvə olacaqdır. Milli Kitabxana tərəfindən “Görkəmli şəxsiyyətlər” seriyası ilə fundamental biblioqrafiyalar çap olunduğunu, eləcədə Füzuli haqqında hələ çox kitabların yazılacağını nəzərə alaraq Füzuli biblioqrafiyasını bu ilin sonunda çap olunaraq təqdim olunacağını bildirib. Əlavə edib ki, bu biblioqrafiyada Məhəmməd Füzulinin 530 illik yubileyi ilə bağlı çap olunan bütün materiallar öz əksini tapacaq.
Azərbaycan Respublikası Mədəniyyət nazirinin müavini Fərid Cəfərov qonaqları salamlayaraq kitab bayramı, festivalı münasibətilə bütün iştirakçıları, kitab sevərləri təbrik edib. Bildirib ki, bu il 10-cu Bakı Beynəlxalq Kitab Sərgisi Dahi Azərbaycan şairi Məhəmməd Füzulinin anadan olmasının 530 illiyinə həsr olunub. Dövlət başçısının müvafiq sərəncamı ilə Məhəmməd Füzulinin 530 illik yubileyi çərçivəsində müxtəlif dövlət qurumları xüsusilə də Mədəniyyət Nazirliyi tərəfindən həm ölkə daxilində həm də ölkə xaricində keçirilən əksər tədbirlərdə mütləq şəkildə Füzuli yaradıcılığına xüsusi yer verildiyini, Füzuli yaradıcılığının təbliğ və tətqiq olunması eyni zamanda daxildə və xaricdə daha geniş aditoriyaya çatdırılması istiqamətində işlər aparıldığını vurğulayıb.
Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar çıxışı zamanı bildirib ki, Füzuli ölməz şairdir. O, tək Azərbaycanın deyil, bütün Türk dünyasının şairidir. Füzulinin Nizami və Nəvai ilə birlikdə Türk dünyasının ən böyük şəxsiyyətlərindən biri olduğunu söyləyən Xalq yazıçısı dahi şairin yazdığı mükəmməl əsərlərlə Azərbaycan və dünya ədəbiyyatına təsir etdiyini, onun hikmətinin əsrlərdən bəri yaşadığını vurğulayıb.
10-cu Bakı Beynəlxalq Kitab Sərgisində Gürcüstan ədəbiyyatı guşəsi ilə ölkəsini təmsil edən Gürcüstan Milli Parlament Kitabxanasının direktoru, professor Konstantin Gamsaxurdiya Azərbaycan Respublikası üçün çox vacib olan belə bir tədbirdə Gürcüstan Milli Parlament Kitabxanası adından səmimi salamlama nitqində iştirak etməkdən böyük məmnunluq və şərəf duğduğunu bildirib. Əlavə edib ki, 10-cu Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası şöhrəti Orta Asiyaya, hətta Hindistana da çatmış Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi “Məhəmməd Füzuli 530” illik yubileyinə həsr olunub. Gürcüstan Milli Parlament Kitabxanasında Azərbaycan şairi Məhəmməd Füzuliyə həsr olunmuş bir neçə çap nəşri (o cümlədən kitablar, jurnallar, qəzetlər) qorunduğunu deyib. Professor Konstantin Gamsaxurdiya ictimaiyyəti kitaba daha da yaxınlaşdırmaq mənasına gələn bu tədbirin əsas məqsədinin nəşriyyat fəaliyyətinin artmasına, yerli nəşriyyatların tanınmasına, müasir Azərbaycan yazıçılarının təbliğinə töhfə verdiyini, iki xalqın tarixində mədəni əlaqələrimizin özünəməxsus yeri olduğunu, bu əlaqənin vasitəsilə gürcü və Azərbaycan ədəbiyyatı, mədəniyyəti inkişaf etdiyini bildirib.
Macarıstan Seçeni Milli Kitabxanasının direktor müavini xanım Judit Gerencser Azərbaycan və Macaristan arasındakı mədəniyyət və kitabxana münasibətlərinin əhəmiyyətindən danışaraq 10-cu Bakı Beynəlxalq Kitab Sərgisində iştirakın mədəniyyət baxımından xüsusi əhəmiyyət kəsb ediyini, bundan əlavə, beynəlxalq kitab sərgisi bir ölkənin ədəbiyyatını və mədəni irsini nümayiş etdirmək üçün mükəmməl bir fürsət olduğunu vurğulayıb. 10-cu Bakı Beynəlxalq Kitab Sərgisinin Məhəmməd Füzulinin anadan olmasının 530 həsr olunduğunu, Füzulinin şərqin, ümumillikdə isə dünyanın böyük sənətkarlarından, şairlərindən biri olduğunu qeyd edib.
AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli çıxış edərək ölkə başçısının yubileylə bağlı sərəncamının əhəmiyyətini vurğulayıb. Qeyd edib ki, sərəncam dahi şairin irsinin yenidən, o cümlədən Türk dünyası kontekstində tədqiqinə əlavə zəmin yaradır. Akademiyada Məhəmməd Füzulinin həyat və yaradıcılığı ilə bağlı tədqiqatlardan bəhs edən İsa Həbibbəyli Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Füzulişünaslıq sektoru tərəfindən kollektiv monoqrafiya üzərində iş aparıldığını bildirib. Əlavə edib ki, “Füzulinin mənşəyi azərbaycanlı, dili isə Azərbaycan-türk dilidir. Ulu öndər Heydər Əliyevin də dediyi kimi, Füzuli türk xalqlarını birləşdirmiş şəxsiyyətdir. Füzuli Şərqin, ümumilikdə isə dünyanın böyük şairlərindən biridir. Dili, üslubu və şeirlərindəki məcazları baxımından dünyada onunla müqayisə oluna biləcək az şair var”.
Konfransda çıxış edən M.Füzuli adına Ədəbiyyat institutunun baş direktoru, akademik Teymur Kərimli, AMEA-nın N.Gəncəvi adına ədəbiyyat institutunun şöbə müdiri, professor Fəridə Əzizova, Azərbaycanda Atatürk Mərkəzinin direktoru, akademik Nizami Cəfərov, Milli Məclisin elm və təhsil komitəsinin sədri, professor Anar İsgəndərov dahi Azərbaycan şairi və mütəfəkkiri Məhəmməd Füzulinin ədəbi-bədii yaradıcılığından ətraflı bəhs edərək, bu günün önəmini xüsusi vurğuluyublar.
Konfrans boyu aktyorlar Hüseynağa Aslanov və aktrisa Jalə Novruzova Məhəmməd Füzulinin şerirlərini səsləndiriblər.
Qeyd edək ki, 10-cu Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində həmçinin "Məhəmməd Füzuli 530" mövzusunda ekspozisiyanın açılışı olub.
Ekspozisiyada dahi Azərbaycan şairi və mütəfəkkiri Məhəmməd Füzulinin əsərləri, əlyazmaları, daşbasmaları və digər kitablar nümayiş olunur.
Faktinfo.az
Bu xəbər üçün şərh yazın