
Milli Kitabxanada "26 aprel - Beynəlxalq Əqli Mülkiyyət Günü" adlı kitab sərgisi açılıb
Aprelin 26-sı Beynəlxalq Əqli Mülkiyyət Günüdür. Əqli Mülkiyyət sənaye, elm, sənət və ədəbiyyat sahəsində əqli fəaliyyətin nəticəsinə olan qanuni hüquqdur. Bu gün Ümumdünya Əqli Mülkiyyət Təşkilatı (ÜƏMT) tərəfindən 2000-ci ildə təsis edilib.
Beynəlxalq Əqli Mülkiyyət Günü hər il bir deviz altında keçirilir. 2025-ci ilin devizi belədir: "Əqli mülkiyyət və musiqi: əqli mülkiyyətin ritmini hiss edin".
Bu gün ölkəmiz əqli mülkiyyət sahəsində ən qabaqcıl dövlət kimi təqdim olunur. 22 may 2012-ci ildə “Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun qəbul olunması, 20 aprel 2018-ci ildə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Sərəncamı ilə Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin yaradılması və s. mülkiyyətin mühafizəsi sahəsindəki dövlət siyasəti bu sahədə həyata keçirilən tədbirlərin əhatə dairəsini daha da genişləndirib.
Faktinfo.az xəbər verir ki,Milli Kitabxanada əqli mülkiyyətin qorunması, mənimsənilməsi, eləcə də əqli mülkiyyətin qorunma üsulları haqqında maarifləndirmə məqsədilə “26 aprel - Beynəlxalq Əqli Mülkiyyət Günü” adlı kitab sərgisi açılıb.
Sərgidə əqli mülkiyyət siyasəti, əqli mülkiyyət hüquqlarının müdafiəsinin təminatı, patent qanunvericiliyi, müəlliflik hüququ və əlaqəli hüquqlar, məlumat topluları, ixtiralar, faydalı modellər, sənaye nümunələri, əmtəə nişanları və coğrafi göstəricilər haqqında hüquqlar, Azərbaycan folkloru nümunələrinə, ənənəvi biliklərə və qeyri-maddi mədəni irs nümunələri, erməni plagiatçılığı və s. haqqında ədəbiyyatlar Azərbaycan və xarici dillərdə nümayiş olunur.
Sərgi bir həftə davam edəcək.
Faktinfo.az
Bu xəbər üçün şərh yazın