Milli Kitabxanada "13 Noyabr – Beynəlxalq Gözdən Əlillər Günü" adlı virtual sərgi onlayn rejimdə istifadəçilərə təqdim olunub

Milli Kitabxanada "13 Noyabr – Beynəlxalq Gözdən Əlillər Günü" adlı virtual sərgi onlayn rejimdə istifadəçilərə təqdim olunub 

Beynəlxalq Gözdən Əlillər Günü Ümumdünya Səhiyyə Təşkilatının qərarı ilə gözdən əlillik və zəif görmə problemlərinə diqqəti cəlb etmək məqsədilə yaradılıb.

Əlillər üçün məhz 13 noyabr tarixinin ayrılmasının isə özünəməxsus tarixi səbəbləri var. Belə ki, bu tarix fransız pedaqoqu Valentin Qayuinin doğulduğu tarixdir. 1745-ci ilin 13 noyabrında anadan olan Valentin dünyada ilk dəfə öz hesabına gözdən əlillər üçün qabartmalı şriftlər yaradıb. 1784-cü ildə isə o öz evində görmə qüsuru olan insanlar üçün məktəb açıb və ixtirası olan qabartmalı şriftlərdən istifadə etməklə onlara təlim keçib.  

Hazırda dünyada təxminən 124 milyondan çox gözdən əlil yaşayır.

Azərbaycanda gözdən əlillərin ictimai birliyi 1929-cu ildən, Gözdən Əlillər Cəmiyyəti isə 2002-ci ildən fəaliyyət göstərir. Noyabr ayının 13-də Azərbaycanda cəmiyyətin diqqətini görmə qabiliyyətini itirənlərə cəlb etmək üçün müxtəlif tədbirlər keçirilir. 2007-ci il dekabrın 9-da BMT-nin inkişaf Proqramı ilə Heydər Əliyev Fondu arasında görmə qabiliyyətini itirənlər və zəif görənlər üçün informasiya rabitə texnologiyalarına çıxışı təmin edən razılaşma sənədi imzalanıb.

Gözdən əlil və görmə qabiliyyəti zəif olanların informasiya-kommunikasiya texnologiyalarından istifadə etməsi üçün bölgələrdə regional informasiya mərkəzləri yaradılıb. Əlillərin işlə təmin olunması üçün bir sıra təlim-tədris kursları təşkil olunur. Təhsilin keyfiyyətinin yaxşılaşdırılması üçün Brayl əlifbalı iri şriftlər və səsli formatlı dərsliklər, dərs vəsaitləri nəşr edilir.

Paytaxtın əsas işlək küçələrində işıqforlar səs siqnalları ilə təchiz edilib. Bir sıra binaların qarşısında və yol kəsişmələrində gözdən əlillərin rahatlığı üçün panduslar quraşdırılıb. Ölkəmizdə gözdən əlillərin həyat şəraitinin yaxşılaşdırılması üçün ildən-ilə qayğı artırılır.

 Milli Kitabxanada gözdən əlil insanların problemlərini aktuallaşdırmaq məqsədilə  “13 Noyabr – Beynəlxalq Gözdən Əlillər Günü”  adlı virtual sərgi onlayn rejimdə istifadəçilərə təqdim olunub.

Virtual sərgidə bu günlə əlaqədar dövri mətbuatda dərc olunan məqalələr, Azərbaycan və xarici dillərində kitablar nümayiş olunur.

Virtual sərgi ilə https://anl.az/el/vsb/Beynelxalq_Gozden_Eliller_Gunu_13_noyabr/index.htm  linkindən istifadə edərək tanış ola bilərsiniz.

Faktinfo.az


Birinci məlumatlanmaq üçün facebook səhifəmizi