Könül Nurullayeva: “Azərbaycan Prezidenti Praqa görüşündə də Azərbaycanın milli maraqlarını layiqincə qorudu”
Azərbaycan və Ermənistan arasında normallaşma prosesinə dair Praqada davam etdirilən danışıqlar da rəsmi Bakının təklif etdiyi baza prinsipləri əsasında aparıldı.
Ermənistan Fransa prezidentinin bu görüşdə iştirakına ümid edərək, bəzi təxribatlara ümid edirdi. Paşinyan Fransanın da iştirak etdiyi görüşdə özünü qətiyyətli hiss edir, Fransa tərəfi də Ermənistanı dəstəklədiyini açıq şəkildə gizlətmirdi. Ermənistan və Fransa sərhəddə baş vermiş insidentlərə görə Azərbaycana təzyiq göstərəcəklərini güman edirdilər. Lakin digər görüşlərdə olduğu kimi, budəfəki görüşdə də Prezident Əliyevin qətiyyəti və prinsipiallığı buna imkan vermədi. Görüşün ümumilkdə 5 saatdan artıq çəkməsi və 2 hissədən ibarət olması müzakirələrin çoxşaxəli olduğunu deməyə əsas verir. Yekunda qəbul edilmiş bəyanatda Azərbaycan və Ermənistanın bir-birilərinin ərazi bütövlüyü və suverenliyini tanıması, bu xüsusda BMT Nizamnaməsinin əsas sənəd kimi götürülməsi bu dəfə də Azərbaycanın milli maraqları ön planda olduğunu təsdiqlədi. Bu, Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğunu bir daha təsdiqləyir. Suverenliyi tanımaqla, Ermənistan Qarabağ üzərində Azərbaycanın hakimiyyətini tanıyır.
Bu fikirləri açıqlamasında deputat Könül Nurullayeva deyib.
Daputat əlavə edib ki,Praqa görüşündə, eyni zamanda sərhədlərin delimitasiyası üzrə komissiyanın iclasının tezliklə keçirilməsi də razılaşdırıldı. Aİ və Fransa Azərbaycan ərazilərini də əhatə edəcək birgə sərhəd monitorinq missiyası yaradaraq, bundan regiona daxil olmaq üçün istifadə etmək istəyirdilər. Amma öz suverenliyinə dəyər verən Azərbaycan buna etiraz etdi. Azərbaycanın qəti mövqeyindən sonra belə razılaşdırıldı ki, bu missiya yalnız Ermənistan ərazisində olacaq. Azərbaycan isə öz maraqlarına uyğun şəkildə missiya ilə əməkdaşlıq edəcək, sərhəd missiyası etimad quruculuğu və sərhədlərin delimitasiyasına töhfə və dəstək verəcək. Bu, bir daha onu göstərir ki, Azərbaycan heç bir halda ərazi bütövlüyü məsəsləsində güzəştə getməyib və bundan sonra da heç bir platformada Bakının milli maraqlarına zidd qərar və ya müzakirədən söhbət gedə bilməz.
Praqa görüşündə Azərbaycanın maraqları müzəffər Ali Baş Komandan Prezident İlham Əliyev tərəfindən layiqincə qorundu. Ermənistan isə bu sərhəd missiyasına razılıq verməklə, suveren dövlət olmadığını bir daha göstərdi. Bu, həm də Rusiyaya qarşı yeni və ciddi addımdır. Moskva öz forpostunun bu davranışı ilə bağlı hansı qərarlar verəcək? Bu isə artıq Ermənistanın və onun rəhbərliyinin problemidir. Görünən budur ki, Ermənistan iki stulda oturmağa çalışır. Amma bu, ona baha başa gəlir. Burada Azərbaycanın prinsipial mövqeyi daha qabarıq formada özünü göstərir. Hər zaman müstəqil siyasət yeridən Azərbaycan bütün platformalarda söz sahibidir və sülh prosesində də şərtləri Bakı diktə edir.
Bu xəbər üçün şərh yazın