
"Körpə nəvələrim 4 ildir ki,ac-yalavac yaşayır"-Məcnun Məmmədovun ətrafı isə... -PREZİDENTƏ MÜRACİƏT
Tovuz rayonu, Vahidli kənd sakini, Şəhid və Qarabağ veteranı anası Həsənova Ceyran Məhəmməd qızı tərəfindən Azərbaycan Respublikasının prezidentinə müraciət ünvanlanıb.
Faktinfo.az xəbər verir ki,bir nüsxəsi də "DİA-az.info"-ya göndərilən müraciətdə deyilir:
"Məlumunuz olsun ki, mənim bir oğlum Azərbaycanın ərazi bütövlüyü uğrunda Şəhid olub,digər oğlum düz yeddi il cəbhənin ən qaynar nöqtələrində könüllü olaraq döyüşmüş və hazırda sağlamlığını tamamilə itirmişdir. Üçüncü oğlumun da zabit kimi hərbi xidmət zamanı sağlamlığında ciddi problemlər yaranmışdır.
Nəzərinizə çatdırım ki, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin keçmiş rəhbərliyi oğlum Həsənov Naməddin Tofiq oğlunu qanunsuz olaraq işdən azad etməklə Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il tarixli, 10 saylı qərarını kobud şəkildə pozmuşdur.Dəfələrlə Kənd Təsərrüfatı naziri Məcnun Məmmədova, Aqrar Xidmətlər Agentliyinin yeni sədri Sərdar Hacıyevə etdiyim çoxsaylı müraciətlərim də təəssüf ki, nəticəsiz qalıb.Açığını deyim ki, Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri Azad Cəfərlinin mənə ünvanladığı məktubda açıq-aşkar onun şəhid və qazi ailələrinə olan nifrəti özünü aşkar surətdə biruzə verməkdədir. Əvvəllər Mədəniyyət Nazirliyində böyük cinayətlərə yol verən Azad Cəfərli indi də bu nazirliyin Aparat rəhbərliyində öz əməllərini davam etdirməkdədir və həmin cavab məktubunu da müraciətimə əlavə edirəm.
Onu da qeyd edim ki,Azərbaycan prezidenti cənab İlham Əliyevə etdiyim müraciət bu cənabları qəzəbləndirib və bildirirlər ki,axı ölkə rəhbərliyinə niyə müraciət etmisiniz.Bu məmurlar özlərini ağa hesab edirlər,bunların qanunsuz hərəkətlərindən heç kimə şikayət etmək olmaz və bu şəxslər öz cinayət əməllərini davam etdirməkdə israrlıdırlar.
Hörmətli cənab prezident!
Mənim 6 nəfər ailə üzvündən ibarət olan oğlum və onun həyat yoldaşı işsizdir,onların 3 azyaşlı uşaqları artıq 4 ildir ki,ac yaşayırlar, heç bir gəliri olmayan ailə artıq ölümə məhkumdur.
Onu da əlavə edim ki,vaxtilə oğlumdan 25.000 manat rüşvət tələb edən Rəşad Vahabzadənin həmyerliləri və havadarları olan Aparat rəhbəri Azad Cəfərli və Kadr şöbəsinin müdiri İlham Süleymanov bizim müraciətlərimizin Kənd Təsərrüfatı naziri cənab Məcnun Məmmədova çatdırılmasına imkan vermir,oğlumun işlə təmin olunmasına hər vasitə ilə əngəl törədirlər.Hal-hazırda bu sahədə boş iş yeri olmasına baxmayaraq oğlumu işlə təmin etmirlər,onunla həmyerlilərinə görə hələdə prinsip aparırlar.Oğlum təcrübəli və savadlı mütəxəssis (aqranom) olmaqla dəfələrlə nazirlikdə dərs keçib.Elmdən və qanundan xəbəri olmayan İlham Süleymanov və Azad Cəfərli isə öz maxinasiyaları ilə baş qatmaqla məşğuldurlar.
Mənim körpə nəvələrim artıq 4 ildir ki,ac-yalavac yaşayır.Artıq son dəfə sizdən kömək istəyirəm.
Siz hər bir vətəndaşın qarantısınız və qanunu pozan bu cinayətkar ünsürlər öz cəzalarına təcili çatmalıdırlar.
İlham Süleymanov, Azad Cəfərli kimi harınların at oynatdıqları ölkədə yaşamaq mümkün deyil və bunun acı nəticələri özünü lap tezliklə biruzə verəcəkdir.
Qeyd:Tovuz rayonu,Vahidli kənd sakini,Şəhid və Qarabağ veteranı anası Həsənova Ceyran Məhəmməd qızı tərəfindən "DİA-az.info"-ya göndərilən müraciətin məzmununa oxşar digər müraciət Faktinfo.az saytının elektron poçtuna ünvanlanıb.Həmin müraciəti də yaxın günlərdə ictimailəşdirəcəyik.
Faktinfo.az
Bu xəbər üçün şərh yazın