Milli Kitabxanada “Abbasqulu ağa Bakıxanov – 230” adlı kitab sərgisi açılıb

Milli Kitabxanada “Abbasqulu ağa Bakıxanov – 230” adlı kitab sərgisi açılıb 

Böyük mütəfəkkir, maarifpərvər alim, tarixşünas, ədəbiyyatçı, şair, filosof, astronom, dilçi və siyasi xadim kimi hərtərəfli biliyə malik olan Abbasqulu ağa Bakıxanov 1794-cü il iyun ayının 21-də Bakı şəhəri yaxınlığında Əmircan (köhnə adı Xilə) kəndində varlı bir ailədə dünyaya göz açıb.

A.Bakıxanov "Qüdsi" təxəllüsü ilə Azərbaycan, ərəb, fars dillərində müxtəlif bədii əsərlər yaradıb, ədəbiyyatımızda maarifçilik ideyalarının ilk carçılarından biri olub. 

Onun bədii yaradıcılıq irsi şeirlər külliyyatı, poemalar, avtobioqrafik şeirlər, mənzum hekayələr, qəsidə, qitə, qəzəl, rübai, məsnəvi kimi əsərləri əhatə edir. "Riyazül-qüds", "Kitabi-Əsgəriyyə" əsərləri ilə bədii nəsrin hekayə janrının ilk nümunələrini yaradıb. Həcmcə ən böyük əsərləri "Mişkatül-ənvar" və "Miratül-cəmal" məsnəviləridir.

A.Bakıxanov Azərbaycan elmi tarixində mühüm rolu olan böyük alimdir. Bakıxanova qədər Azərbaycan tarixinə aid zəngin və qiymətli materiallara ancaq pərakəndə halda tarixi və coğrafi əsərlərdə, səyahətnamələrdə, salnamələrdə, fərman və sair yazılı sənədlərdə təsadüf olunurdu. O, ilk dəfə bu pərakəndə materialları toplayıb və onlara əsasən "Gülüstani-İrəm" adlı əsərini yazıb. Bu əsərlə Azərbaycan tarixşünaslıq elminin əsasını qoyduğu üçün Azərbaycanın ilk peşəkar tarixçi alimi hesab edilir.

A.Bakıxanovun "Qanuni-Qüdsi", "Əsrarül-mələküt", "Təhzibül-əxlaq", "Eynül-mizan", "Gülüstani-İrəm", "Kəşfül-qəraib", "Ümumi coğrafiya" kimi əsərləri ilə böyük ehtiram qazanıb.

Abbasqulu ağa Bakıxanov "Tülkü və qoyun", "Qurd və ilbiz", "Yersiz iftixar" kimi təmsillərin müəllifidir. A. Krılovun "Eşşək və bülbül" təmsilini tərcümə etmişdir.

Onun dil, coğrafiya, tarix, arxelogiya, astronomiya, məntiq, psixologiya və sair elmlərə aid əsərləri ensiklopedik biliyə malik bir alim olduğunu göstərməkdədir.

Milli Kitabxanada XIX yüzilliyin birinci yarısında Azərbaycanda elmin, maarifin və mədəniyyətin inkişafında özünəməxsus şərəfli yer tutan Abbasqulu Ağa Bakıxanovun irsinin təbliği məqsədilə Abbasqulu ağa Bakıxanov – 230” başlıqlı geniş kitab sərgisi açılıb.

Sərgidə Abbasqulu ağa Bakıxanovun əsərləri, həyatı, çoxcəhətli bədii və elmi yaradıcılığı haqqında Azərbaycan və müxtəlif dillərdə kitablar,  sözlərinə bəstələnmiş musiqi notları nümayiş olunur.

Sərgi 1 həftə davam edəcək.

Faktinfo.az

 



Birinci məlumatlanmaq üçün facebook səhifəmizi