Könül Nurullayeva AŞPA sessiyasında Azərbaycanın səhiyyə sistemində gördüyü işlərdən danışıb
İctimai səhiyyə ilə bağlı fövqəladə vəziyyət və bu sahəyə vahid yanaşma qloballaşan dünya üçün son dərəcə vacibdir.
Azərbaycan ictimai səhiyyədə fövqəladə halların idarə edilməsində çoxtərəfliliyə və səhiyyəyə vahid yanaşmanın vacibliyini qəbul edir. Ölkə səhiyyə infrastrukturuna, o cümlədən müasir qurğulara və qabaqcıl tibbi avadanlıqlara sərmayə qoyur. Xəstəliklərə nəzarət, eləcə də onların qarşısının alınması üzrə Milli Mərkəzin yaradılmasına nəzarət və cavab tədbirləri imkanlarını gücləndirir.
Faktinfo.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri AŞPA-da nümayəndə heyətinin üzvü Könül Nurullayeva “İctimai səhiyyədə fövqəladə vəziyyət: çoxtərəfliliyə və səhiyyəyə vahid yanaşma ehtiyacı” adlı məruzənin müzakirələri zamanı çıxışında deyib.
Bildirilib ki, Azərbaycan yoluxucu xəstəliklərin səmərəli idarə olunması üçün beynəlxalq tərəfdaşlarla əməkdaşlıq edir, məlumatları bölüşür və ən yaxşı təcrübələri qəbul edir. Bu tədbirlər Azərbaycanın ictimai səhiyyə ilə bağlı fövqəladə halların həllinə hərtərəfli və çoxtərəfli yanaşmaya sadiqliyini nümayiş etdirir.
Azərbaycanlı deputat səhiyyə sistemlərinə sərmayə qoyulmasının, bu sahədəki infrastrukturun gücləndirilməsinin, tibbi avadanlıqların mövcudluğunun təmin edilməsinin və tibb işçilərinin potensialının artırılması üçün adekvat maliyyə ayrılmasının vacibliyini qeyd edib. Bu cür tədbirlərin böhran dövrlərində əhalinin sağlamlığını qorumağa imkan verəcəyini deyib. Həmçinin, xəstəliklərə nəzarət və erkən xəbərdarlıq sistemlərində qlobal əməkdaşlığı gücləndirməyin vacibliyini diqqətə çatdırıb.
Məlumat və qabaqcıl təcrübələri paylaşmaqla epidemiyaların vaxtında aşkarlanacağını, onlara daha tez reaksiya verilə biləcəyini deyən deputat qeyd edib ki, yoluxucu xəstəliklər haqqında maarifləndirməni təkmilləşdirmək, eləcə də səmərəli müalicə üsullarını inkişaf etdirmək üçün tədqiqatlara üstünlük verilməlidir. Bir sözlə, elmi əməkdaşlığı və tədqiqat nəticələrinin paylaşılmasını təşviq etməklə tibbi müdaxilələrin inkişafını sürətləndirmək, onlara ehtiyacı olanlara ədalətli çıxışı təmin etmək olar.
Bu xəbər üçün şərh yazın