Milli Kitabxanada "26 iyun - Azərbaycan Respublikası Silahlı Qüvvələr Günü" adlı virtual və eyniadlı ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub - FOTO
Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyevin 1998-ci il 22 may tarixli Fərmanına əsasən, Əlahiddə Azərbaycan Korpusunun yarandığı gün - 26 İyun Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü elan olundu və hər il bu tarix rəsmi dövlət bayramı kimi qeyd edilir. Bu mühüm addım Ümummilli Liderin ordu quruculuğuna diqqətinin bariz nümunəsidir.
- Ulu öndər Heydər Əliyevin müstəsna xidmətləri sayəsində formalaşan Azərbaycan Silahlı Qüvvələri hazırda möhtərəm Prezidentimiz, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında öz şərəfli missiyasını uğurla davam etdirir. Ordu quruculuğunu davam etdirən, eyni zamanda güclü hərbi sənayenin yaradılmasını qarşıya məqsəd qoyan Prezident, Ali Baş Komandan İlham Əliyevin bu sahədə ardıcıl siyasəti Azərbaycanda yeni dövrün, XXI əsrin Silahlı Qüvvələrinin yaradılmasını təmin etdi. Ordunun maddi-texniki bazasının möhkəmləndirilməsi ilə yanaşı, şəxsi heyətin döyüş qabiliyyətinin, vətənpərvərliyinin yüksədilməsi istiqamətində də mütəşəkkil iş aparıldı. Azərbaycan Silahlı Qüvvələri öz imkanlarına görə dünyanın 50 ən güclü ordusu sırasına daxil oldu. Bu təkcə statistika olaraq qalmadı.
- Azərbaycan Prezidenti İlham Əliyevin "Azərbaycan güclü dövlətdir və onun güclü ordusu vardır" fikri ordu quruculuğunun bütün parametrlərinin dolğun ifadəsidir. Prezident İlham Əliyevin ordu quruculuğu istiqamətində səmərəli fəaliyyəti, aparılan ardıcıl və paralel işlərin nəticəsi Vətən müharibəsində əldə edilən şanlı Qələbədir.
- Hazırda Azərbaycan daha güclü hərbi potensiala malik olmaq üçün hərbi infrastrukturun beynəlxalq standartlara uyğun inkişaf etdirilməsini mühüm vəzifə kimi ortaya qoyur, dünyanın aparıcı dövlətləri və beynəlxalq hərbi təşkilatları ilə ikitərəfli, üçtərəfli və çoxtərəfli hərbi əməkdaşlığı diqqətdə saxlayır.
- Milli Kitabxanada “26 iyun - Azərbaycan Respublikası Silahlı Qüvvələr Günü” adlı virtual və eyniadlı ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub.
Virtual sərgidə rəsmi sənədlər, fotolar, mövzu ilə əlaqəli kitablar və dövri mətbuat səhifələrində dərc olunan materiallar nümayiş olunur.
Virtual sərgi ilə tanış olmaq istəyənlər https://anl.az/el/vsb/26_Iyun_Azerbaycan_Silahli_Quvveler_Gunu/index.htm linkindən istifadə edə bilərlər.
Ənənəvi sərgidə Azərbaycan Xalq Cümhuriyyətinin və Müstəqil Azərbaycan Respublikasının ordu quruculuğu, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin mükəmməl ordu quruculuğu strategiyası, hərb tarixi, 44 günlük Vətən müharibəsi zamanı qazanılan möhtəşəm Qələbə haqqında, tarixə adı qızıl hərflərlə yazılmış generallar, hərbi xadimlər, veteranlar, qazilər və vətən uğrunda şəhid olumuş hərbiçılər haqqında Azərbaycan və müxtəlif dillərdə kitablar nümayiş olunur.
Ənənəvi sərgi 1 həftə davam edəcək.
Bu xəbər üçün şərh yazın