Milli Kitabxanada “Əməkdar incəsənət xadimi Məryəm Əlizadə” adlı kitab sərgisi açılıb

Milli Kitabxanada “Əməkdar incəsənət xadimi Məryəm Əlizadə” adlı kitab sərgisi açılıb 

Əməkdar incəsənət xadimi, pedaqoq, sənətşünaslıq doktoru, teatrşünas, professor Məryəm Əlizadə 1950-ci il aprelin 14-də Bakı şəhərində anadan olub.

31 saylı orta məktəbi bitirdikdən sonra Mirzağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun Teatrşünaslıq fakültəsində təhsil alıb (1967-1972).

Əmək fəaliyyətinə AMEA Memarlıq və İncəsənət İnstitutunun Teatr və kino şöbəsində baş laborant kimi başlayıb (1972-1975). Bakı Kitabxanaçılıq Texnikumunda müəllim (1976-1978), Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti Teatr tarixi kafedrasında müəllim, baş müəllim (1978-1985), sonra isə dosent və professor kimi fəaliyyət göstərib.

Ədəbi fəaliyyətə 1972-ci ildən “Qobustan” toplusunda teatr tənqidi barədə dərc olunan məqalələrlə başlayıb.  Artıq uzun illərdir milli teatr prosesini araşdıran, istedadlı yetirmələri ilə fəxr edən Məryəm Əlizadə “Teatr: seyr və sehr”, “Unudulmaz səhnə ustaları”, “Sevincin sinonimi”, “Dördüncü ölçünün rəngləri” kimi dəyərli kitabların, “XXI əsr dünya teatr prosesi və Azərbaycan milli teatr sənətinin çağdaş məqsəd və vəzifələri (Müasir teatrda ənənə və novatorluq məsələləri)”, “Müasir teatr sorağında”, “Ondan içəri...” və digər bu kimi qiymətli yazıların müəllifidir.

1998-ci ildə “Qızıl Dərviş” mükafatı laureatı, 2007-ci ildə “Əməkdar incəsənət xadimi” fəxri adına, 2008-ci ildə “Humay”,  2015-ci ildə isə “Cəfər Cabbarlı” və “TÜRKSOY” mükafatlarına layiq görülüb, Azərbaycan Teatr Xadimləri İttifaqının “Sənətkar” medalı ilə təltif olunub.

13 dekabr 2023-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin 100 illiyi münasibətilə Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu ilə təltif edilib.

Milli Kitabxanada professor Məryəm Əlizadənin anadan olmasının 75 illik yubileyi münasibətilə “Əməkdar incəsənət xadimi Məryəm Əlizadə” adlı kitab sərgisi açılıb.

Sərgidə Əməkdar incəsənət xadimi, professor Məryəm Əlizadənin müəllifi olduğu əsərlər, rəy verdiyi, redaktoru olduğu və ön söz yazdığı əsərlər, həyat və yaradıcılığı haqqında ədəbiyyatlar, dövri mətbuatda nəşr olunan məqalələr nümayiş olunur.

Sərgi bir həftə davam edəcək.

Faktinfo.az

 


Birinci məlumatlanmaq üçün facebook səhifəmizi