Milli Kitabxanada “3 dekabr Beynəlxalq Əlillər Günü” adlı virtual sərgi və ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub
Bütün dünyada hər il dekabrın 3-də Beynəlxalq Əlillər Günü qeyd olunur. Bu barədə 1992-ci il dekabrın 14-də BMT Baş Assambleyasının qətnaməsi qəbul olunub.
Bu günün məqsədi ictimai həyatın bütün sahələrində əlillərin hüquqlarının qorunmasına nail olmaq və ictimaiyyətin diqqətini onların problemlərinə yönəltməkdir.
Azərbaycanda dövlət tərəfindən sağlamlıq imkanları məhdud olan insanların sosial rifahının yüksəldilməsi istiqamətində mühüm addımlar atılır, bu insanların sosial təminatı ildən-ilə daha da yaxşılaşır. Azərbaycan BMT Baş Məclisi tərəfindən 2006-cı ildə qəbul edilmiş "Əlillərin hüquqları haqqında" Konvensiyaya qoşulub.
31 may 2018-ci ildə qəbul olunan “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanunu əlilliyi olan şəxslər barəsində dövlət siyasətinin əsaslarını və onların hüquqlarının müdafiəsi sahəsində dövlətin vəzifələrini müəyyən edir, əlilliyi olan şəxslərin hüquq və azadlıqlarının tam və bərabər səviyyədə həyata keçirilməsini, onların şərəf və ləyaqətinin müdafiəsi sahəsində yaranan münasibətləri tənzimləyir.
Sağlamlıq imkanları məhdud olan şəxslərə və onların ailələrinə diqqət və qayğının artırılması, problemlərinin həllinə cəmiyyətin diqqətinin cəlb olunması, yüksək dövlət qayğısı davamlı xarakter daşıyır. Ölkədə əlillərin sosial müdafiəsi ilə bağlı dövlət proqramı hazırlanıb. Həmin proqramda əlilliyin qarşısının alınması, əlillərin reablitasiyası və sosial müdafiəsi haqqında qanunun bütün müddəaları öz əksini tapıb. Bakıda və regionlarda əlillər üçün reablitasiya mərkəzləri, protez-ortopedik müəssislər yaradılıb.
Hər il olduğu kimi ənənəvi olaraq bu il də Milli Kitabxanada “3 dekabr Beynəlxalq Əlillər Günü” adlı virtual sərgi və eyniadlı ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub.
Virtual sərgidə fotolar, əlillərin hüquqlarının qorunması, əlilliyi olan insanların töhfələri, nailiyyətləri və s. mövzu ilə əlaqəli dövri mətbuat səhifələrində dərc olunan məqalələr və kitablar nümayiş olunur.
Virtual sərgi ilə tanış olmaq istəyənlər https://anl.az/el/vsb/3_Dekabr_Beynelxalq_Eliller_Gunudur/index.htm linkindən istifadə edə bilərlər.
Ənənəvi kitab sərgisində əlillərin və sağlamlıq imkanları məhdud şəxslərin reabilitasiyası və sosial müdafiəsi haqqında, əlilliyin qarşısının alınması, xüsusi qayğıya ehtiyacı olan əhali qruplarının məşğulluğunun təmin olunması problemləri haqqında qanunvericilik aktları, monoqrafiyalar və s. mövzularda ədəbiyyatlar Azərbaycan və xarici dillərdə nümayiş olunur.
Sərgi 1 həftə davam edəcək.
Bu xəbər üçün şərh yazın