Milli Kitabxanada “Əməkdar incəsənət xadimi Məmməd Aslan – 85” adlı kitab sərgisi istifadəçilərə təqdim olunub
Azərbaycan ədəbiyyatı tarixinə 60-cılar adı ilə daxil olan ədəbi nəslin ən istedadlı nümayəndələrindən sayılan şair Məmməd Muxtar oğlu Aslanov (Məmməd Aslan) 1939-cu il dekabrın 24-də Kəlbəcər rayonunun Laçın kəndində anadan olub. 1962-ci ildə Azərbaycan Pedaqoji İnstitutunun Filologiya fakültəsini bitirdikdən sonra Kəlbəcər rayonunn Yanşaq və İstisu kənd məktəblərində Azərbaycan dili və ədəbiyyat müəllimi kimi işləyib. Sonra rayonda nəşr olunan “Yenilik” qəzeti redaksiyasında işə başlayıb.
1970-ci ilin yanvarında Bakıya köçmüş, “Ulduz”, “Azərbaycan təbiəti”, “Pioner” jurnallarında, “Azərbaycan gəncləri”, “Ədəbiyyat və incəsənət” qəzetləri redaksiyalarında, “Yazıçı” nəşriyyatında müxtəlif vəzifələrdə çalışib. 1992-ci ildən 2010-cu ilədək Azərbaycan Dövlət Televiziyasının “Ekran efir” qəzetinin baş redaktoru işləyib. Eyni zamanda, Azərbaycan televiziyasında uşaq folklorundan qidalanan “Əkil, Bəkil quş idi”, “Dərədən, təpədən”, “Xəzər” televiziyasında “Sözün özü” verilişlərinin aparıcısı olub.
Məmməd Aslan bədii yaradıcılığa 1960-cı ildə “Azərbaycan müəllimi” qəzetində dərc olunmuş lirik bir şeirlə başlayıb. “Dağ ürəyi”, “Bizdən sonra nə qalır?”, “Ömrün yarı yaşında”, “Bilməcədi bildiyimiz bu dünya”, “Saxla izimi, dünya..”, “Ürək möhlət verəydi”, “Varlıqla yoxluq arasında”, “Sözün özü” və s. kitabların müəllifidir. Bir neçə tərcümə kitabının da müəllifi olan şairin türk xalqlarının tarixi və ədəbiyyatı ilə bağlı kitabları da işıq üzü görüb.
Keçmiş SSRİ xalqları ədəbiyyatından tərcümələrə xüsusi qayğı ilə yanaşır. Zülfiyyənin "Torpağa səcdə", qazax şairi Qədir Murzalıyevin "Bu bağda bülbüllər ötər" (1980) şeirlər məcmuələrini şərikli tərcümə etmişdir.
O, çoxşaxəli ədəbi-bədii yaradıcılığı ilə ədəbi dilimizin və poeziyamızın zənginləşməsində böyük xidmətlər göstərib.
Məmməd Aslan Azərbaycan mədəniyyəti və incəsənətinin inkişafındakı xidmətləri qiymətləndirilib. O, bir sıra beynəlxalq və respublika mükafatları laureatı, o cümlədən Azərbaycan Respublikasının “Əməkdar incəsənət xadimi” (1998) fəxri adına və Azərbaycan Respublikasının ali mükafatı - “Şöhrət” (2000) ordeni ilə təltif edilib.
Milli Kitabxanada istedadlı söz adamı Məmməd Aslanın anadan olmasının 85 illiyi münasibətilə “Əməkdar incəsənət xadimi Məmməd Aslan – 85” adlı kitab sərgisi istifadəçilərə təqdim olunub.
Sərgidə şairin əsərləri, tərcümələri, ön sözün müəllifi, tərtibçi və redaktor olduğu, həyat yolu, fəaliyyəti və yaradıcılığı haqqında Azərbaycan və xarici dillərdə ədəbiyyatlar dövri mətbuatda çap olunan məqalələr, sözlərinə bəstələnmiş musiqi notları nümayiş olunur.
Faktinfo.az
Bu xəbər üçün şərh yazın