Milli Kitabxana "Xalq artisti Süleyman Ələsgərov-100" adlı virtual və eyniadlı ənənəvi sərgi təqdim edib - FOTO
Bu gün Azərbaycanın görkəmli bəstəkarı, Xalq artisti Süleyman Ələsgərovun anadan olmasının 100 ili tamam olur. O, 22 fevral 1924-cü ildə Şuşada doğulub. Musiqiyə olan hədsiz həvəsi onu Azərbaycan Dövlət Konservatoriyasına gətirib çıxarıb.
Bəstəkar 1943-cü ildə Ü.Hacıbəylinin zəmanəti ilə Bəstəkarlar İttifaqına qəbul olub. III kursda təhsil alarkən simfonik orkestr üçün “Bayram uvertürası”nı, violonçel, fortepiano və simfonik orkestr üçün ikili “Konsert”ini, nəhayət, diplom işi olan “Vətən” simfoniyasını bəstələyib.
Süleyman Ələsgərovun yaradıcılığında operetta janrı əsas yer tutur. "Məhəbbət gülü" , "Ulduz", "Özümüz bilərik", "Olmadı elə, oldu belə", "Milyonçunun dilənçi oğlu", "Hardasan ay subaylıq" və s. operettaları Azərbaycan Musiqili Komediya Teatrının səhnəsində bu gün də oynanılır. Onun "Bahadır və Sona", "Solğun çiçəklər" operaları, bir neçə kantatası - "Vətən, eşq olsun","Bahar təranələri", "Bir bayraq altında"; "Gənclik" və "Vətən" simfoniyaları, "Bayatı-Şiraz" simfonik muğamı,"Çingiz İldırım" vokal simfonik poeması, "Həzi Aslanovun xatirəsi"nə simfonik poema və süitaları, 3 tar konserti, 200-ə qədər mahnı və romansları (22 sözsüz mahnı) və digər əsərləri Azərbaycan musiqisinin incilərindəndir.
Faktinfo.az xəbər verir ki,Milli Kitabxananın əməkdaşları tərəfindən “Xalq artisti Süleyman Ələsgərov-100” adlı virtual və eyniadlı ənənəvi sərgi hazırlanıb.
Virtual sərgidə fotolar, dövri mətbuat səhifələrində haqqında dərc olunan məqalələr, müəllifi olduğu kitablar və haqqında yazılan kitablar nümayiş olunur.
Virtual sərgi ilə tanış olmaq istəyənlər https://anl.az/el/vsb/Suleyman_Elesgerov_100/index.htm linkindən istifadə edə bilər.
Eyni zamanda Milli Kitabxanada xalq artistinin həyatı və yaradıcılığına həsr olunmuş geniş ənənəvi kitab sərgisi də təşkil edilib. Sərgidə Milli Kitabxananın fondunda mühafizə olunan bəstəkarın əsərlərinin not yazıları, haqqında yazılan kitablar Azərbaycan və rus dilləridə nümayiş olunur.
Bu xəbər üçün şərh yazın