Milli Kitabxanada “Akademik Mikayıl Hüseynov – 120” adlı geniş kitab sərgisi açılıb

Milli Kitabxanada “Akademik Mikayıl Hüseynov – 120” adlı geniş kitab sərgisi açılıb 

Milli Kitabxanada dünya şöhrətli Azərbaycan memarı, akademik Mikayıl Hüseynovun 120 illik yubileyinə həsr olunmuş “Akademik Mikayıl Hüseynov – 120” adlı geniş kitab sərgisi açılıb.

Faktinfo.az xəbər verir ki,sərgidə akademik Mikayıl Hüseynovun əsərləri, redaktor olduğu kitablar, Azərbaycan milli memarlığının zənginləşməsi və inkişafında böyük rolu olan alimin həyat və yaradıcılığı haqqında Azərbaycan və xarici dillərdə ədəbiyyatlar, XX əsr Azərbaycan memarlığının şah əsərləri sayılan müxtəlif tipli memarlıq abidələrinin fotoları, dövri mətbuat materialları nümayiş olunur.

Sərgi bir həftə davam edəcək.

Qeyd edək ki, Azərbaycan memarlıq məktəbinin qüdrətli nümayəndəsi, memarlıq tarixçisi, Xalq memarı, ictimai xadim,  akademik Mikayıl Ələsgər oğlu Hüseynov 19 aprel 1905-ci ildə Bakıda dünyaya göz açıb. 1911-ci ildə Mikayıl yüksək səviyyəli ümumtədris hazırlığı ilə fərqlənən Bakı realnı məktəbinə daxil olub, 1921-ci ildə II dərəcəli 5-ci məktəbdə təhsilini bitirib və 1922-ci ildə Azərbaycan Politexnik İnstitutunun mühəndis-inşaat fakultəsinin memarlıq şöbəsinə daxil olub. 1929-cu ilin dekabrında “Bakı şəhərində mədəniyyət sarayı və kitabxana” mövzusunda diplom layihəsi müdafiə edən M.Useynov mühəndis-memar diplomu alıb.

Görkəmli sənətkarın Azərbaycanda aparılan geniş inşaat işlərinə qoşulması isə 1930-cu illərə təsadüf edir.

Azərbaycan Milli Kitabxanası, AMEA-nın Nizami adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi, Nizami Kino Mərkəzi, Elmlər Akademiyasının kompleks şəhərciyi, Bakı Metropoliteninin “Nərimanov” və “Nizami” stansiyalarının memarlıq işləri və s. müxtəlif tipli memarlıq abidələri  Mikayıl Hüseynovun adı ilə bağlıdır.

Akademik Mikayıl Hüseynov ölkəmizin yeganə alimidir ki, İngiltərənin kraliçası II Yelizavetanın himayəsində olan İngiltərə və İrlandiyanın Kral Asiya cəmiyyətinin fəxri üzvü seçilib.

Yarım əsrdən artıq bir dövrü əhatə edən zəngin fəaliyyəti ərzində Mikayıl Hüseynov Azərbaycanın milli memarlıq ənənələrini öz yeni axtarışları ilə zənginləşdirib və müasir texnologiyalardan istifadə edərək monumental tikililərin qiymətli nümunələrini yaradb. Bakı şəhərinin hazırkı memarlıq simasının müəyyənləşməsində onun layihələri əhəmiyyətli yer tutur.

Azərbaycan memarlığının elm kimi təşəkkülündə xüsusi rolu olan alimin ölkə üçün yüksək ixtisaslı kadrların hazırlanmasında mühüm xidmətləri var.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər