Milli Kitabxanada “Əməkdar elm xadimi, professor Nizaməddin Şəmsizadə” adlı kitab sərgisi açılıb
Əməkdar elm xadimi, professor Nizaməddin Şəmsizadə 1954-cü il dekabrın 30-da Quba bölgəsinin qədim türk obası - İspik kəndində anadan olub. Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsini 1977-ci ildə bitirib. 1982-ci ildə namizədlik, 1990-cı ildə doktorluq dissertasiyaları müdafiə edib.
"Ədəbi proses-78" (1980 şərikli) "Ədəbi mübahisələr" (1986), "Azərbaycan ideologiyası" (1996), "Azərbaycan ədəbiyyatşünaslığı" (1997), "Türk təfəkkürü məcrasında" (1998), "Hıçqıran gülüşlər" (2002), "Əli Nazim" (2003), "Rejissor taleyi" (2004), "Tənqidin ədəbi prosesdə rolu" (2004), "Böyük nəslin davamçısı" (2005), "Azərbaycançılıq" (2006), "Ədəbi proses və ədəbi nəsil" (2008 şərikli) "Yazıçı ömrünə uvertüra" (2010), monoqrafıyalarının, "Əgər onlar olmasaydı" (2015) ədəbi-tənqidi məqalələr kitabının, "Mən kiməm" (2015) adlı sənədli-fəlsəfi ömürnamənin, "Bürkü" (2003) hekayələr, "Tüstü" (2007) hekayələr və şeirlər, "Duman" (2010) şeirlər, "Müdriklər bunları deməyib" (2014) kəlamlar, "Səma" (2014) şeirlər, "Sonuncu daxma"(2014) hekayələr və esselər kitablarının, "Seçilmiş əsərləri" 3 cilddə, 250-dən çox ədəbi-tənqidi, elmi-nəzəri və fəlsəfi-publisistik məqalənin müəllifidir.
Professor Nizaməddin Şəmsizadə milli ideologiyamız - azərbaycançılıq nəzəriyyəsi haqqında ilk kitabın və bu gün ölkənin ali məktəblərində tədris olunan "Ədəbiyyat nəzəriyyəsi" adlı fundamental dərsliyin müəllifidir.
Alimin yaradıcılığı haqqında 8O-dən artiq elmi məqalə, professor Ş.Vəliyevin "Azərbaycanşünas alim" (2004) monoqrafıyası, "Filosof tənqidçi" (2011) və "Nizaməddin Şəmsizadə: Biblioqrafıya" (2015) kitabı çap olunub.
Elmi xidmətlərinə görə akademik Y.Məmmədəliyev mükafatının (2003) laureatıdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “2010-cu il üçün Azərbaycan Respublikasının Elm, mədəniyyət və ədəbiyyat üzrə dövlət mükafatlarının verilməsi haqqında” imzaladığı Sərəncam ilə ədəbiyyat sahəsi üzrə “Heydər Əliyev və Azərbaycan ədəbiyyatı” kitabına görə Azərbaycan Respublikası Dövlət Mükafatına layiq görülüb. 2019-cu il 25 noyabr tarixli “Bakı Dövlət Universitetinin əməkdaşlarına fəxri adların verilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən, Bakı Dövlət Universitetinin 100 illiyi münasibətilə və Azərbaycanda təhsilin və elmin inkişafındakı xidmətlərinə görə “Əməkdar elm xadimi” fəxri adına layiq görülüb.
Milli Kitabxanada “Əməkdar elm xadimi, professor Nizaməddin Şəmsizadə” adlı kitab sərgisi istifadəçilərə təqdim olunub.
Sərgidə professor Nizaməddin Şəmsizadənin əsərləri, ön sözün müəllifi, rəyçi, elmi məsləhətçi, layihə rəhbəri və redaktor olduğu, həyat yolu, fəaliyyəti və yaradıcılığı haqqında Azərbaycan və xarici dillərdə ədəbiyyatlar, dövri mətbuatda çap olunan məqalələr nümayiş olunur.
Faktinfo.az
Bu xəbər üçün şərh yazın