Milli Kitabxanada “20 sentyabr - Dövlət Suverenliyi Günü” adlı kitab sərgisi açılıb
20 sentyabr Azərbaycanın son 200 illik tarixinin şərəfli səhifəsidir. Prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən, hər il sentyabrın 20-si Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günü kimi qeyd ediləcək.
Bu əlamətdar günün təsis olunması Müzəffər Ali Baş Komandan İlham Əliyevin uzaqgörən hərbi və siyasi strategiyasının nəticəsi olaraq, Ermənistan silahlı qüvvələrinin qalıqları və qeyri-qanuni silahlı dəstələrinin tərksilah edilərək ərazilərimizdən çıxarılması ilə bağlıdır. Belə ki, bu gün - sentyabrın 20-də Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərlərinin erməni sepratçılarından təmizlənməsindən bir il ötür.
2023-cü il sentyabrın 19-da Azərbaycanın Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması və Ermənistan silahlı qüvvələrinin qalıqlarının tərksilah edilərək torpaqlarımızdan çıxarılması, həmin ərazilərdə Azərbaycan Respublikası konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə antiterror əməliyyatına başlanmışdır. Cəmi 23 saat davam etmiş və sentyabrın 20-də başa çatmış əməliyyat nəticəsində rəşadətli Azərbaycan Ordusu qarşısına qoyulmuş bütün vəzifələri yüksək peşəkarlıqla yerinə yetirmişdir. Beləliklə, növbəti parlaq Qələbə nəticəsində Azərbaycan Respublikasının suverenliyi tam bərpa edilmişdir. Azərbaycan xalqının həyatında müstəsna əhəmiyyət kəsb edən şanlı Zəfər sayəsində bu gün Azərbaycan Respublikasının Dövlət Bayrağı suverenliyimizin bərqərar olduğu bütün ərazilərdə əzəmətlə dalğalanmaqdadır.
Suverenlik tariximiz böyük zəfərlərlə doludur. Artıq, işğaldan azad olunmuş bütün ərazilərə keçmiş məcburi köçkünlər qayıdır
Bu gün üçrəngli bayrağımız Qarabağın və Şərqi Zəngəzurun hər bir guşəsində - Cəbrayılda, Füzulidə, Zəngilanda, Qubadlıda, Kəlbəcərdə, Ağdamda, Şuşada, Hadrutda, Laçında, Əsgəranda, Xocavənddə, Ağdərədə, Xocalıda və Xankəndidə dalğalanır.
Azərbaycan tarixinə qızıl hərflərlə yazılan bu gün haqqında Azərbaycan Milli Kitabxanada "20 sentyabr - Dövlət Suverenliyi Günü" adlı geniş kitab sərgisi açılıb.
Sərgidə Azərbaycanın Dövlət Suverenliyinə nail olduğu tarixi hadisələrdən - Aprel döyüşlərindən, Tovuz döyüşlərindən, 44 günlük Vətən müharibəsində qazandığımız şanlı qələbədən, tarixi zəfərimizin əldə olunmasında Müzəffər Ali Baş Komandan İlham Əliyevin uzaqgörən hərbi və siyasi strategiyasından, Azərbaycan əsgərinin rəşadətindən, torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin döyüş yolundan bəhs edən Azərbaycan və müxtəlif dillədə ədəbiyyatlar nümayiş olunur.
Faktinfo.az
Bu xəbər üçün şərh yazın