Milli Kitabxanada “2 avqust - Azərbaycan Kinosu Günü” adlı virtual və eyniadlı ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub - FOTO
Bu gün Azərbaycan Kinosu Günüdür. Ümummilli lider Heydər Əliyevin 2000-ci il 18 dekabr tarixli Sərəncamı ilə avqustun 2-si kino işçilərinin peşə bayramı – “Azərbaycan Kinosu Günü” kimi qeyd olunur.
Fransada keçirilmiş ilk kinoseansdan iki il sonra – 1898-ci il avqustun 2-də Bakıda elmi-foto dərnəyinin katibi, fotoqraf Aleksandr Mişon özünün lentə aldığı “Bibiheybətdə neft fontanı yanğını”, “Əlahəzrət Buxara əmirinin yolasalma mərasimi”, “Qafqaz rəqsi” xronikal sənədli və “İlişdin” adlı bədii süjetlərini nümayiş etdirmişdi. Həmin tarix Azərbaycanda kinonun yaranma günü hesab olunur.
1916-cı ildə yazıçı İbrahim bəy Musabəyovun eyniadlı povesti əsasında “Neft və milyonlar səltənətində”, 1917-ci ildə isə Üzeyir Hacıbəylinin eyniadlı operettası əsasında “Arşın mal alan” qısametrajlı bədii filmləri çəkilib.
1923-cü ildə Azərbaycan Foto-Kino İdarəsi (AFKİ) yaradılıb və həmin il aprelin 28-də I Dövlət Kinofabriki (kinostudiya) açılıb. Burada çəkilən ilk film xalq əfsanəsinin motivləri əsasında lentə alınan “Qız qalası” bədii filmi olub.
1926-cı ildə Dövlət Kinofabriki “Azdövlətkino”, sonrakı illərdə “Azərkino”, “Azərfilm”, “Azdövlətkinosənaye”, “Bakı kinostudiyası” və nəhayət, “Azərbaycanfilm” adlandırılıb. 1960-cı ildən kinostudiya Cəfər Cabbarlının adını daşıyır.
“Azərbaycanfilm”də indiyədək iki mindən çox müxtəlif növ və janrda film istehsal olunub.
Ümummilli lider Heydər Əliyevin mədəniyyət və incəsənət, kino sahəsinə göstərdiyi diqqət və qayğı hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Filmlərimizin beynəlxalq festivallarda uğurla nümayiş olunması, mükafatlar qazanması eyni zamanda Azərbaycan kinosunun, mədəniyyətinin dünyada təbliğinə töhfədir.
Faktinfo.az xəbər verir ki, Milli Kitabxanada “2 avqust - Azərbaycan Kinosu Günü” adlı virtual və eyniadlı ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub.
Virtual sərgidə rəsmi sənədlər, kino tariximiz haqqında məqalələr, kitablar və müxtəlif resurslar tammətni ilə təqdim olunur.
Virtual sərgi ilə tanış olmaq istəyənlər http://anl.az/el/vsb/Milli_kino_gunu/index.html linkindən istifadə edə bilərlər.
Ənənəvi sərgidə kino tarixi, kino salnaməsi, kino işi mövzusunda kitablar, monoqrafiyalar, dərsliklər Azərbaycan və müxtəlif dillərdə ədəbiyyatlar nümayiş olunur.
Sərgi 1 həftə davam edəcək.
Faktinfo.az
Bu xəbər üçün şərh yazın