"Məmməd İsmayıl -85" adlı ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub - FOTO
XX əsr Azərbaycan ədəbiyyatının görkəmli simalarından biri söz ustadı şair, publisist Məmməd İsmayıl 1 noyabr 1939-cu ildə Tovuz rayonunun Əsrik-Cırdaxan kəndində dünyaya gəlib.
1957-ci ildə Əsrik-Cırdaxan kənd orta məktəbini, 1964-cü ildə Azərbaycan Dövlət Universitetini, 1975-ci ildə Moskvada SSRİ Yazıçılar İttifaqı nəzdindəki ikiillik Ali Ədəbiyyat kursunu bitirib. 1998-ci ildə filologiya elmləri namizədi elmi dərəcəsini alıb. 1987-1992-ci illərdə ədəbi ictimaiyyətin və ədəbiyyat sevərlərin maraqla izlədiyi "Gənclik" və "Molodost" jurnallarının baş redaktoru olub. Bir müddət Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsinə rəhbərlik edib.
Məmməd İsmayıl bədii yaradıcılıqla ilk dəfə 1957-ci ildə rayon qəzetində dərc edilmiş "Dağlar" qoşması ilə gəlib. Müxtəlif illərdə “Aman təklik əlindən”, “Ümiddən asılan qılınclar”, “Yaş altmışa dayandı”, “Yoxun varlığı”, “Poemalar”, “Yetmişdən sonra”, “Gəlməyə vaxtmı tapdın, səksən yaşım”, “Arzuların yolu” və s. kitabları nəşr edilib. 20-yə yaxın şeir kitabının müəllifidir. 50-dən çox şerinə mahnı bəstələnib.
Ömrünün 30 ilini qardaş Türkiyədə yaşayıb-yaratmış görkəmli şairimizin özünəməxsus ədəbi və publisistik nümunələri ünlü nəşriyyatların buraxdığı 15 kitabda türk dilində işıq üzü görüb. “Bu qan yerdə qalan deyil”, “Türkün sevgisi”, “Dillən, telli sazım”, “Unutduğun yerdəyəm”, “Yelə bir şey söyləmişdim”, “İz” və digər kitablar bu sıradandır.
Şair- publisist Məmməd İsmayıl bir sıra xalqların dillərinə - rus, alman, fransız, yapon, macar, qazax və s. tərcümə olunaraq ölkəmizin hüdudlarından kənarda yayılan əsərləri ilə poeziyamızı layiqincə təmsil edib.
Faktinfo.az xəbər verir ki, bu gün ədəbiyyatımıza, poeziyamıza böyük töhfələr verən Məmməd İsmayılın 85 yaşı tamam olur. Bu münasibətlə Milli Kitabxanada "Məmməd İsmayıl - 85" adlı ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub.
Sərgidə şairin əsərləri, tərcümələri, tərtibçi, ön söz və redaktə etdiyi kitablar, həyatı və yaradıcılığı haqqında yazılmış Azərbaycan və xarici dillərdə kitablar, dövri mətbuatda çap oluunan şeirlər və məqalələr nümayiş olunur.
Sərgi bir həftə davam edəcək.
Faktinfo.az
Bu xəbər üçün şərh yazın