Məhkum və həbs edilmiş şəxslər səsvermə hüququndan istifadə ediblər - FOTOLAR
Müstəqilliyimiz tarixində işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur da daxil olmaqla bütün suveren ərazilərimizdə həyata keçirilən ilk ümumxalq səsverməsi - növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkiləri ilə əlaqədar Ədliyyə Nazirliyi Penitensiar xidmətin müəssisələrində saxlanılan müəyyən müddətə və ömürlük azadlıqdan məhrum edilmiş məhkumlar və həbs edilmiş şəxslər hər bir Azərbaycan vətəndaşı kimi seçki hüquqlarından istifadə ediblər.
Bu məqsədlə ölkə üzrə bütün digər seçki məntəqələrində olduğu kimi, cəzaçəkmə müəssisələrində də sərbəst seçimi təmin edəcək əlverişli seçki mühiti yaradılıb. Seçki məntəqələri zəruri avadanlıqlar və texniki vasitələrlə təchiz olunub. Səsvermənin yüksək səviyyədə keçirilməsi üçün bütün imkanlardan səmərəli istifadə olunub.
Məhkum və həbs edilmiş şəxslər penitensiar müəssisələrdə 13 dairəni əhatə edən 27 seçki məntəqəsində azad və sərbəst şəkildə səs veririblər.
Bundan əlavə Ədliyyə Nazirliyi Penitensiar xidmətin Mühafizə alayında həqiqi hərbi xidmət keçən hərbi qulluqçuların da səs vermələri üçün bütün zəruri tədbirlər görülüb və əsgərlər yaradılmış məntəqələrdə öz seçki hüquqlarından istifadə ediblər.
Səsvermə prosesi müşahidəçilər və kütləvi informasiya vasitələri nümayəndələri tərəfindən izlənilib.
Bu xəbər üçün şərh yazın