
Milli Kitabxanada əməkdaşlığa dair Memorandumun imzalanması mərasimi keçirilib -FOTOLAR
21 oktyabr 2026-cı il tarixində XII Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində Azərbaycan Milli Kitabxanasında Türkiyə, Estoniya və İordaniya milli kitabxanalarının ədəbiyyat bölmələrinin açılışı, həmçinin Azərbaycan Milli Kitabxanası ilə Serbiya Milli Kitabxanası arasında qarşılıqlı əməkdaşlığa dair Memorandumun imzalanması mərasimi keçirilib.
Tədbirdə Serbiya Milli Kitabxanasının direktoru Jasmina Ninkov, Estoniya Milli Kitabxanasının baş direktoru Martin Öövel, İordaniya Milli Kitabxanasının baş direktoru Firass Atallah Mohammad Darabah, Türkiyə Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Kitabxanalar və Nəşrlər üzrə Baş direktoru Taner Beyoğlu, Estoniya Respublikasının Azərbaycan Respublikasındakı səfiri Tiina Nirki, İordaniya Haşimilər Krallığının ölkəmizdəki səfiri Ömər Bərəkət Əl-Nahar, Serbiya Respublikasının ölkəmizdəki səfirliyinin müşaviri Jasmina Jazic, Türkiyə Respublikasının ölkəmizdəki səfirliyinin mətbuat müşaviri Cihangir İşbilir və digər qonaqlar iştirak ediblər.Tədbiri giriş sözü ilə açan Azərbaycan Milli Kitabxanasının direktoru, professor Kərim Tahirov iştirakçıları salamlayaraq tədbirin Azərbaycan ilə xarici ölkələr arasında ədəbi-mədəni əlaqələrin inkişafı, milli kitabxanalar arasında əməkdaşlığın möhkəmləndirilməsi və beynəlxalq kitabxana mübadiləsinin genişləndirilməsi baxımından əhəmiyyətini qeyd edib.
Professor Kərim Tahirov Türkiyə, Estoniya və İordaniya milli kitabxanalarının ədəbiyyat bölmələrinin açılmasının həmin ölkələrin milli ədəbiyyatının, tarixi-mədəni irsinin və mənəvi dəyərlərinin Azərbaycan oxucularına daha geniş şəkildə təqdim olunmasına imkan yaradacağını bildirib. O, Türkiyə ədəbiyyatı guşəsinin on il əvvəl yaradıldığını xatırladaraq, yenilənmiş guşənin daha geniş və müasir məkanda fəaliyyət göstərəcəyini diqqətə çatdırıb.
Çıxışında yeni ədəbiyyat bölmələrinin əhəmiyyətinə toxunan direktor bu məkanların yalnız kitab fondlarının nümayişi və istifadəsi üçün nəzərdə tutulmadığını, eyni zamanda, mədəni dialoqun, elmi-informasiya mübadiləsinin və beynəlxalq kitabxana əməkdaşlığının inkişafına xidmət etdiyini vurğulayıb. O, gələn il Serbiya ədəbiyyatı guşəsinin açılışının planlaşdırıldığını bildirərək bu cür təşəbbüslərin səfirliklər tərəfindən mədəni tədbirlərin keçirilməsi üçün də əlverişli şərait yaradacağını qeyd edib. Professor, həmçinin Azərbaycan ədəbiyyatının xarici ölkələrdə tanıdılması məqsədilə tərəfdaş dövlətlərin milli kitabxanalarında Azərbaycan ədəbiyyatı guşələrinin yaradılmasının perspektiv əhəmiyyətini vurğulayıb.Daha sonra Türkiyə Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Kitabxanalar və Nəşrlər üzrə Baş direktoru Taner Beyoğlu çıxış edərək dəvətə görə Azərbaycan Milli Kitabxanasının rəhbərliyinə təşəkkürünü bildirib. O, Azərbaycan və Türkiyə arasında tarixi köklərə əsaslanan mədəni əlaqələrin əhəmiyyətini qeyd edərək kitabxanalararası əməkdaşlığın bu əlaqələrin daha da inkişafına töhfə verdiyini diqqətə çatdırıb.İordaniya Milli Kitabxanasının baş direktoru Firass Atallah Mohammad Darabah çıxışında qarşılıqlı ədəbiyyat guşələrinin yaradılmasının ölkələr və xalqlar arasında mədəni-intellektual əlaqələrin inkişafına, milli ədəbi irsin tanıdılmasına və dostluq münasibətlərinin möhkəmləndirilməsinə xidmət etdiyini bildirib. O, bu təşəbbüslərin mədəni əməkdaşlığın davamlılığının təmin olunmasında mühüm rol oynadığını vurğulayıb.
Estoniya Milli Kitabxanasının baş direktoru Martin Öövel Estoniya ədəbiyyatı bölməsinin açılışında iştirakından məmnunluğunu ifadə edib. O, yeni bölmənin Estoniya ilə Azərbaycan arasında mədəni əlaqələrin genişləndirilməsi, ədəbiyyat və informasiya mübadiləsinin inkişafı, eləcə də xalqlar arasında qarşılıqlı anlaşmanın möhkəmləndirilməsi baxımından əhəmiyyətini qeyd edib.Tədbirin davamında Azərbaycan Milli Kitabxanası ilə Serbiya Milli Kitabxanası arasında qarşılıqlı əməkdaşlığa dair Memorandum imzalanıb. Memorandum milli kitabxanalar arasında institusional əlaqələrin inkişaf etdirilməsi, peşəkar təcrübə mübadiləsinin genişləndirilməsi və birgə layihələrin həyata keçirilməsi üçün əməkdaşlıq imkanlarının artırılması baxımından mühüm əhəmiyyət daşıyır.Tədbir çərçivəsində iştirakçılar Azərbaycan Milli Kitabxanasında yaradılmış yeni ədəbiyyat bölmələri ilə tanış olub, onların fəaliyyəti və təqdim olunan ədəbiyyat nümunələri ilə maraqlanıblar.
Sonda qonaqlarla xatirə şəkli çəkdirilib, onlara Azərbaycan Milli Kitabxanasının fotoalbomu hədiyyə olunub.
Faktinfo.az


















Bu xəbər üçün şərh yazın