Milli Kitabxana "Məhəmməd Əmin Rəsulzadə-140" adlı virtual və eyniadlı ənənəvi sərgi təqdim edib - FOTO
Bu il görkəmli ictimai-siyasi xadim, Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri, Azərbaycan Milli Şurasının sədri Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 140 illiyi tamam olur.
Faktinfo.az xəbər verir ki,Məhəmməd Əmin Rəsulzadə XX əsrin ilk onilliklərində böhranlı geosiyasi şəraitdə Azərbaycanda müstəqillik idealının gerçəkləşdirilməsi və milli dövlət quruluşunun dirçəldilməsi yolunda böyük xidmətlər göstərmiş şəxsiyyətlərdəndir. Onun istiqlal məfkurəsi öz mənbəyini doğma xalqının çoxəsrlik yaddaşında kök salmış milli azadlıq düşüncəsindən alırdı. Məhəmməd Əmin Rəsulzadənin dövrün salnaməsinə çevrilən parlaq publisistik, siyasi, ədəbi-tənqidi və elmi irsi Azərbaycanın ictimai fikir tarixində xüsusi yer tutur. Uzun illər ərzində mühacirətdə də o, müstəqil Azərbaycan arzusu ilə yaşamış və mübarizə aparmışdır.
XX yüzilliyin sonlarında dövlət müstəqilliyini bərpa edən Azərbaycan xalqı, M.Ə.Rəsulzadənin də inandığı kimi, milli bayrağın torpaqlara deyil, millətin vicdanına enmiş olduğunu, hər kəsin bu bayrağı ruhunda, qəlbində və bağrında mühafızə etməkdə olduğunu sübut etdi.
Bununla bağlı Milli Kitabxananın əməkdaşları tərəfindən “Məhəmməd Əmin Rəsulzadə-140” adlı virtual və eyniadlı ənənəvi sərgi hazırlanıb.
Virtual sərgidə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Sərəncamı, fotolar, dövri mətbuat səhifələrində haqqında dərc olunan məqalələr, müəllifi olduğu kitablar, haqqında yazılan kitablar, ənənəvi sərgidə isə Milli Kitabxananın fondunda mühafizə olunan əsərləri, ictimai-siyasi fəaliyyəti ilə bağlı ədəbiyyatlar Azərbaycan və digər dillərdə nümayiş olunur.
Virtual sərgi ilə tanış olmaq istəyənlər http://anl.az/el/vsb/Mehemmed_Emin_Resulzade_140/index.htm linkindən istifadə edə bilər.
Ənənəvi sərgi 1 həftə davam edəcək.
Bu xəbər üçün şərh yazın