Milli Kitabxanada "23 Aprel – Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü" adlı virtual və eyniadlı ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub
Aprelin 23-ü Beynəlxalq Kitab və Müəlliflik Hüququ Günüdür.
Bu barədə qərar 1995-ci ildə Parisdə UNESCO-nun Baş Konfransında qəbul edilib. 1996-cı ildən etibarən isə kitaba və müəlliflərə hörmət əlaməti olaraq bu əlamətdar gün bütün dünyada qeyd olunur.Beynəlxalq Kitab və Müəlliflik Hüququ Gününün elan edilməsi barədə qərarda mədəni ənənələrin inkişafı və dərk edilməsi, həmçinin biliklərin yayılması və qorunması üçün kitabların və maarifləndirmənin ən böyük vasitə və ən etibarlı üsul olması vurğulanır, müəlliflərin cəmiyyətdəki xüsusi rolu qeyd olunur.Azərbaycanda Beynəlxalq Kitab və Müəlliflik Hüququ Günü 1997-ci ildən qeyd edilir.
Qeyd edək ki, ölkəmizdə əqli mülkiyyət sahəsinin inkişafına və bu sahədə qanunvericiliyin təkmilləşdirilməsinə dövlət tərəfindən xüsusi diqqət yetirilir. Ölkənin əsas qanunu olan Konstitusiyada ilk dəfə olaraq müəlliflik hüququ, əlaqəli hüquqlar və digər əqli mülkiyyət hüquqları təsbit olunub. Həmçinin ölkəmizdə bu sahənin hüquqi bazası da formalaşdırılıb, “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında”, “Kitabxana işi haqqında”, “Nəşriyyat işi haqqında” Azərbaycan Respublikasının qanunları imzalanıb, Əqli Mülkiyyət Agentliyi yaradılıb. Həmçinin YUNESKO-nun “Müəllif hüququ haqqında Ümumdünya Konvensiyası”na (1997) qoşularaq, geniş beynəlxalq əməkdaşlığa cəlb olunub.
Beynəlxalq Kitab və Müəlliflik Hüququ Gününün qeyd olunmasında məqsəd kitabların geniş əhatə dairəsini – keçmiş və gələcək, nəsillər və mədəniyyətlər arasında körpü olduğunu ictimaiyyətin diqqətinə bir daha çatdırmaqdır.İnsanın kamil şəxsiyyət kimi formalaşmasında, mənəvi aləminin zənginləşməsində, bədii təxəyyülünün, obrazlı və məntiqi təfəkkürünün, idraki bacarıqlarının inkişafında, hətta bir çox hallarda həyat yolunun müəyyənləşdirilməsində və vətəndaşlıq tərbiyəsində kitab və mütaliənin rolu mühüm əhəmiyyət kəsb edir. Kitablar həm də dilimizi sevdirməyin ən gözəl vasitəsidir.
"Beynəlxalq Kitab və Müəlliflik Hüququ Günü" ölkəmizdə təntənəli şəkildə qeyd olunması artıq ənənəyə çevrilmişdir.
Faktinfo.az xəbər verir ki,bu münasibətlə Milli Kitabxanada ənənəvi olaraq "23 aprel - Beynəlxalq Kitab və Müəllif Hüquqları Günü" adlı virtual və eyniadlı ənənəvi kitab sərgisi təşkil edilib.
Virtual sərgidə fotolar, mövzu ilə əlaqədar kitab və dövri mətbuatda dərc olunan məqalələr nümayiş olunur. Virtual sərgi ilə tanış olmaq istəyənlər https://anl.az/el/vsb/Umumdunya_Kitab_ve_Muelliflik_Huququ_Gunu/index.htm linkindən istifadə edə bilərlər.
Ənənəvi kitab sərgisində isə Azərbaycanın tarixi, mədəniyyəti, musiqisi, xalçaları, muğamları, xalq yaradıcılığı, ədəbiyyatı, memarlığı, milli mətbəxi və geyimləri, mədəni irsi haqqında milli kökümüzü təbliğ edən ədəbiyyatlar, müəlliflik hüququ və əqli mülkiyyət hüquqlarının qorunması mövzusunda nəşr olunan kitablar Azərbaycan və müxtəlif dillərdə nümayiş olunur.
Ənənəvi kitab sərgisi 1 həftə davam edəcək.
Faktinfo.az
Bu xəbər üçün şərh yazın