Milli Kitabxanada "12 noyabr - Konstitusiya Günü" adlı virtual və eyniadlı ənənəvi kitab sərgiləri istifadəçilərə təqdim olunub

Milli Kitabxanada "12 noyabr - Konstitusiya Günü" adlı virtual və eyniadlı ənənəvi kitab sərgiləri istifadəçilərə təqdim olunub - FOTO

Dövlət müstəqilliyinin bərpa olunduğu ilk illərdə Ümummilli Lider Heydər Əliyevin həyata keçirdiyi əsaslı islahatlar respublikamızı inkişaf yoluna çıxarmaqla yanaşı, qanunların aliliyini təmin edən, hüquqi, dünyəvi dövlət quruculuğuna yol açan yeni milli Konstitusiyanın hazırlanmasına və qəbuluna şərait yaradıb.

Ulu Öndərin şah əsəri hesab edilən Müstəqil Azərbaycanın ilk konstitusiyası 1995-ci il noyabrın 12-də ümumxalq referendum əsasında qəbul edilib. 1996-cı il fevralın 6-da Prezident Heydər Əliyev sərəncamı ilə noyabrın 12-i Konstitusiya günü elan edilib.

5 bölmədən, 12 fəsildən və 158 maddədən ibarət olan Konstitusiyaya əlavə və dəyişikliklər 2002-ci ilin avqustunda, 2009-cu ilin martında və 2016-cı ilin sentyabrında referendum yolu ilə edilib.

Müstəqil Azərbaycanın ilk Konstitusiyası müasir dünyanın tələblərinə uyğun, demokratik, vətəndaşların hüquqlarını tanıyan bir sənəddir.

Azərbaycan Konstitusiyası dünyada mövcud olan az sayda konstitusiyalardan biridir ki, dövlətin ali məqsədinin insan hüquq və azadlıqlarının müdafiəsi və ölkə vətəndaşlarının layiqli həyat şəraitinin təmin edilməsi göstərilib. Konstitusiyamızda dövlətin ali məqsədinin məhz insan və vətəndaş hüquqlarının və azadlıqlarının müdafiəsi kimi müəyyənləşdirilməsi müstəsna əhəmiyyət kəsb edir. Konstitusiyamız dövlətin məhz vətəndaşların mənafelərinə xidmət etdiyini ən yüksək səviyyədə bəyan edir.

Bu gün 29 yaşlı Azərbaycan Konstitusiyası insanların dilindən, dinindən və irqindən asılı olmayaraq hər kəsə eyni hüquq azadlığı verir.

Bu tarixi gün münasibətilə Milli Kitabxanada “12 noyabr - Konstitusiya Günü”  adlı virtual və eyniadlı ənənəvi kitab sərgiləri istifadəçilərə təqdim olunub.

Virtual sərgidə Konstitusiya Günü haqqında rəsmi sənəd, Azərbaycan Respublikasının Konstitusiyası, fotolar, məqalələr, Azərbaycan və xarici dillərdə kitablar nümayiş olunur.

Virtual sərgi ilə  https://anl.az/el/vsb/12Noyabr_Konstitusiya_gunu/index.htm    linkindən istifadə edərək tanış ola bilərsiniz.

Ənənəvi sərgidə isə Azərbaycan Respublikasının Konstitusiyası, Konstitusiya hüququ, tarixi, Müstəqil Azərbaycanın memarı Ulu Öndər Heydər Əliyev və Azərbaycan Respublikasının Konstitusiyası və s. mövzularda Azərbaycan və müxtəlif dillərdə ədəbiyyatlar nümayiş olunur.

 



Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər