Milli Kitabxanada “2 fevral - Azərbaycan Gəncləri Günü” adlı kitab sərgisi açılıb

Milli Kitabxanada “2 fevral - Azərbaycan Gəncləri Günü” adlı kitab sərgisi açılıb 

2 fevral - Azərbaycan Gəncləri Günüdür. Ulu Öndər Heydər Əliyevin 1997-ci ildə imzaladığı fərmanla təsis olunan bu əlamətdar gün Azərbaycan gənclərinin cəmiyyətdəki roluna verilən yüksək qiymətin bariz nümunəsidir.

Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan siyasi kurs bu gün ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət gənclər siyasəti Azərbaycan gəncliyinin inkişafına təkan vermiş, onların özlərini cəmiyyətdə təsdiq etməsində mühüm rol oynamışdır. Belə ki, Prezident İlham Əliyev 2005-ci il avqustun 30-da “Azərbaycan Gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) təsdiq edilməsi haqqında” Sərəncam imzaladı. Proqram çərçivəsində görülən işlər gənclərin potensialından ölkənin mənafeyi naminə tam və düzgün istifadə olunması, onların faydalı məşğulluğunun təmin edilməsi, dövlət idarəçiliyi sistemində iştirakının gerçəkləşdirilməsi yönündə ciddi irəliləyişə gətirib çıxardı. 2011-ci ilin 6 aprel tarixində prezidentin “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı haqqında Sərəncamı ölkəmizdə gənclər siyasətini daha da inkişaf etdirmək, gənclərin menecment sahəsində fəal iştirakına şərait yaratmaq, gənc mütəxəssislərin işlə təminatı və digər sosial-iqtisadi problemlərinin həllini təmin etmək idi.

Gənclərin hərtərəfli inkişafını, cəmiyyətin həyatında fəal iştirakını bir qədər də stimullaşdırmaq məqsədi ilə Prezident İlham Əliyev 19 dekabr 2011-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun yaradılması barədə sərəncam verdi. Fondun qarşısında gənclər siyasəti ilə bağlı elm, təhsil, mədəniyyət və digər sosial sahələrə yönəlmiş ictimai və sosial əhəmiyyətli, o cümlədən beynəlxalq səviyyədə həyata keçirilən layihə və proqramları qrant şəklində maliyyələşdirmək məqsədi qoyuldu.

Prezident İlham Əliyevin gənclərə dəstək yönündə verdiyi mühüm və əlamətdar qərarlardan biri də ölkədə ilk dəfə “Gənclər üçün Prezident Mükafatı”-nın təsis edilməsi oldu.

Azərbaycanda həyata keçirilən gənclər siyasəti yeni nəslin intellektual və innovativ potensialının reallaşmasına hərtərəfli imkan yaratmaqla yanaşı, eyni zamanda, onda dərin vətənpərvərlik ruhu formalaşdırmışdır. Azərbaycan gənci məhz qəlbindəki güclü Vətən sevgisi sayəsində döyüşlərin əsas ağırlığını qəhrəmancasına öz üzərinə götürərək xalqımızın qələbə əzmini dünyaya nümayiş etdirmiş Vətən müharibəsində Zəfər salnaməsi yazmışdır.

Milli Kitabxanada bu əlamətdar gün münasibətilə “2 fevral - Azərbaycan Gəncləri Günü” adlı ənənəvi geniş kitab sərgisi açılıb.

 Sərgidə Ümummilli Lider Heydər Əliyev və Azərbaycan Respublikasında gənclər siyasəti, Prezident İlham Əliyev və müasir Azərbaycan gəncləri, gənclər siyasəti ilə bağlı normativ hüquqi sənədlər toplusu, gənclərdə vətənpərvərlik ruhunun formalaşması, Azərbaycan gəncləri statistik məcmuələri, gənc tədqiqatçıların elmi əsərləri, ölkəmizin ictimai-siyasi, iqtisadi, mədəni həyatında gənclərin rolu, torpaqlarımızın bütövlüyü və azadlığı yolunda canından keçən igid qəhrəmanlar haqqında Azərbaycan və müxtəlif dillərdə ədəbiyyatlar, gənclərdə milli mənlik, vətənə sədaqət ruhu aşılayan mahnıların müsiqi notları nümayiş olunur.

Sərgi bir həftə davam edəcək.

Faktinfo.az


 


Milli Kitabxanada “2 fevral - Azərbaycan Gəncləri Günü” adlı kitab sərgisi açılıb
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi