Kompüter şəbəkələrinin intellektual monitorinqi üçün metod və modellər işlənilir
İnformasiya Texnologiyaları İnstitutunda 2024-cü ildə kompüter şəbəkələrinin intellektual monitorinqi, mürəkkəb bulud sistemlərinin intellektual analizi və sintezi problemləri, kiber-fiziki sistemlərin kiber dayanıqlığının təmin edilməsi, şəbəkə infrastrukturunda insidentlərin aşkarlanması, identifikasiyası, intellektual analizi və aradan qaldırılması, sosial təyinatlı kiber-fiziki sistemlərdə fərdi məlumatların təhlükəsizliyinin təmin edilməsi, kompüter sistemlərində zərərli proqram təminatının aşkarlanması, pilotsuz uçuş aparatlarına olan təhdidlərin aşkarlanması və onların kibertəhlükəsizliyinin təmin olunması, kritik sistemlərin və onların ayrı-ayrı komponentlərinin kiber təhlükəsizliyinin təmin edilməsi və təbii dilin emalı texnologiyalarının tətbiqi ilə mətnlərdə kibertəhlükələrin aşkarlanması problemləri ilə bağlı araşdırmalar davam etdirilib.
Faktinfo.az xəbər verir ki,bu barədə institutun Elmi şurasının iclasında baş elmi işçi, texnika üzrə fəlsəfə doktoru, dosent Ramiz Şıxəliyev qeyd olunan problemlər üzrə elmi tədqiqatlar aparan şöbənin cari il üçün yarımillik hesabatının müzakirəsində məlumat verib.
Məruzəçi “Kompüter şəbəkələrinin intellektual monitorinqi üçün metod və modellərin işlənilməsi” mövzusu üzrə süni immun sistemləri və onların kibertəhlükəsizlik problemlərinin həllində tətbiqi perspektivləri, kompüter şəbəkələrinin kibertəhlükəsizliyinin süni immun mexanizmi əsasında monitorinqi modelinin işlənilməsi istiqamətində tədqiqatların aparıldığını bildirib.
R.Şıxəliyev “Mürəkkəb bulud sistemlərinin kibertəhlükəsizliyinin təmin edilməsi üçün metod və alqoritmlərin işlənməsi” mövzusu üzrə mətn tipli informasiya resurslarında kibertəhlükələr və onlarla mübarizə texnologiyalarının işlənilməsi, kibertəhlükələrin təbii dilin emalı əsaslı analizi üsullarının tədqiqi, təbii dilin emalı vasitəsilə dezinformasiyanın aşkarlanması üsulunun işlənməsi ilə bağlı araşdırmaların davam etdirildiyini, tədqiqatların nəticələrinin nüfuzlu jurnallara təqdim olunduğunu söyləyib.
O, "Kiber-fiziki sistemlərdə informasiya təhlükəsizliyinin təmin edilməsi metodları" mövzusunda elmi-tədqiqat işi çərçivəsində sosial təyinatlı kiber-fiziki sistemlərdə kiberhücumların aşkarlanması metodunun işlənməsi, neft-qaz sektorunda informasiya təhlükəsizliyi anomaliyalarının dərin təlim əsasında aşkarlanması üzrə aparılan tədqiqatların vəziyyəti ilə bağlı məlumat verib.
R.Şıxəliyevin sözlərinə görə, hesabat dövründə şöbədə həmçinin şəbəkə infrastrukturunda insidentlərin aşkarlanması, identifikasiya olunması, intellektual analizi və aradan qaldırılması üçün qərarların qəbul edilməsi, informasiya axtarışının səmərəliyinin yüksəldilməsi, zərərli proqram təminatının aşkarlanması, pilotsuz uçuş sistemlərinə olan kiberhücumların aşkarlanması, sosial təyinatlı kiber-fiziki sistemlərdə fərdi məlumatların təhlükəsizliyinin qorunması, kritik texnoloji sistemlərin kibertəhlükəsizliyinin təmin edilməsi, o cümlədən mətnlərdə kibertəhlükələrin aşkarlanması üçün intellektual metod və alqoitmlərin işlənməsi kimi aktual mövzularda tədqiqatlar aparılmış, yüksək elmi nəticələr əldə olunmuşdur.
Məruzəçi qeyd edib ki, cari il ərzində “Web of Science”, “Scopus” və digər beynəlxalq elmi bazalarda indeksləşən jurnallarda, eləcə də Ali Attestasiya Komissiyasının siyahısına daxil olan elmi nəşrlərə 19 məqalə, o cümlədən respublika və beynəlxalq səviyyəli 9 konfransa tezislər təqdim edilmiş və çap olunmuşdur.
R.Şıxəliyev həmçinin Polşanın Milli Nüvə Tədqiqatları Mərkəzi, Almaniyanın Deggendorf Texniki Universiteti, Danimarkanın Kopenhagen Universiteti, Çex Respublikasının CESNET Assosiasiyası, Şimali Universitetlər Şəbəkəsi (Nordic Universities Network) olan NORDUnet, İndoneziyanın RİAU Universiteti ilə beynəlxalq elmi əməkdaşlıq əlaqələrinin daha da inkişaf etdirilməsi istiqamətində bir sıra tədbirlərin həyata keçirildiyini nəzərə çatdırıb.
O, əməkdaşların elmi-praktiki və innovasiya, elmi-ekspertiza, elmi-təşkilati, elmi-pedaqoji fəaliyyəti, qrant layihələrində iştirak, kadr hazırlığı, elmin populyarlaşdırılması və təbliği ilə bağlı görülmüş işlər haqqında da məlumat verib, elmmetrik göstəriciləri təqdim edib.
Hesabat ətrafında müzakirələr aparılıb, suallar cavablandırılıb.
AMEA-nın vitse-prezidenti, institutun baş direktoru, şöbənin rəhbəri, akademik Rasim Əliquliyev çıxış edərək, süni immun sistemləri və onların kibertəhlükəsizlik məsələləri, təbii dilin emalı texnologiyalarının tətbiqi ilə mətn tipli informasiya resurslarında kibertəhlükələrin aşkarlanması və onlarla mübarizə texnologiyalarının işlənilməsi istiqamətləri üzrə yüksəkixtisaslı kadr hazırlığının həyata keçirilməsinin əhəmiyyətindən danışıb. Şöbədaxili seminarların intellektual dialoq platforması olduğunu deyən akademik R.Əliquliyev hər bir struktur bölmədə mütəmadi olaraq elmi seminarların keçirilməsinin tədqiqatçıların elmi fəaliyyətinin monitorinq edilməsi, aktual elmi problemlərin müzakirəsi, gənc tədqiqatçılara elmi və intellektual dəstək verilməsi baxımından böyük önəm kəsb etdiyini vurğulayıb.
Akademik şöbədə aparılan tədqiqatların əsas istiqamətinin dövlətin maraqlarına cavab verən, ölkənin kibertəhlükəsizliyinin təmin olunmasına xidmət edən elmi problemlərə həsr olunduğunu qeyd edərək, struktur bölmədə aparılmış tədqiqatlar zamanı əldə olunmuş elmi nəticələrin praktiki-innovativ tərəfləri ilə bağlı müvafiq qurumlar qarşısında mütəmadi olaraq hesabatların təqdim olunduğunu da diqqətə çatdırıb.
Alim gənc tədqiqatçılara elmi fəaliyyətin daha da gücləndirilməsinə, aparılan araşdırmaların elmi-nəzəri nəticələrinin nüfuzlu elmi jurnallarda nəşr olunması üçün yeni məqalələrin hazırlanmasına dair tövsiyələr verib.
Sonda Elmi şuranın qərarı ilə şöbənin yarımillik hesabatı qənaətbəxş hesab olunub.
Faktinfo.az
Bu xəbər üçün şərh yazın